ƏHALİ AZALMALIDIR Kİ, “UŞAQ PULU” VERİLSİN? –

ƏHALİ AZALMALIDIR Kİ, “UŞAQ PULU” VERİLSİN? – Primitiv və təhqiramiz “əsaslandırma”…

Bəzi məmurlar və deputatlar kasıb-kusubun balasına 5-10 manat “uşaq pulu” verməməkdən ötrü görəsən daha nələr fikirləşəcəklər, nə izahlar, nə əsaslandırmalar tapacaqlar?

 Gah deyirlər camaatı ələbaxım etmək istəmirik, gah deyirlər hamıya “uşaq pulu” versək, bundan pula ehtiyacı olmayan imkanlılar da bəhrələnəcəklər, gah da sözlərindən belə çıxır ki, hansısa ailəyə ünvanlı sosial yardım verilirsə, deməli oradakı uşaqlar yağ-bal içində yaşayırlar və onların əlavə “uşaq puluna” ehtiyacları yoxdur və s.

Ancaq gün kimi aydındır ki, bunlar hamısı sadəcə bəhanələrdir. Məsələn, ölkə başçısı bir gün çıxıb desə ki, uşaq pulu mütləq verilməlidir, bu gün həmin məmurlar, deputatlar öz sözlərini geri oxuyacaqlar... Bu dəfə prezidentin növbəti təşəbbüsünü, humanist addımını göylərə qaldırmaq üçün dəridən-qabıqdan çıxacaqlar. Problemli kreditlər məsələsində hamımız bu mənzərənin şahidi olduq. Kreditlərin silinməsinin mümkünsüz olduğunu və doğru addım olmadığını deyənlər 3 gün sonra başqa “hava çaldılar”…

Mətbuatda yayıılan məlumatlardan belə aydın olur ki, “uşaq pulu”nun verilməsinin əleyhdarları sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli də qoşulub. Nazir müşaviri tənbəllik etməyib, bunu hərtərəfli əsaslandırmağa çalışıb.

c628ebf1-a0ed-494d-852c-e69be62a6956

Müşavirin dediyinə görə, Azərbaycanın sosial müdafiə sistemi şəhid ailələrindən, müharibə əlillərindən tutmuş az təminatlı ailələrə, ailə başçısını itirmiş ailələrə, əmək qabiliyyətini müvəqqəti itirmişlərə və s. qədər bütün kateqoriyalara qayğı göstərir və bu qayğının nəticəsi həmin ailələrərdə yaşayan uşaqların da sosial təminatında özünü əks etdirir. Ona görə də, müşavirin dediyindən belə nəticəyə gəlmək olur ki, “uşaq pulu” filan verməyə əsas, ehtiyac qalmır. Yəqin ki, bu həm də nazirliyin və nazirin mövqeyidir…

Ancaq ondan və uşaq pulunun qatı əleyhdarlarından soruşan yoxdur ki, ölkənin sosial müdafiə sistemi reallıqda bütün aztəminatlı, kasıb ailələri əhatə edə bilirmi?Bütün ehtiyacı olanlar heç olmasa ünvanlı sosial yardım ala bilirmi və verilən yardımın məbləği ailələrin layiqli təminatına bəs edirmi?

Yaxşı, uşaqların sosial təminatı lazımi səviyyədədirsə, “uşaq puluna” ehtiyac yoxdursa, camaat nədən bu qədər isarar edir, niyə sözügedən mövzu bu dərəcədə aktuallaşıb və müzakirə olunur? Niyə əhalinin böyük qismi, həmçinin müstəqil iqtisadçılar, ekspertlər “uşaq pulunun” bərpasına tərtəfdardır, niyə kütləvi halda müraciətlər olunur, sosial şəbəkələrdə, cəmiyyətdə müzakirələr aparılır?

M.Abbasbəylinin daha bir arqumenti isə budur ki, Azərbaycanda demoqrafik, yəni sadə dildə desək, əhalinin artımı məsələsində problem yoxdur. Sitat: “İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək.”

musa-quliyev

Ondan əvvəl eyni fikirləri deputat Musa Quliyev də demişdi. “Azərbaycan əhali artımının aşağı olduğu, demoqrafik problem yaşayan ölkələrdən olmadığı üçün belə addımın atılması zərurəti yoxdur.”-deyə deputat bildirmişdi.

Yəni kobud dilə tərcüməsi budur ki, əhali onsuz da artıb-törəyir, ac ya tox. On görə də bunlara dünyaya uşaq gətiriblər, böyüdürlər deyə pul filan vermək lazım deyil. Əslində, bu yanaşma çox dayaz, primitiv, hələ bir az da uzağa getsək, qeyri-etik və millət üçün təhqiramiz bir yanaşmadır. Mütləq əhali sayı azalmalı, ailələr çətinlik, işsizlik, imkansızlıq ucbatından dünyaya uşaq gətirməkdən imtina etməlidirlərmi ki, bunlar camaata 5-10 manat pul verməyə razılaşsınlar? Digər tərəfdən, uşaqlara görə ödənişlər yalnız demoqrafik problemi olan ölkələrdəmi edilir?

Bir də səsləndirdiyi fikirlərin kontekstində yaxşı olar ki, hörmətli nazir müşaviri M.Abbasbəylinin özünün personasına və karyerasına diqqət yetirək. Əvvəlcə qeyd edək ki, əsasən hüquqşünas peşəsinə sahib olan M.Abbasbəyli uzun müddət sığorta və avtomobil sahəsində fəaliyyət göstərən şirkətlərdə rəhbər vəzifələr tutub və yəqin ki, maddi durumu da pis deyil. Yəni ki, birbaşa əhalinin sosial müdafiəsi sisteminə, buradakı problemlərə yad adam olub.

Ancaq bəlkə də sistem üçün yad olmaq da ciddi problem deyil. Çünki bu boşluğu peşəkarlıq, bacarıq kimi xüsusiyyətlərlə doldurmaq olar. Əsas məsələ doğrudan da kasıb, “qara camaatın” ehtiyacını, çətinliyini, ağrısını duymaq, hiss etməkdir ki, bax bu sarıdan sual doğuran məqamlar var.

Həmin sualların nədən qaynaqlandığını anlatmaq üçün isə hörmətli müşavirin bioqrafiyasına aid bəzi məqamları nəzərinizə çatdıraq: Mətbuatda yayılan məlumatlardan aydın olur ki, 1980-ci ildə anadan olan M.Abbasbəyli Aslan Abbasovun oğludur.

Aslan Abbasov isə müxtəlif illərdə Gəncə Partiya Komitəsinin katibi, şəhər sovetinin deputatı, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, 1990-cı ildən 2000-ci ilə qədər Milli Məclisin deputatı, parlamentin komissiya sədri və müavini, elmi-tədqiqat institutlarından birinin direktoru, Sumqayıtdakı Səthi Aktiv Maddələr Zavodunun direktoru kimi vəzifələrdə çalışıb. Hazırda isə Azərbaycan Texnologiya Universitetinin prorektorudur.

Böyük ehtimalla belə vəzifələr daşıyan atanın oğlu “uşaq pulu”na heç vaxt ehtiyac duymayıb. Nə geyindiyi paltara, ayaqqabıya, nə məktəbə apardığı nimdaş çantaya görə xəcalət çəkməyib, dərslərə də yarı ac, yarı tox girməyib… Əlavə şərhə ehtiyac qalırmı?

Cəlal Məmmədov
AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər