
Badam bitkisində antraknoz xəstəliyinin yaranmaması üçün MÜBARİZƏ TƏDBİRLƏRİ
Mədəni və yabanı bitkilərin əksəriyyəti antraknoz xəstəliyi ilə yoluxurlar, bu xəstəliyə yara xəstəliyi də deyilir.
Bitkilərdə antraknoz xəstəliyini Ascomycota şöbəsinin Leotiomysetes sinfinin Helotiales sırası Dermataceae fəsiləsinə mənsub oian Gloesporium amygdalinum törədir. Qidalanma xüsusiyyətinə görə bu qrupa daxil olan göbələklər fakültətiv saprotrofdurlar, vegetasiya dövrü canlı toxuma, saxlanma dövrü məhv olmuş toxumalarla qidalanırlar. Bu nöqteyi nəzərdən antraknozlar geniş yayılmış və zərərli parazitlərdir.
Xəstəlik ilk dəfə 1896- cı ildə İtaliyanın Sardinia əyalətinin badam bağlarında rast gəlinmişdir. 1900- cu ildə İspaniyada və sonrakı illərdə dünyanın badam becərən ölkələrində, o cümlədən Fransa, Yunanstan, Marokko, Tunis, İran, Əfqanıstan, Rusiya, qardaş Türkiyə Cümhuriyyətinin badam becəriıən Muğla, Antalya, Karaman, Denizli, Elazığ bölgələrində rast gəlinir. Ədəbiyyat mənbələri bu xəstəliyin kifayət qədər zərərli olmasından bəhs edirlər.
Xəstəliklə badam bitkisinin demək olar ki, bütün yerüstü hissələri yoluxur. Xəstəliyin təsiri altında cavan meyvələrdə zeytuni- yaşıl, həlqəvi, tək- tək və ya çoxsaylı ləklər meydana çıxır. Belə ləkələr tədricən tündləşir, nekrozlaşır. Toxumluqların bir hissəsi tökülür, digərləri mumyalaşırlar, budaqlardan sallanmış vəziyyətdə qalırlar. Böyüyən meyvələrin perikarpında zeytuni- yaşıl ləkələr formalaşır, belə ləkələr eyni zamanda boz- ağabənzər ləkələrlə örtülür, ləkələrin səthində damcı formasında kitrələr də ola bilir. Rütubətli hava şəraitində yoluxmuş toxumalar çəhrayı rəngə boyanır. Burada badam bitkisində antraknoz xəstəliyini törədən Gloesporium amygdalium göbələyinin konidi spormərhələsi inkişaf edir. Bəzi hallarda perikarpın xətti boyunca çatlamalar müşahidə edilir, bu halda çürüməkdə olan ləpə görünür.Xəstəliklə yarpaqlar da yoluxurlar. Yarpaqlarda zədələnməıər nisbətən iri, həlqəvi ləkələr formasında meydana çıxır, ləkə yerlərində toxuma çürüyür, tökülür.Zoğlarda kiçik, azca basıq çəhrayı- qonur haşiyəli zeytuni- yaşıl ləkələr əmələ gəlir.
Badam bitkisində antraknoz xəstəliyini törədən göbələk inkişaf tsiklində kiçik, tünd- qonur, konsentrik yerləşən aservullar formalaşır. Konidi sporlar uzunsov, ellipsoidal, birhüceyrəlidir. Xəstəlik törədicinin konidi mərhələsi yoluxmuş, mumyalaşmış meyvələrdə və ağacların sirayətlənmiş budaqlarında qışlayır. Patogen yağmurlu havada və yüksək nisbi rütubətdə inkişaf edir, 20-24 C temperatur patoğen üçün optimal hesab edilir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
1. Bağlarda badam bitkisinin normal böyümə və inkişafını təmin edən tədbirlər kompleksi həyata keçirilməlidir. Əkin sxeminə əməl edilməsi, bağda havalanmanın təmin edilməsi, davamlı sortların seçilməsi, kökdən kənar mikroelementlərlə işləmə, alaq otlarının məhv edilməsi, infeksiya mənbəyi olan mumyalaşmış meyvələrin toplanaraq bağdan çıxarılması və məhv edilməsi, payızın sonunda və ya yazın əvvəlində fitosanitar budamanın aparılması və budama zamanı 0,5-1,0 sm sağlam toxumaya nüfuz etməklə prosesin aparılması, budama alətlərinin dezinfeksiyası bu kompleksə daxil olan əhəmiyyətli tədbirlərdəndir.
2. Bu xəstəliklə mübarizədə erkən yazda 1%-li bordo məhlulu, coside, mavi bakır, moniko bordo, oksixom, akrobat MS və çiləmə aparılması və 10-14 günlük intervalla çiləmənin təkrarı badam bitkilərini yoluxmadan qoruya bilir. İşçi məhlulun məsarifi 600-800 l/ ha.
İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor







Bu xəbər üçün şərh yazın