“Azərbaycanla İtaliya arasında iqtisadi-siyasi dialoq olduqca fəaldır” -Kamaləddin Qafarov
“Azərbaycan və İtaliya arasında iqtisadi-siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyə daim yeni, vacib mövzular daxil edilir.
2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır”.
Bu sözləri Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyada keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışına münasibət bildirən Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Azərbaycanın İtaliyanı neft və qazla təchiz edən əsas ölkə olduğunu xatırladan K.Qafarov bildirib: “1994-cü ildə müstəqilliyimizin bərpasından üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu”.
Millət vəkili Azərbaycanın enerji strategiyasının önəmli mərhələsinin nəhəng qaz yataqlarının istismarı ilə bağlı olduğunu xüsusi olaraq qeyd edib: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Möhtərəm Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızdan gələcəkdə daha da səmərəli istifadə etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir”.
K.Qafarov vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən birinə çevrilib: “İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır”.
Bu xəbər üçün şərh yazın