Bakıya kimlər qayıda bilər? - Rəsmi cavab
Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırılır.
Həmçinin, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.
Faktinfo.az xəbər verir ki, bu fikirləri xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə KİV və ictimaiyyət nümayəndələrindən verilən suallara cavabında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Bugünə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəyi barədə suala cavabında DİN rəsmisi deyib: “Bəli, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.
Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinin necə olacağına gəlincə, onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir:
“Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər”.
“Sonda onu da qeyd edim ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar”, - deyə DİN rəsmisi bildirib.
Bu xəbər üçün şərh yazın