“CANQOYANLAR ELİTASI” – Dövlətin, iqtidarın və xalqın onlara borcu qalıbmı?…

“CANQOYANLAR ELİTASI” – Dövlətin, iqtidarın və xalqın onlara borcu qalıbmı?… 

“Mən bu dövlət və dövlətçilik üçün canımı qoymuşam!” – bunu Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə, “Lefertovo”dan keçən Xəlil Rza Ulutürk və ya bir başqası yox, bizim Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, 50 illik deputat Eldar İbrahimov deyir.

Təkcə o da demir, bu ifadələri çoxlarının ifasında eşidirik. Xüsusən köhnə YAP-çılar, ömürlük deputatlar, az qala ağlı kəsəndən yaltaqlıq və simasızlıq hesabına vəzifədə olan bəzi məmurlar buna bənzər ifadələri tez-tez dilə gətirirlər.

Ancaq deyən yoxdur ki, sizlər Vətən, Dövlət aşiqindən daha çox Azərbaycanın o başıbəlalı günlərində baş verənlərə sadəcə hakimiyyət savaşı kimi baxan, hər hansı fədakarlıq və qəhrəmanlıq göstərmədən, sadəcə “fərasətli” çıxıb o proseslərə özünə sərf edən istiqamətdən qoşulan və buna görə də pay uman, sonra o payı artıqlaması ilə alan, aldıqca yenə də istəyən və yenə də alanlarsınız. Və bunun da adını qoymusunuz “can qoymaq”. Həmin “canqoymanın” əvəzini isə bu xalqdan, dövlətdən, iqtidardan min qat artıqlamasilə almısınız, amma yenə də gözünüz doymur.

Bir vaxtlar, xalq dili ilə desək, cındırından cin hürkən bu “canqoyanların” indi hansını tərpətsən altlarından Avropadan Amerikaya qədər uzanan biznes, saysız-hesabsız obyektlər, mülklər, hətta bəzilərinin özəl bankları belə çıxır. Hamısının da övladları, yaxınları yüksək və “yağlı” vəzifələrdə. Yəni o vaxt nə təhər “can qoyublarsa” əvəzində aldıqları tək özlərinə yox, yeddi arxa dönənlərinə də bəs edir. Necə “can qoyublarsa”, indi millət bilmir bunların əlindən canını hara qoysun…

Bu dövlətdən, dövlətçilikdən dəm vuranları araşdırsan görərsən ki, əksəriyyətinin nəinki öz övladları arasında, heç yaxın qohum-əqrabasında da bircə gün səngərdə yatan, yaxud erməni tərəfə bircə güllə atan olmayıb. Elə götürək sonuncu “canqoyan” Eldar İbrahimovu. Bəlkə 50 ildir deputatdır. İstər sovet dövrü, istərsə də müstəqillik illərində olsun, bu dövlətin səfasını çəkənlərdəndir. Milyonlara pul demir. Amma eşitmisinizmi, ailəsindən, nəslindən kimsə erməniyə bircə güllə atıb? Bunlar rahat kreslolarda, yağ-bal içində dövlət yolunda “can qoyanlardır”.

Sual olunur: Əgər villalarındakı otaqların sayını, mülkiyyətinə keçirdiyi torpaqların ərazisini, pulunun, malının miqdarını bilməyənlər dövlət üçün can qoyanlardırsa, bəs illərdir öndə, səngərdə xidmət aparan, ölümlə üz-üzə qalan, ailəsinin üstünə qayıdanda isə düz-əməlli başını soxa biləcək dörd divar tapmayan, aldığı maaşla övladlarını güclə dolandıran kantuziyalı zabitlər, hərbçilər kimlərdir? Övladını, yəni canının parasını şəhid verib, əvəzində bu gün icra hakimiyyətlərinin, sosial fondların qapılarında qalan, şəhid övladının balalarını güc-bəla ilə böyüdüb başa çatdırmaq üçün gecə-gündüz çalışan valideynlər kimlərdir?

Bir də bu köhnə YAP-çıların vaxtilə qapısına yaxın düşə bilmədikləri “vurulmuş” silahdaşlarını yedikləri çörəyə hörmət etməməkdə günahlandırmaqları var ki, bu da başqa bir aləmdir. Hadı Rəcəbli deyir ki,“hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin çörəyini yeyirik…” Ancaq bu adamların nəyə “çörək” dediklərini anlamaq olmur. Birincisi, yaxşı olardı ki, kiminsə çörəyini yox, öz halal çörəklərini yeyəydilər. Bir də niyə axı bunlara kimsə çörək verməliydi, yetim, yesir, şikəst, çarəsiz idilərmi?…

İkincisi də adama deyərlər ki, ay balam, “çörək” olar bir villa, iki villa, bir maşın, iki maşın, bir obyekt, iki obyekt, bir milyon, uzağı 5 milyon… Daha bu boyda da “çörək” olmaz axı, vallah olmaz, billah olmaz! Elə sizin bu “çörəkləriniz” milləti çörəksiz qoymadımı?

Əlbəttə ki, bütün bu deyilənlərin hamısı Eldar İbrahimova aid deyil. Lakin deməmək olmur ki, elə həmin bu Eldar İbrahimov Azrbaycanın müstəqilliyinin əleyhinə səs verən deputatların siyahısında ən başda duranlardan biri olub. Sonra Mütəllibova əl çalıb, bir az sonra İsa Qəmbər parlamentin sədri seçiləndə qaçaraq onun əlini ilk sıxanlardan olub, daha sonra Əliyevçi olub…

Və indi dövlətdən, dövlətçilikdən, xidmətlərindən danışır. Müstəqilliyin əleyhinə olan adamın dövlətçilik barədə danışması nə dərəcədə səmimi qəbul oluna bilər?Normalda müstəqilliyin əleyhinə səs verən şəxslərin bu gün parlamentdə, yaxud hansısa yüksək vəzifədə təmsil olunmasının özü dövlət və dövlətçilik üçün ən böyük təhqirdir…

Və bir də öz primitiv və köhnəlmiş düşüncələrinin məhsulu olan, bu gün deyib, sabah təkzib etdikləri biabırçı açıqlamalarının təkcə hakimiyyətə deyil, ümumilikdə ölkənin imicinə zərbə vurduğunu qəbul etməyən bəzi “köhnə qvardiyaçıların” istər xalqın, istərsə də hakimiyyətin boynuna minnət qoymalarına baxmayın.

İnanın ki, onların çoxu Vəzirova yaxın düşə bilsəydilər vəzirovçu, Mütəllibova yaxın düşə bilsəydilər mütəllibovçu olacaqdılar. Təəssüf ki, onların bir çoxu hansısa maraqlar naminə kimçisə ola bilərlər, amma heç cür əsl dövlətçi, millətçi, türkçü, azərbaycançı ola bilmirlər… Əgər olsaydılar, heç olmasa indiki dövrdə “doydum” deyib kənara çəkilər, belələrinin əlindən karyera qura bilmədən qocalan gənclərin, ən azı nə danışdığını bilən insanların irəli çıxmasına yol verərdilər. Bu yaşda belə sabunlu kəndir kimi xalqın, dövlətin və elə həm də iqtidarın boynuna dolaşmazdılar.

Onların hazırda apardıqları dava isə qətiyyən dövlətçilik davası filan deyil – sadəcə, getdikcə hakimiyyətdəki mövqelərinin əldən getməsini, yenilənən və ayaqlaşa bilmədikləri qatarda özlərinə yer olmadığını anlamanın hikkəsi, qəzəbidir…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi