Dəyişən zaman və siyasət:

Dəyişən zaman və siyasət: Ankara yeni hədəflərə doğru

Nyustayms portalında “Türkiyənin müstəqil güc olmaq strategiyası: yeni mərhələnin başlanğıcı” sərlövhəli məqalə dərc edilib.

Faktinfo.az məqaləni təqdim edir.

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı yeri tutacağı ilə bağlı proqnozlar verirlər. Müşahidələr göstərir ki, onlar arasında məsələyə obyektiv yanaşanlar elə də çox deyil. Əksəriyyət hesab edir ki, Türkiyə hansısa böyük geosiyasi gücün yanında yer almalıdır. Bunun fonunda isə Ankaranın özünün qlobal müstəqil güc olmaq şansı haqqında fikir bildirilmir. Əslində, bizcə, məsələnin maraqlı və reallığa uyğun tərəfi elə bundan ibarətdir. Bu tezis çərçivəsində Ankaranın qarşısına hansı məqsədi qoyduğuna geniş aspektdə baxmağa ehtiyac görürük.

Dəyişən zaman və siyasət: Ankara yeni hədəflərə doğru

Son zamanlar ekspertlər Türkiyənin beynəlxalq aləmdə oynadığı rol və tutduğu yer haqqında tez-tez fikir bildirirlər. Onların əksəriyyətində belə bir tezis ifadə edilir: “Türkiyəni kimsə itirir və kimsə qazanır”. Özlüyündə maraqlı yanaşmadır. Çünki reallıqda Türkiyə qlobal miqyasda fəallıq nümayiş etdirir və əsas olaraq müstəqil addımlar atır. Məsələn, Ankara Suriya məsələsində qətiyyət göstərir, terrorla mübarizədə kimsədən icazə almır, Yaxın Şərqdə aktiv siyasət yeridir, Qərblə münasibətlərində milli maraqları gözləyir və eyni zamanda, Rusiya ilə əlaqələrini gücləndirir.

Bir neçə il əvvəl isə belə deyildi. Ankara faktiki olaraq Qərbin siyasi, iqtisadi və hərbi çətiri altında yaşayırdı. Bəs hansı səbəblərdən Qərbin siyasi dairələri Türkiyənin fəallığına qısqanclıqla yanaşır, ekspertlər isə gah ABŞ, gah Avropa, gah da Rusiya faktoru prizmasından Ankaranın fəaliyyətinə qiymət verməyə çalışırlar. Məsələn, Böyük Britaniyanın “The Times” nəşri dərc etdiyi məqaləyə “Qərb Türkiyəni itirməyə hazırdırmı” başlığını qoyub. Türkiyəni kim itirir və ya Türkiyə niyə itir? Nə üçün Türkiyənin geosiyasi mövqeyinə başqa böyük güclərin maraqları müstəvisində baxılır? Hansı səbəblərdən Ankaranın artıq müstəqil böyük geosiyasi güc olduğunu qəbul etmək istəmirlər?

Məsələnin mahiyyəti, əslində, bu suallarla bağlıdır. Bir qədər konkret səviyyədə düşünək. Məsələn, Rusiya mətbuatı məlum təyyarə hadisəsindən sonra Türkiyə haqqında çox alçaldıcı, təhqiramiz şəkildə daim başqalarının göstərişi ilə oturub-duran bir ölkə kimi yazırdı. Əslində, ondan əvvəl də Ankara haqqında Rusiya siyasi və ekspert dairələrinin fikri yüksək deyildi. Türkiyəni böyük siyasətdə yeri olmayan ikinci dərəcəli dövlət kimi təqdim etməyə çalışırdılar. Erməni mediası da məhz bu çərçivədə Türkiyə haqqında olduqca qərəzli və əsassız fikirlər ortaya atırdı.

Qərbdə isə münasibət fərqli idi. İndi aydın olur ki, Qərbin Rusiyaya nisbətən az qərəzli münasibətinin arxasında “Türkiyə onsuz da bizimlədir və biz idarə edirik” arxayınçılığı vardı. Doğrudan da, Türkiyə NATO üzvü kimi təhlükəsizliyini Qərbə etibar etmişdi, hərbi sənayesi demək olar ki, ondan asılı idi, xüsusilə havadan müdafiə sistemi tamamilə NATO-nun çətiri altında idi, Avropa və Amerikadan iqtisadi asılılıq böyük idi, uzun illər idi ki, Türkiyə Avropa İttifaqının qapısı ağzında gözlədilirdi.

Lakin bunların fonunda gizli olaraq başqa proseslər də gedirdi. Məlum Kipr hadisələri zamanı Qərbin Türkiyəyə embarqo tətbiq etməsi, açıqca yunan tərəfini müdafiə etməsi və hətta Türkiyəni yalnız buraxması Ankaranı düşünməyə məcbur etmişdi. Həmin hadisədən sonra Türkiyə özünün hərbi sənaye sistemini gücləndirməyə başladı. Bunlar illər keçdikcə Qərbin prinsipial məsələlərdə Türkiyəni müdafiə etməməsi fonunda daha aktual xarakter almağa başladı. Aydın idi ki, Türkiyə Qərbin hərbi və iqtisadi çətirindən çıxmasayadı, tam müstəqil hərəkət edə bilməyəcəkdi. Bunun üçün isə öncə siyasi rəhbərlik müstəqil olmalı idi. Uzun illər bu istiqamətdə gizli mübarizə getdi. Turqut Özal, Möhsün Yazıçıoğlu, Nəcməddin Ərbakan, bir neçə general və başqaları həmin mübarizənin qurbanları oldular.

Nəhayət, Türkiyə XXI əsrin başlanğıcında siyasi müstəqilliyə doğru ciddi addımlar atdı. Ölkə tədricən Qərbdən hərbi asılılığını azaltdı. Hazırda Türkiyə ordusunun 79-80 faizi yerli istehsal olan silahlarla təmin edilir. Pilotsuz uçan hərbi tipli aparatları Amerika, İsrail və Avropa ölkələri vermədilər. Türkiyə özü istehsal etdi. Raketlər, havadan müdafiə silahları və başqa müasir silahlar yerli oldu.

Bu kontekstdə Türkiyə uzun mənzilli havadan müdafiə sistemlərinə ciddi ehtiyac duydu və Rusiyadan S-400-ləri almaq qərarına gəldi. Çünki başda Amerika olmaqla, Qərb analoji silahları verməkdən imtina etdi. Bundan başqa, Qərbdə müəyyən dairələr 2016-cı ildə Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərdi. Ancaq uğursuz oldu. Türkiyəni iqtisadi-maliyyə cəhətdən çökdürmək planı da iflasa uğradı.

Qlobal güc: Türkiyənin imkanları və reallıq

Bütün bunlardan sonra sular yavaş-yavaş durulmağa başladı. Artıq nə Qərb, nə də Rusiya mediası “Türkiyə kimdir?” sualı ilə analizə başlamır. Əvəzində, indiki mərhələdə Türkiyənin hansı geosiyasi düşərgədə olmalı olduğu haqqında tezislər irəli sürülür. Yuxarıda vurğuladığımız “Türkiyəni kim itirir və kim qazanır?” sualı da həmin kontekstdə qoyulur. Əvvəllər olduğu kimi, onlar indi də yanılırlar. Çünki Türkiyə kimin yanında olmaq məsələsi ilə deyil, kimlərin Türkiyənin yanında olacaqları məsələsi ilə məşğuldur.

Ankara müstəqil böyük güc kimi fəaliyyət göstərir və addım-addım bu istiqamətdə uğur qazanır. İndi bütün dünya inanır ki, Türkiyəsiz Suriya məsələsini həll etmək mümkün deyil. Bir neçə il öncə isə Amerika, Avropa və Rusiya bu faktı qəbul etmirdilər. Onlara elə gəlirdi ki, hansısa zərbə ilə Türkiyəni yerində oturda biləcəklər. Türkiyə isə onların hər birinə bunun tam yanlış olduğunu sübut etdi. İndi rusiyalı general deyir ki, Türkiyə İdlibdən müxaliflərin çıxarılmasını təmin etməlidir. Bu o deməkdir ki, hərbi əməliyyatlarla bunu edə bilmirlər. Və yaxud ABŞ Suriyada təhlükəsizlik zolağının yaradılmasını türklərlə müzakirə etməyə məcburdur. Onlar, üstəlik, YPG/PKK məsələsində çətinliklərlə üzləşiblər. Türkiyə tələb edir ki, terror qruplarına yardımları dayandırsınlar. Son olaraq Ankara Suriyada müstəqil qaydada hərbi əməliyyat keçirəcəyini bəyan etdi.

Bu proseslərin fonunda İraqın şimalında Ərbil şəhərində türk diplomatın qətlə yetirilməsindən sonra Ankaranın apardığı əməliyyat nəticəsində ABŞ-ın PKK-ya verdiyi silahları terrorçulara çatdıran iraqlı iş adamı Şimali İraq hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Bu, Vaşinqtonun terrorçularla bağlantılarının detallarına çatmaq üçün ciddi addımdır.

Əlbəttə, bütün bunlar müxtəlif dairələrdə Türkiyənin regional və qlobal güc olaraq hansı mövqedə olduğuna dair müzakirələri daha da artırır. Belə görünür ki, Türkiyənin geosiyasi mövqeyi ilə bağlı yeni səviyyədə qiymətləndirmə mərhələsi başlayır. Hazırda Qərb və Rusiya ekspertləri Ankaranın Moskva və Vaşinqton arasında seçim etdiyi iddiasını ortaya atırlar. Bu məqamda da səhv edirlər.

Türkiyə tam müstəqil geosiyasi güc kimi özünü təsdiqləməkdədir. Bu o demək deyil ki, Ankara kimsə ilə hesablaşmır və ya kimlərəsə diktə etməyə çalışır. Qətiyyən elə deyil. Türkiyə sadəcə dünyaya öz maraqlarının olduğunu və onları təmin etmək üçün kifayət qədər gücə malik olduğunu nümayiş etdirir. Bu cür müstəqillik digər böyük güclərlə qarşıdurma və konfrontasiya deyil, əksinə, bərabərhüquqlu və faydalı dialoqa dəvətdir. Ankara regionda və dünyada sülhün, inkişafın və ədalətin bərqərar olması üçün kifayət qədər güclü olmalıdır.

Yuxarıda vurğuladığımız məqamların işığında Türkiyənin kiminsə yanında olmaq seçiminin olmadığını aydın görürük. Ankara müstəqil və ədalətli addımlar atmaqla dünya siyasətində öz mövqeyini gücləndirir. Bu səbəbdən kimsə onun ABŞ və ya Rusiya seçimini etməkdə olduğunu deyirsə, haqlı görünmür. O cümlədən S-400-ləri Rəcəb Tayyib Ərdoğanın növbəti dövlət çevrilişlərinin qarşısını almaq üçün gətirdiyini söyləmək də qərəz və sadəlövhlükdür. Həmin sistemlər Türkiyə dövlətinin səmasını hər bir təcavüzdən qorumaq üçündür və onlar tək olmayacaqlar. Türkiyə beşinci nəsil qırıcılar istehsal etməyə hazırlaşır, Fransa və İtaliya ilə birgə özünün havadan müdafiə sistemini yaradır, iqtisadiyyatını inkişaf etdirir, cəmiyyətini gücləndirir, idarəetmədə islahatları dərinləşdirir. Türkiyə həm də daxilini kənar qüvvələrə işləyənlərdən ciddi surətdə təmizləyir.

Aydın görünür ki, bir sıra dairələr Türkiyənin inamla irəlilədiyindən narahatdırlar. Onlar dünyada qüvvələr nisbətini dəyişə biləcək bir gücün meydana gəldiyinin fərqindədirlər. Əlbəttə, kimsə Türkiyənin dünya lideri olacağı xülyasına düşməyib. Lakin Ankaranın qlobal miqyasda söz sahibi olmağa potensialı kifayət qədərdir. Həm də bu, müsbət hadisədir, çünki dünya siyasətində ədalətin yeri və rolu arta bilər. Təcrübə bunu göstərir.

Nyustayms

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi