Cəmil Həsənli:“Heydər Əliyev həqiqətən cəsarətli addım atdı ”

Cəmil Həsənli:“Heydər Əliyev həqiqətən cəsarətli addım atdı ” 

1980-cı illərin sonları-1990-cı illərin əvvəllərində Azərbaycanda xalq etirazı hərəkatı öz miqyasına, antisovet mahiyyətinə və kütləviliyinə görə SSRİ-nin digər yerlərində baş verən hadisələrdən çox fərqlənirdi.

Bu fikri Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli Turan agentliyinə müsahibəsində 1990-cı il yanvar hadisələrinin səbəblərini şərh edərkən bildirib.

"Azərbaycanda azadlıq uğrunda hərəkat başlamışdı və respublikanın müstəqilliyinin bərpası ilə bağlı tələblər irəli sürülürdü. Digər tərəfdən, Dağlıq Qarabağda separatizmə qarşı etirazlar və regionun Azərbaycandan qorarılmasına cəhdlər artırdı. Xalqın Şimali və Cənubi Azərbaycan adı ilə bölünməsi amili də öz rolunu oynadı və məhz bu, İranla sərhəddə sərhəd infrastrukturunun dağılmasına sövq etdi. SSRİ-nin başqa bir yerində belə şey yox idi", – C.Həsənli bildirib.

O, qeyd edib ki, 1989-cu ildən başlayaraq xalq hərəkatının yeni mərhələsi başladı- sovet hakimiyyətinin dinc yolla devrilməsi prosesi, Naxçıvan, Lənkəran, Cəlilabadda sərhədlərin dağıdılması. Azərbaycanın rayonlarında sovet hakimiyyəti ya devrildi, ya da ikihakimiyyətlilik quruldu: “Azərbaycana qoşun yeridilməsində məqsəd sovet hakimiyyətini xilas etmək idi. Dinc hərəkatın qanla yatırılması sovet hakimiyyətinin mahiyyətini ortaya qoydu. Bu əməliyyat Azərbaycan xalqının Moskvaya olan inamını tamamilə yox etdi", – C.Həsənli qeyd edib.

Qan tökülməsindən qaçmaq olardımı? C.Həsənli hesab edir ki, prinsipcə, bu, mümkün idi, əgər Kremlin buna iradəsi çatsaydı: “Ancaq onların məqsədi başqa idi. Yanvarın 10-dan sonra MK nümayəndələri və güc qurumlarının nazir müavinləri Bakıya gəlməyə başladılar. SSRİ-nin Yaxın Şərq üzrə baş mütəxəssisi Yevgeni Primakov da bura ezam edilmişdi. Sonradan müdafiə naziri Yazov özü də gəldi”.

C.Həsənlinin sözlərinə görə, respublika rəhbərliyi onu razı salmağa çalışırdı ki, heç bir halda qoşun yeritmək olmaz. Ancaq Yazov açıq şəkildə bildirdi ki, yerli rəhbərlik bunun öhdəsindən gələ bilməyib, sovet hakimiyyəti güc yolu ilə bərpa ediləcək və Xalq Cəbhəsinin strukturları dağıdılacaq: "Odur ki, mən Bakıya qoşun yeridilməsini Tbilisi və Vilnüs hadisələri ilə müqayisə edən ekspertlərlə razı deyiləm. Həmin şəhərlərdə lokal münaqişələr baş verirdi, mülki əhali ilə oradaki polis qüvvələri və ordu arasında qarşıdurma baş verirdi. Bakı hadisələri miqyasına, icra formasına, faciəvi nəticəsinə görə ən çox 1956-cı ildə Budapeştə və 1968-ci ildə Praqaya sovet qoşunlarının yeridilməsini xatırladırdı. SSRİ tarixində ilk dəfə olaraq sovet ordusu sovet respublikasının işğalı məqsədilə əməliyyat keçirmişdi",- C.Həsənli bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi üçün 65 minlik hərbi kontingent gətirilmişdi. Qoşunlar Bakıya üç tərəfdən daxil olmuşdu – Biləcəri, aeroport yolu ilə (Qala tərəfdən), cənubdan – Bayıldan, hətta Dənizkənarı Bulvara desant çıxarılmışdı. Maraqlıdır ki, Yazov Vəzirovun AKP MK-nın birinci katibi postundan çıxarılması barədə qərarı da Bakıya gətirmişdi: "Qoşunların yeridilməsindən bir neçə gün öncə Vəzirovla Qorbaçov arasında maraqlı söhbət olub. Vəzirov Qorbaçovdan xahiş edib ki, Qarabağda növbəti erməni təxribatının qarşısının alınmasına yardım etsin. Qorbaçov deyib ki, Ermənistan rəhbərliyi başqa versiya irəli sürür. Bundan sonra Vəzirov deyib ki, əgər Azərbaycan Qarabağı itirsə, Qorbaçov da SSRİ-ni itirəcək. Bu, Qorbaçovu qəzəbləndirmişdi. Bu barədə sonralar Vəzirovun keçmiş köməkçisi, Azərinform-un direktor müavini Perets danışıb. Vəzirovun sözləri düz çıxdı və Bakı hadisələri SSRİ-nin süqutu prosesini sürətləndirdi”.

C.Həsənli vurğulayıb ki, sovet rəhbərliyi Azərbaycanın SSRİ-dən çıxacağı ilə bağlı çox narahat idi. Yanvar hadisələri ərəfəsində Qorbaçov Heydər Əliyevə zəng edərək onu respublikada baş verən proseslərin arxasında durmaqda ittiham edib və xəbərdarlıq edib ki, şəhərə qoşun yeridiləcək. Heydər Əliyev deyib ki, baş verənlərə onun aidiyyatı yoxdur. Yeri gəlmişkən, Müslüm Maqomayev müsahibələrinin birində Heydər Əliyevin Bakıya qoşun yeridiləcəyi və bunun ağır nəticələrinin olacağı barədə telefon zəngindən danışmışdı. Ancaq xalqa bu barədə məlumat verilmədi: "İndi xalq hərəkatının liderlərini ittiham edirlər ki, qoşun yeridiləcəyini bilirdiniz, ancaq xalqa məlumat vermədiniz. Ancaq onlarda dəqiq, səhih məlumat yox idi, respublika liderlərində məlumat vardı. Faciədən dərhal sonra Heydər Əliyev həqiqətən cəsarətli addım atdı, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirdi. Ancaq o, bütün məsuliyyəti Vəzirovun üzərinə qoydu", – C.Həsənli qeyd edib.

Yanvar hadisələrinə müvafiq siyasi-hüquqi qiymət verilibmi? Bu sualın cavabında C.Həsənli dedib ki, 1992-93-cü illərdə və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müvafiq qərarlar qəbul edildi. Ancaq bəzi məqamlar beynəlxalq ictimaiyyət üçün açılmamış qalır. Söhbət təhlükəsizlik orqanlarının və xüsusi xidmətlərin təxribatlarından, həmçinin erməni qırğınları ilə bağlı təxribatlardan gedir: “Perets xatırladır ki, yanvarın 15-də Primakov şəhərdə vəziyyətlə maraqlanıb. Perets buna cavab olaraq deyib ki, Xalq Cəbhəsinin səyləri sayəsində miqyaslı qırğınların qarşısını almaq mümkün olub. Bu, Primakovu əsəbiləşdirib”.  C.Həsənlinin sözlərinə görə, eyni zamanda sovet rəhbərliyi dünya birliyini çaşdırmağa çalışırdı və Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda məlumat yayırdı. Primakovun Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribatların tərkib hissəsi idi: "Baxmayaraq ki, ümumilikdə hadisələrə hüquqi-siyasi qiymət verilib, qaranlıq məqamlar da var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi