“Banka borcum olduğu üçün böyrəyimi satmağa razılaşdım” – Zərərçəkmiş

“Banka borcum olduğu üçün böyrəyimi satmağa razılaşdım” – Zərərçəkmiş 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report.az-ın  xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səid Ağayev ifadə verib.

O qeyd edib ki, banka 3 min manat borcu olduğu üçün böyrəyini 12 min manata satmağa razılaşıb: “2015-ci ildə Sahib və Pirəli ilə Tehrana gedib, analiz verdik. Daha sonra Bakıya qayıtdıq, əməliyyat üçün Gürcüstana getdik. Hava limanınında görüşdük, lakin qorxdum, fikrimdən daşındım və Bakıya geri qayıtdım”.

Digər zərərçəkən Şakir Nağıyev də dindirilən zaman söyləyib ki, Sahib adlı şəxsin əmisi nəvəsi Pirəliyə böyrək lazım olub, ehtiyac üzündən ona böyrəyini 17 min dollara satıb. O bildirib ki, Gürcüstanda əməliyyat olunub, pulunu da alıb: “Heç bir şikayət və tələbim yoxdur”.

Daha sonra zərərçəkmiş qismində Rüstəm Ramazanov da ifadə verib. O deyib ki, daha əvvəl Salyanda internatda qalıb, direktorun qorxunc əməllərinə görə, oradan çıxıb və maddi vəziyyətimiz çox pis olub: “Mən də böyrəyimi satışa çıxartdım. Bir müddət sonra Sahib müəllim zəng eləyib, onunla Bakıda görüşdüm. Ona böyrəyimi 40 min manata satdığımı bildirsəm də, 12 min manata razılaşdıq. Daha sonra İranda müayinədən keçdim və Tacikistanda əməliyyat olundum. Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur”.

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

Xatırladaq ki, V.Xudadatov “Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər