Əhəd Abıyev üçün gözlənilməz situasiya - Xoşbulaq sakinlərindən izahat alınıb
11.06.2021-ci il tarixində Daşkəsən rayonu Xoşbulaq kənd sakinlərindən 7 nəfər rayon polis idarəsinə çağrılıb, onlardan izahat alınıb.
Bu barədə məlumatı Faktinfo.az saytına Xoşbulaq kənd sakinləri Əhmədov Arzu Fərrux oğlu və Məmmədzadə Sahib Mürvət oğlu verib. Şikayətçilərin bildirdiyinə görə, onların polisə çağrılmasına səbəb, tanımadıqları, üzünü görmədikləri iki şəxsə görə olub. Guya onlar yaylaqlarda yerləşən şəxslərdən 2 nəfəri hədələyib, təhqir ediblər. Onlar da 7 nəfər kənd sakinindən polisə şikayət edib.
Polis tərəfindən hörmətlə qarşılandıqlarını bildirən Arzu Əhmədov may ayının 24-də Prezident Administrasiyasının qarşısındakı etiraz aksiyasından sonrakı vəziyyətə də aydınlıq gətirib. “Məlum olan 24 may etiraz aksiyasından sonra bütün kənd sakinləri kənddə daha bir yürüş keçirməyə hazırlaşırdıq. Bunun təxirə salınmasına səbəb şikayətlərimizin ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülməsi oldu. Belə ki, iyun ayının ilk həftəsində Bakı və Gəncə şəhərindən gəldiklərini ehtimal etdiyimiz bir qrup hüquq-mühafizə orqanlarının əməkdaşları Xoşbulaq kəndinə gəldilər. 117 nəfər kənd sakinindən ətraflı izahat alıb, çəkiliş də etdilər. Bütün kənd sakinləri belə hesab etdik ki, şikayətlərimiz araşdırılacaq. Örüş yerlərimizin, əkin sahələrimizin, yaylaqlarımızın pul müqabilində satılmasının qarşısı alınacaqdır. Çünki, örüş yerlərini “Dövlət Fondunun torpaqları” deyib satıblar. Əgər, Dövlət Fondunun torpaqlarıdırsa, niyə bu torpaqlar Əmlak Komitəsi tərəfindən verilməyib? Harda görünüb ki, rayon rəhbərliyi sərəncamla torpaqlarımızı kəndə aidiyyatı olmayan şəxslərə versin? Hazırkı qanunvericiliyə görə, bələdiyyə və ya rayon rəhbərliyi torpağı 1 ildən artıq icarəyə verə bilməz. İcarəyə verən orpaqlarla bağlı sənədləşmə qaldırılıb araşdırılsın. Onda bütün məsələlərə aydınlıq gətirilər.
Məsələn, kənd əhalisinə icarə müqaviləsi əsasında verilməli olan 1851 hektar torpaqdan, 778 hektarı verilib. Amma 1851 hektar torpağın illik 1556 manat olan dövlət rüsumunu kənd sakinləri ödəyir. Sual olunar, əgər rayon rəhbərliyinin hər hansı marağı yoxdursa, niyə kənd sakini olmayan 74 digər varlı şəxslərə 1073 hektar yaylaq sahəsi verilir, kənd sakinlərinin isə istifadəsində 778 hektar ərazi qalır? Səbəb nədir? Yox əgər, yaylaq sahələrində yerləşən 74 varlı şəxsə o ərazilərdə yerləşmək qanuni cəhətdən düzgündürsə, nədən 1556 manat dövlət rüsumunun çox hissəsi onların adına rəsmiləşdirilmir? Bizim tələbimiz siyasi deyil, hakimiyyətə də qarşı deyil. Kənd sakinlərinin dolanışıq vəziyyətinə aiddir. Hüquqlarımızı pozanların fəaliyyətinin yoxlanılmasını istəyirik”.
Qeyd edək ki, mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevi ittiham edərək, Prezident Administrasiyasının binası qarşısında örüş, əkin sahələri, yaylaq torpaqları və digər bir neçə sosial tələb irəli sürərək etiraz aksiyası keçirmişdilər.
Bu xəbər üçün şərh yazın