Əli Əliyevin keçmiş həyat yoldaşı bəyanat yaydı: “Mübarizəni şərəflə apararlar”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin keçmiş həyat yoldaşı Samirə Mirzəyeva AMİP rəhbərliyi tərəfindən 2005-ci ildə onun Etibar Məmmədova yazdığı məktubun ictimailəşdirilməsini pisləyən bəyanat yayıb.
Yeni Sabah.az-a daxil olan açıqlamada bildirilir ki, 2005-ci ildə yazdığı məktubu 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayır:
“AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil.
Bu illər ərzində bizim problemlərimiz onun tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz? Özünüzü bu iqtidara təslim etdikdən sonra, iqtidara qarşı mübarizə apara bilmirsiz? Belə səviyyəsiz mübarizə aparılmaz.
Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyətdə aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. Belə olmasa idi, belə müxənnətlik etməzdiniz. Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox.
Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm sizi. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyevə deyil, mənə cavab vermək səviyyəsindəsiniz.
Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm. Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daima arxasında varıq. O çox gözəl atadır, hamıya qismət olsun.
Sonda isə, isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan, mənim fikrimi öyrənmədən sui istifadəniz, ən azından tərbiyədən uzaq hərəkətdir! Siz əvvəl özünüzdə cəsarət tapıb prezident İlham Əliyevin adının baş hərfini səsləndirin, sonra onunla mübarizə aparanların “bostanına daş atın”. Bir də mənim, ailəmin adından danışıb tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm.
Hörmətli həmvətənlər! Belə adamlar və əməllərdir ki, uzun illərdir Azərbaycanı inkişafdan saxlayır. Belə xəbis və dar düşüncəli şəxslər bu millətin yolunu kəsirlər.
Etibar Məmmədov Əli Əliyev kompleksi yaşayır. Onun Əli Əliyev haqda təşkil etdikləri şantajdan başqa iş deyil. Mən tam məsuliyyəti ilə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm”.
Qeyd edək ki, 14 il əvvəl yazılan məktubda keçmiş həyat yoldaşı Ə. Əliyevə qarşı sərt ifadələrdən istifadə etmişdi.
Bu xəbər üçün şərh yazın