Bir zamanlar məşhur olan “Bakı”, “Təbriz”, “N.Nərimanov” kinoteatrları bu günün "ticarət mərkəzləridir"
Paytaxt Bakıda yerləşən kinoteatrların vaxtilə necə fəaliyyət göstərməsi yaşlı və orta nəslin yaxşı yadındadır.
Bu mədəniyyət ocaqlarında hər gün 3-4 seansdan ibarət maraqlı filmlər göstərilərdi ki, hər dəfə də əməlli-başlı anşlaq müşahidə olunardı. Uzun-uzadı növbəyə dayanan tamaşaçılar, hətta bəzən bilet tapmağa çətinlik çəkər, ertəsi gün oraya yenidən təşrif buyurardılar. Eyni zamanda, kinoteatrlarda ədəbi-bədii yığıncaqlar, yaradıcılıq gecələri keçirilərdi.
Təəssüf ki, bütün bunlar artıq keçmişdə qalıb. İndi əksər kinoteatrlar öz təmayülünü dəyişib, təyinatdan kənar tamam başqa məqsədlərə,şəxsi maraqlara xidmət edir. Bəzi işbazlar müxtəlif vasitələrlə paytaxt sakinlərinin sevimli məkanı olan kinoteatrlara sahiblənib və özləri üçün gəlir yerlərinə çeviriblər. Bir zamanlar sakinlərin sevə-sevə üz tutduqları “Bakı”, “Təbriz”, “N.Nərimanov” kinoteatrlarında indi tamam başqa mənzərə hökm sürür.
Götürək elə bir zamanlar məşur olan “Bakı” kinoteatrını. Bura indi əməlli-başlı ticarət obyektinə çevrilib. Bütün otaqlar, zallar ticarətçilərə arendaya verilib.Burada çayxana,dönərxana,market,bərbərxana və onlarla qeyri "obyekt"lər fəaliyyət göstərir.
Eləcə də “Təbriz” kinoteatrında da oxşar vəziyyətlə qarşılaşmaq olar . Buradakı ticarət obyektləri, ictimai tualet, bilyard oyunundan əldə olunan vəsait,uşaqların istifadə etdiyi oyun maşınları kimlərinsə cibinə xidmət edir.
“N.Nərimanov” kinoteatrının aqibəti isə daha acınacaqlı olub. Şəkildən göründüyü kimi, bina tamamilə uçurulub. İlk vaxtlar yaxınlıqdakı sakinlər elə düşünürdülər ki, onun yerində daha müasir, daha gözəl kinoteatr binası tikiləcək. Ancaq sonradan məlum olub ki, həmin ərazi kiməsə satılıb və orada hündür şüşşəli müasir ticarət obyekti ucaldılır.
Adam daha deməyə söz də tapmır. Görünür, aidiyyati qurumları pul-para, kimlərinsə cibini doldurub harınlaması daha çox maraqlandırır.
Müəllif: Lətafət Orucqızı
Faktinfo.az
Bu xəbər üçün şərh yazın