“BUNDAN SONRA YA UKRAYNA QALACAQ, YA RUSİYA...” – “Səfərbərlik işə yaramasa, Rusiya parçalanacaq”

“BUNDAN SONRA YA UKRAYNA QALACAQ, YA RUSİYA...” – “Səfərbərlik işə yaramasa, Rusiya parçalanacaq” 

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi həm öz ölkəsində, həm də dünyada rezonans doğurub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əhalinin böyük bir hissəsi siyasi elitanın bu qərarı ilə razı deyil. Bəzi mənbələr bu günlərdə ölkədən çıxmağa çalışanlarının sayının yüz minlərlə olduğunu bildirirlər. Dünən isə Çeçenistanda səfərbərlik qərarının əleyhinə vətəndaşların kütləvi aksiya keçirməsinin görünüləri yayılmışdı.

Putin bu gün xalqa müraciətində səfərbərlik qərarını vətənin müdafiəsi və bütövlüyü naminə atılmış addım adlandırıb. O, qeyd edib ki, yalnız ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlar səfərbərliyə cəlb olunacaq. Onlar xidmətə göndərilməzdən öncə əlavə hazırlıq keçəcəklər. Putin onu da deyib ki, Qərb bütün hüdudları keçib, daimi təhdidlər eşidilir. "Kursk və Belqorod vilayətlərinin ərazilərinə terror zərbələri endirilir", – deyən Putin NATO-nun Rusiyanın cənubunda kəşfiyyat apardığını iddia edib. O, nüvə şantajının da səsləndiyini söyləyib. "Bu cür bəyanatlar dilə gətirənlərə demək istəyirəm ki, bizim ölkəmizin də belə vasitələri var. Xalqımızın müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil. Müstəqilliyimiz və azadlığımız bütün mövcud vasitələrlə təmin ediləcək. Kim Rusiyanı nüvə silahıyla şantaj etmək istəyirsə, bilsin ki, külək onlar tərəfə əsə bilər", – o vurğulayıb.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə çıxışında deyib ki, ölkənin 25 milyon nəfərə yaxın səfərbərlik resursu var. Səfərbərliyə ehtiyatda olan 300 min nəfər cəlb olunacaq.

Rusiya rəhbərliyinin bu qərarını şərh edən Siyasi Menecmentlik İnstitutunun rəhbəri Azər Qasımlı bildirib ki, dünya dəyişməkdədir, artıq hər şey əvvəl olduğu kimi olmayacaq. Putin ehtiyatda olan 300 min əsgər və zabiti Ukrayna cəbhəsinə göndərməyə hazırlaşır. Ekspert Kreml rəhbərinin bu addımla Ukraynadakı müharibəni yeni mərhələyə keçirdiyini qeyd edib: "Bundan sonra ya Ukrayna qalacaq, ya Rusiya. Əgər bu gün elan olunan səfərbərlik bir işə yaramasa, Rusiyanın indiki halında qalması, yəni mövcud siyasi sistemini və ərazi bütövlüyünü qoruması mümkün olmayacaq".

A.Qasımlı Rusiyanın qalib gəlmək şansını olduqca aşağı qiymətləndirir: "Putin və Şoyqu düz deyirlər, onlar kollektiv Qərblə üz-üzədirlər. Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi və texnoloji baxımdan Qərbdən çox geridədir. Bu gedişlə Ukraynada yeni torpaqlar əldə etmək imkanları olmayacaq. Sadəcə tutduqları əraziləri əldə saxlamağa çalışa bilərlər, lakin bunu da etmək mümkün olmayacaq. Verilən yeni silahlarla Ukrayna ordusu əks-hücumlarla bir-bir rusları torpaqlarından çıxaracaq. Artıq bunu sübut etdilər. Putinin yeganə çıxış yolu - nüvə silahının istifadəsi ola bilərdi. Lakin bu silahı atacaq yer yoxdur. Ukraynanın hər tərəfi rus əhalisinin yaşadığı bölgələrdi - Belqorod, Belarus, Dnestryanı, Krım, Xerson, Donbas. Nüvə radiasiyası hər tərəfə yayılacaq..."

Ekspert hesab edir ki, Putinin bugünkü qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdi, özünü qoruma instinktidir: "Rusiyanın parçalanma riski heç vaxt bu qədər çox olmamışdı. Hətta Putini devirsələr belə, ölkənin dağılma ehtimalı yüksəkdir".

  AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi