"Bəs dişlərlə sümük hanı?..” - İlkin məhkəmədə etiraz etdi, ilginc detallar AÇIQLADI
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı öldürərək meyitini yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.
Sentyabrın 28-də keçirilən prosesdə sənədlər tədqiq olunub. Cinayət işindəki 11-ci cild tədqiq edilib. İlkin Süleymanov və vəkilləri bildiriblər ki, tibbi rəylərdə ciddi ziddiyyətlər var.
İlkin Süleymanov məhkəmənin nəzərinə çatdırıb ki, yandırılmış meyitin başındakı zərbəylə bağlı tibbi rəydə 5 zərbədən söhbət gedir. Həmin zərbələrdən ikisi dəlib keçmiş və kəllə sümüyünü sındırmış zərbələrdir.
“Müstəntiq mənə bir zərbə yazdırıb axı. Bəs qalan zərbələr necə əmələ gəlib”, - deyə İlkin Süleymanov hakimə sual verib.
Vəkillər bildirdilər ki, praktik və məntiqi olaraq yastı daşla həmin xəsrətlərin yetyirilməsi mümkün deyil, həmin xəsrətlərə adekvat deyil. İstintaq deyir, bir zərbə vurulub, tibbi rəydə ən azı beş zərbədən söhbət gedir.
İlkin Süleymanovun meyitin üzərindən nümunə üçün götürülmüş saç tüklərindən də danışıb: “Gələk meyitin üzərindəki saç tüklərinə... Meyitin xarici müayinəsində göstərilib ki, saç tükləri şabalıdı rəngdə, uzunluqları 40 santimetrə qədərdir. Ancaq tibbi rəydə göstərilib ki, meyitdən götürülmüş saç tüklərinin ən uzunu 8 santimetrdir”.
İstintaqın verdiyi qərarla meyitin Nərmin Quliyevaya aid olub-olmadığını müəyyən etmək üçün genetik ekspertiza təyin olunub. Qərarda qan nümunəsi, iki ədəd diş nümunəsi və bazu sümüyünün 10 sm-lik hissəsi təqdim olunub. Ancaq ekspert rəyində tədqiqat obyekti olaraq yalnız qan nümunəsi qeyd edilib. İlkin Süleymanov yenə məhkəmədə sual verib – bəs dişlərlə sümük hanı?..”
İlkin Süleymanov bir sıra sənədlərin və ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib. Sonra məhkəmə İlkin Süleymanovun telefonunun yaddaşından aşkar edildiyi iddia olunan şəkilləri tədqiq edib. İlkin Süleynamov deyib ki, onu 6 yanvar 2021-ci il tarixdə saat 21 radələrindən Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında gətirərək orada saxlayıblar. Sənədlərdə saxlanılması 10 yanvar tarixinə qeydiyyata alınıb.
Vəkillər bildirib ki, məhkəmə kompüter texniki ekspertizasının rəyindən İlkin Süleymanovun telefonuna müdaxilə olunması aşkar şəkildə görünür: “Həmin vaxt telefon artıq məndə deyildi. Telefonuma qadın və pornoqrafik məzmunlu şəkillər yüklənən vaxt mən artıq polis idarəsində saxlanılırdım, telefonum polislərdə idi. Məndən telefonumdakı hesablara aid kod və parolları istəmişdilər, mən də vermişdim, bildirmişdim ki, bu ölüm işinin mənə aidiyyəti olmadığına görə gizlədəsi heç nəyim yoxdur. Onlar da sağ olsunlar, google hesabıma girişi əngəlləmək üçün kodu dəyişiblər, nəticədə vəkillərim hələ də həmin hesaba daxil ola bilmirlər ki, bir mütəxəssisə tədqiq etdirsinlər”. Hakim tərəflərin nəzərinə çatdırıb ki, məhkəmə istintaqı 1 il 6 aydır davam edir və istintaqı başa çatdırmaq üçün məhkəmə iclaslarını davamlı keçirmək lazımdır. Növbəti həftədən etibarən məhkəmə iclasları gündəlik keçiriləcək.
Vəkil Zabil Qəhrəmanov deyir, ilyarımdır davam edən məhkəmə prosesi ibtidai istintaqın və ekspertizanın hansı səviyyədə aparıldığını üzə çıxarıb: “İstintaq elə aparılıb ki, məhkəmə başdan ayağa ziddiyyətli, təzadlı ifadələr, ekspertiza rəylərinin mərkəzində qalıb. İstintaqların heç birində İlkin Süleymanovun təqsirini sübut edəcək mötəbər sübut ortaya qoyulmayıb”. İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 il 6 aydır davam edir. 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi başlanıb. İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.
Yeni Müsavat
Bu xəbər üçün şərh yazın