Əli Həsənov azad ediləndən sonra...

Əli Həsənov azad ediləndən sonra... -Sabiq köməkçi keçmişə boylananda kimi qınayır?

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun tutduğu vəzifədən azad edilməsindən xeyli vaxt keçsə də, hələ də onun adı ətrafında söz-səhbətlər səngimir.

Həm iqtidar,həm müxalifət, həm də müstəqil media orqanlarında mütəmadi olaraq Əli Həsənovla bağlı yazılara rast gəlmək mümkündür. Özü də bu yazılarda birmənalı olaraq tənqidi fikirlər üstünlük təşkil edir.

Bu yaxınlarda “Respublika” qəzetində dərc edilən ittiham xarakterli kəskin yazı isə xüsusi rezonans doğurdu. Ardınca bir sıra KİV-lər, hətta vaxtilə Əli Həsənova yaxınlığı ilə seçilən bəzi media orqanları da həmin yazını təkrar yayımladı. Maraqlıdır ki, Prezidentin sabiq köməkçisi ilə bağlı irəli sürülən ittihamlar bitib-tükənmir, əksinə hər dəfə yeni-yeni faktlar ortaya atılır. Hətta son günlər onu FETÖ-çu da çıxardılar (Bu barədə heç bir məlumatımız yoxdur, sadəcə bəzi KİV-lərdə yazılanlara diqqət çəkirik).

Belə getsə, çox güman ki, yaxın vaxtlarda onun qudası – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevlə əlaqəsi, hansısa işbirliyi məsələsi də gündəm mövzusu olacaq. Hətta bəzi fürsətçilərin 2005-ci ilin payızına qayıdaraq, Səttar Mehbalıyevin sabiq spikerlər Rəsul Quliyevlə əlaqələndirilməsi və bu söz-söhbətlərin bir ucunun Əli Həsənova “calaq” edilməsi də istisna edilmir.

Bütün bu baş verənlərin fonunda bizi bir məsələ təəccübləndirir. Vaxtilə Əli Həsənovun dəstəyi sayəsində mənzil sahibi olanlar, fəxri adlarla, medallarla mükafatlandırılanlar, hər 6 aydan bir  qəzetləri üçün 40-60 min AZN maddi yardım alanlar, öz cibindən bir manat xərcləmədən müxtəlif xarici ölkələri gəzib-dolaşanlar indi niyə susurlar?  Özlərini pafosla “aparıcı” (“dağıdıcı” deyilsəydi, daha düzgün olardı- Faktinfo.az) media kapitanları adlandıranların səsi indi niyə batıb? Niyə Əli Həsənov barəsində bircə kəlmə də olsun, müsbət bir fikir yazmağa cəsarətləri çatmır? Məgər onların bəzilərinin yamaqlı şalvarla mətbuata gəlmələri yaddan çıxıb?

Əslində Əli Həsənovdan vaxtilə kifayət qədər haqsızlıq görən, onun “barmağı” sayəsində müstəqil media üçün dövlətin nəzərdə tutduğu yaxşı nə varsa, hamısından kənarda qalan KİV-lərdən biri elə bizlərik.Yəni, bizim onu tənqid etməyə daha çox haqqımız çatır.

Amma həqiqət odur ki,“yıxılana balta çalanlara” bir cümlə ilə də olsa cavab verməyən,səhər,günorta,axşam özlərini media kapitanları adlandıran,həqiqətdə isə hər şeyi Əli Həsənovun təqdimatı hesabına əldə edənlər susmaqla həm də özlərinin kim olduqlarını bir daha nümayiş etdirmiş oldular.

Yəqin ki, Ə.Həsənov da indi keçmişə boylananda o cür adamlara güvəndiyinə görə özünü qınayır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi