Əhali devalvasiyadan azı 3 milyard zərər çəkib

Əhali devalvasiyadan azı 3 milyard zərər çəkib - Ekspert rəqəmlər açıqladı

"Dövlət Statistika Komitəsinin (DSK) yaydığı milli hesablara dair statistik göstəricilərdən aydın olur ki, milli valyutanın kəskin devalvasiyası ilə müşahidə olunan 2015-ci il iqtisadi böhranının sosial-iqtisadi nəticələri əhali üçün hətta 2017-ci ildə də davam edib".

Bu barədə tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, bu rəqəmləri ev təsərrüfatlarının büdcəsində görmək olar.

Ev təsərrüfatlarının büdcəsinin defisit və ya profisitini milli hesablar sisteminin "Qənaət" maddəsində tapmaq mümkündür. Bu maddə ev təsərrüfatlarının sərəncamda qalan gəlirlərilə faktiki son istehlak xərcləri arasında fərqi göstərir.

"Deməli, hələlik DSK-da açıq olan 3 illik statistikaya görə, 2015-2017-ci illərdə ev təsərrüfatlarının büdcəsində defisit olub - yəni cari il üzrə xərcləri gəlirlərini üstələyib. Belə ki, 2015-ci ildə 705 mln. manat, 2016-cı ildə 1.224 mlrd. manat, 2017-ci ildə 727.7 mln. manat defisit yaranıb. Sual oluna bilər ki, bəs bu defisit necə qapanır?

Dövlət büdcəsinin necə qapadığını bilirsiniz - hökumət borclanır, əmlakını satır və ya özəlləşdirir, əvvəlki illərdə büdcə ehtiyatı varsa, ona əl atır. Eyni qaydada ev təsərrüfatları davranır - qohum-tanış-qonşudan borclana, əvvəlki illərdə sandığa, yastıq altına və ya banka qoyduğu qənaətinə əl ata, əmlakını sata bilir. İndi təsəvvür edin, 3 ildə ev təsərrüfatlarının büdcəsində 3 mlrd. manata yaxın kəsir yaranıb. Bu, ev təsərrüfatlarının yoxsullaşmasını, sərvətlərinin azalmasını təsdiq edən yeganə etibar edə biləcəyimiz faktdır" - deyə ekspert vurğulayıb.

İqtisadçı qeyd edib ki, bunun əksi olarsa, yəni ev təsərrüfatlarının büdcəsində profisit yaranırsa, bu halda qənaət yığıma çevrilir - ya qeyri-maliyyə - daşınar və daşınmaz əmlak, qızıl-daş qaş və s., ya da maliyyə - depozit, səhm və ya istiqraz alınması, investisiya fondlarına yartım formasında: "Bu hal isə insanların zənginləşdiyi, sərvətlərinin böyüdüyü şəraitdir. Əminəm ki, elmi araşdırmanın tələbələrinə cavab verən metodologiya əsasında müstəqil tədqiqatlar aparılsa idi, əhalinin devalvasiyadan itkilərinin real miqyasının daha böyük olduğu üzə çıxardı".

Rövşən Ağayevin sözlərinə görə, Milli hesablar sisteminə görə, əhali ilə yanaşı devalvasiyadan böyük itki alan institusional vahid bank sektoru olub: "3 ilin nəticəsinə görə, digər 2 institusional vahid - dövlət idarəetməsi və biznes - qeyri-maliyyə korporasiyaları, ev təsərrüfatları və banklara nisbətən devalvasiyanı daha az itkilə başa vurublar"./Azpolitika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər