“Deputatları da attestasiyadan keçirsinlər”

“Deputatları da attestasiyadan keçirsinlər” - Media eksperti

"Attestasiya məsələsi qabardılıbsa, o zaman Milli Məclisdə də attestasiya keçirmək lazımdır”.

Bu sözləri BakuPost-a açıqlamasında media eksperti Zeynal Məmmədli jurnalistlərin attestasiyadan keçirilməsi məsələsinə münasibət bildirərkən deyib. O, deputatların da bəzi nüansları səhv saldıqlarına diqqət çəkib: "Deputatların sözlüyü, danışıq tərzi, cümlə quruluşu... Hamısı yoxlanılsın və attestasiyada keçirilsin. Baxırsan 100 ilin millət vəkilidir, akademikdir, amma yaşayış minimumu ilə minimum əmək haqqını qarışdırır. Bu daha böyük bəladır, nəinki aparıcıların danışığı”.

Jurnalistlərin biliklərinin yoxlanılması məsələsinə gəlincə, media eksperti hesab edir ki, nəticəyə yox, səbəbə köklənmək lazımdır: "Araşdırmaq lazımdır ki, aparıcılar niyə belə danışırlar? Niyə bu sözlərdən istifadə edirlər? Niyə bayağı verilişləri aparmağı özlərinə rəva görürlər? Buna kimi getmək olar. Məsələnin kökünə baxanda isə işsizlik çıxacaq, iş tapmaq şansının azlığı çıxacaq, qeyri-peşəkarlığın bəla sayılmaması çıxacaq. Bunun da kökündə ifadə azadlığı durur. Əslində çox ciddi və aktual problemlər var. Bu tipli məsələlərlə bağlı maraqlı diskussiyalar, debatlar edəndə orada ədəbsiz sözlərə, şpaqatlara ehtiyac qalmır və yer olmur. Orada problemi araşdırmağa, mövcud durumu dəyərləndirməyə ehtiyac var.

Bundan başqa, biz çox tərbiyəli, ədəbli sözlərdən istifadə edərək yalan danışırıqsa, yalan informasiya veririksə, bu daha çox ziyanlıdır, yoxsa mədəniyyətsiz, ədəbsiz şəkildə başqa bir şeydən danışmaq? Hansı cəmiyyət üçün daha çox ziyanlıdır? Bunlar mübahisə oluna bilən mövzulardır”.

Ekspert attestasiya məsələsinin mexanizm olmadan gerçəkləşməsinin çətin olacağını hesab edir: "Həm də müəyyən etmək lazımdır ki, bir TV nə istəyir? Hədəfi nədir, hansı tamaşaçıya üz tutur? Bütün bunlar aparıcının davranışını da, nitqini də müəyyənləşdirən şərtdir.

Bütün bu məsələləri çözmək olar, müxanizmini də hazırlamaq olar, amma təki səmimi istək olsun, peşəkarlığa qiymət verilsin , məsələnin kökündəki ifadə azadlığına sayğı olsun”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər