Əhalinin geri qayıdışı ilə bağlı məlumat bazası yaradılır
Azad edilən ərazilərə əhalinin geri qayıdışı ilə bağlı məlumat bazası yaradılacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir.
İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır.
Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir.
Eyni zamanda, əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması da prioritet işlərdəndir. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur.
Bu xəbər üçün şərh yazın