"ƏLİ HƏSƏNOVUN OĞLUNA 600 MİN, BALDIZINA 580 MİN VERDİM..." - Vüqar Səfərli
Jurnalistlər üçün bina tikintisinə ayrılmış vəsaitdən Prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevaya 1 milyon 200 min manata yaxın pul verilib.
Bakının Bibiheybət qəsəbəsində həmin binaları inşa etmiş “Portos” tikinti şirkətinin baş mühasibi Kəmaləddin Abdullayev bu barədə noyabrın 30-da məhkəmədə məlumat verib.
Kəmaləddin Abdullayev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, 20 milyon manatdan artıq mənimsəmədə ittiham olunan Vüqar Səfərli və daha 10 nəfərin məhkəməsində dindirilib. V.Səfərliyə qarşı ittihamlardan biri də təkcə 2 binanın tikintisindən 17 milyona yaxın vəsaitin yeyintisi ilə bağlıdır.
K.Abdullayev deyib ki, bina tikintisi üçün vəsait “Portos” MMC-nin hesabına köçürülmüşdü və çox vaxt alınan inşaat materiallarının ödənişi və s. xərclər şirkətin hesabından köçürmə yoluyla həll olunurdu. Amma elə hallar da olurdu ki, nağd pula ehtiyac yaranırdı: “Məsələn, transformatorların alınması üçün nağd pul lazım gəldi. Beləcə, başqa hallar da olurdu”.
Baş mühasibin sözlərinə görə, binaların tikintisi üçün “Portos”un hesabına köçürülmüş vəsaitin bir hissəsini başqa şirkətlər vasitəsilə nağdlaşdırıblar. Nağdlaşdırılan vəsaitin 1,2 milyonu Əli Həsənovun yaxınlarına verilib:
“Nağdlaşdırmaq üçün dörd şirkətdən istifadə olunmuşdu. O şirkətlərlə iş görülməmişdi, yalnız onların hesabına pulu köçürüb, sonra nağd şəkildə götürmüşük. Həmin vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm”.
Bu məhkəmə prosesində məlum olmuşdu ki, “Portos” MMC-nin təsisçisi Əli Həsənovun baldızı Gülər Vəliyevadır. KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev ifadəsində bildirib ki, “Portos” MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalist binalarının tikintisi bu şirkətə həvalə edilmişdi. Onun sözlərinə görə, ümumiyyətlə, Fondun bütün tenderlərində hansı şirkətin qalib olmasına Əli Həsənov qərar verirdi.
Məhkəmədə vəkil Cavanşir Süleymanov vəsatət qaldırıb ki, bu cinayət işində Əli Həsənov, onun oğlu və baldızının adı hallandığına, araşdırılan məsələlərin bir çoxu onlarla bağlı olduğuna görə üçü də məhkəməyə çağırılıb dindirilsin. Prokuror adları çəkilən şəxslərin dindirilməsinə ehtiyac olmadığını vurğulayaraq vəsatətə etiraz edib. Təqsirləndirilən şəxslərin bir neçəsi vəsatəti müdafiə etsələr də, hakimlər prokurorla həmrəy olub.
Məhkəmə iclasında ekspert rəyi açıqlanıb. Ardınca məhkəmə istintaqının başa çatdığı elan edilib. Dekabrın 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edərək Vüqar Səfərli və digərlərinə cəza istəyəcək.
Qeyd edək ki, Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. V.Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. “Rabitəbank”da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır. /Pressklub.az
Bu xəbər üçün şərh yazın