BENZİNİN BAHALAŞMASI AZƏRBAYCANA DA SIÇRAYACAQMI? – Hətta nefti olmayan Qırğızıstan və Belarusda belə, benzin bizdəkindən ucuzdur
Son zamanlar sosial şəbəkələrdə ölkəmizdə benzinin bahalaşacağı barədə məlumatlar çoxalmağa başlayıb. Söhbət əsasən Aİ-92 markalı benzindən gedir. Bu barədə yayılan şayiələri SOCAR təmsilçisi təkzib edib, amma…
Azərbaycandakı minik avtomobillərinin əksəriyyətinin Rusiya deyil, digər xarici ölkələrin istehsalı olduqlarını nəzərə alsaq, onlarda Aİ-92 markalı benzinin istifadəsinin, ümumiyyətlə, düzgün olmadığını qeyd etməliyik. Ölkəmizdə Aİ-92 markasının standartlara nə dərəcədə uyğun gəldiyi məlum məsələdir və mütəxəssislərin də dediyi kimi, bu yanacağın müasir xarici avtomobildə istifadəsi həm onun mühərrikinə, həm də ekologiyaya qarşı qəsddir.
Əslində, bizdəki Aİ-95-ə də sürücülərin güvəninin tam olduğunu demək çətindir. Ancaq hər halda, onun kefiyyəti və yararlılığı daha yüksək sayılır ki, bu da Aİ-95-in qiymətində özünü artıqlaması ilə göstərir.
Türkmənistan, Qazaxıstan və hətta Belarus…
Artıq bir neçə həftədir ki, bizim üçün əsas müqayisə obyekti olan qonşu Rusiyada benzinin qiyməti yüksəlməkdədir. Qiymət artımı mərkəzi hökumətin əməlli-başlı narahatçılığına səbəb olub və müvafiq orqanlar tərəfindən situasiyanın tənzimlənməsi istiqamətində addımlar müzakirə edilir. Belə ki, benzinin bahalaşması artıq ciddi sosial etirazlara yol açmaqdadır. Ancaq məsələnin bizim üçün maraqlı tərəfi ondadır ki, qonşu ölkədə hətta ajiotaja və kütləvi narazılığa səbəb olan bahalaşmadan sonra belə, Aİ-95 markalı benzinin qiyməti Azərbaycandakı qiymətdən 1 sent ucuzdur – Rusiyada 0.73, Azərbaycanda isə 0.74 ABŞ dolları. Yəni son qiymət sıçrayışlarına baxmayaraq, yenə də bizə çata bilməyiblər.
Onu da deyək ki, Rusiyada minimum əmək haqqı Azərbaycanla müqayisədə iki dəfə yüksəkdir!
Ümumiyyətlə, qiymətlər və əhalinin minimum əmək haqqı, yaşayış səviyyəsi nisbətinə gəldikdə, Avropa ölkələri bir yana, hətta əksər MDB ölkələrilə müqayisə Azərbaycanın xeyrinə deyil. Doğrudur, Azərbaycan kimi “kölgə iqtisadiyyatı” hələ də güclü olan ölkələrdə minimum əmək haqqı göstəricisi əhalinin həyat səviyyəsini tam obyektiv əks etdirə bilmir. Ancaq hər halda, bu göstəricinin də kifayət qədər ciddi rolu var. Məsələn, Azərbaycanda minimum əmək haqqı 64 avro olduğu halda, Qazaxıstanda 72 avrodur. Aİ-95 isə bu ölkədə bizdən 20 sent ucuz – 0.54 dollardır, yəni təxminən bizim Aİ-92 qiymətinədir.Təsəvvür edin ki, bu benzin növü hətta neft ölkəsi sayılmayan Qırğızıstanda (0.64 dollar) və Belarusda da (0.69 dollar) bizdən ucuzdur. Minimum əmək haqqı bizdəki analoji göstəricidən təqribən 2.5 dəfə çox -156 avro olan Türkmənistanda isə Aİ-95-in qiyməti bizim pulla 72 qəpik, yəni bizdəki qiymətdən az qala iki dəfə ucuzdur!
Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır. MDB ölkələri sırasında bu kriteriyaların müqayisəsində bizdən də acınacaqlı durumda olan isə Ermənistandır. Bu ölkədə minimum əmək haqqı bizdən yüksək – 96 avro olsa da, Aİ-95-in litri 1 dollardır.
Bahalaşmanın fərqli və oxşar səbəbləri…
Hazırda Rusiyada istər mediada, istərsə də hökumətdə benzinin bahalaşması səbəbləri və çıxış yollarının müzakirəsi aparılır. Mütəxəssislər və hökumət təmsilçiləri bizim ekspertlərdən fərqli olaraq, bahalaşmanı dünya bazarında neftin qiymətinin artması ilə əlaqələndirməkdən uzaq durmağa çalışırlar. Çünki vətəndaş belə izahları qəbul etmir. O deyir ki, neft dünya bazarında kəskin şəkildə ucuzlaşanda qiyməti 1 qəpik də olsa düşməyən benzin, neft bahalaşanda niyə “at belinə çıxmalıdır”?
Rusiyalı təhlilçilər bahalaşmanı ölkədəki adi tələb-təklif nisbətilə izah edirlər. Belə ki, son dövrdə bu ölkədə benzinə tələbat 3.2 faiz artdığı halda, onun istehsalı 2 faizədək azalıb. Bu isə az qala yanacaq defisitinə səbəb olmaqdadır. Hətta o da qeyd olunur ki, benzinin bahalaşma tempi ölkənin ümumi inflyasiya göstəricisini 10 dəfəyədək üstələyir. Xüsusilə indiki mövsümdə Rusiya vətəndaşlarının ölkə daxilində dincəlmək üçün uzun məsafəli səfərlərə çıxması, həmçinin kənd təsərrüfatı sahəsində aktivliyin artması benzinə olan tələbatı çoxaldıb.
Ölkədəki neft şirkətləri isə daha çox valyuta gətirən xarici bazarlara benzin deyil, digər neft məhsulları satmaqda maraqlı olduqları üçün benzin istehsalını azaldıblar. Nəticədə tələb-təklif nisbəti birincinin xeyrinə dəyişərək, qiymətləri yüksəldib.
Digər səbəb kimi isə ölkədə lazımi rəqabət mühitinin olmaması göstərilir. Göründüyü kimi, qonşu olmağımızla yanaşı, dərdlərimiz də oxşardır…
Çıxış yoluna gəldikdə isə, hökumət aksiz vergisinin azaldılması variantının üzərində dayanıb. Yalnız bununla qiymətlərin sabitləşəcəyinin mümkün olduğu bildirilir. Baxmayaraq ki, bu qərar Rusiyaya 140 milyard rubla başa gələcək, hökumət əhalinin narazılığından ehtiyatlanaraq, həmin addımı atmağa məcburdur.
Azərbaycana gəldikdə isə, ümid edək ki, bir çox məsələlərdə Rusiyadan nümunə götürən hökumətimiz, doğrudan da, benzinin bahalaşmasına yol verməyəcək. Bu məsələdə SOCAR təmsilçilərinin verdikləri açıqlamalara inanmaqdan başqa yolumuz yoxdur. Onsuz da litri 1 manat 25 qəpiyə benzin almaq orta statistik Azərbaycan sürücüsü üçün, demək olar ki, əlçatmazdır. Məhz buna görə də çıxış yolunu olduqca keyfiyyətsiz və ziyanlı Aİ-92-dən istifadə etməkdə tapan vətəndaşlarımızın çoxu “premium” adlandırılan Aİ-95-ə heç yaxın da getmirlər, bəziləri heç onun qiymətini bilmir və maraqlanmırlar da. Bundan sonra Aİ-95-in ucuzlaşdırılaraq, məntiqli və real alıcılıq səviyyəsinə endiriləcəyinə isə onsuz da heç kim inanmır – yetər ki, heç olmasa avtomobil sahiblərinin böyük əksəriyyəti üçün əlacsızlıqdan doğmalaşan Aİ-92-yə dəyməsinlər…
E.QÜDRƏTOĞLU
AzPolitika.info
Bu xəbər üçün şərh yazın