Elinanın intiharında məktəbdəki özbaşnalığın xüsusi rolu olub- İstəyirəm ki, məni o məktəbdə saxlamasınlar
Özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan Elina Hacıyevanı intihar həddinə oxuduğu məktəb, müəllimlərinin laqeyd münasibəti, sinif və məktəb yoldaşları çatdırıb.
Axar.az xəbər verir ki, E.Hacıyeva intiharından sonra yerləşdirildiyi xəstəxanada son nəfəsində ondan nə istədiyini soruşan polisə bir də o məktəbə getmək istəmədiyini deyib.
Buradan o qənaətə gəlmək olur ki, Elinanı intihara məktəbdəki münasibət sürükləyib.
Ailə üzvləri danışır ki, Elina xəstəxanaya götürüləndə daxili orqanları zədəsiz olub. Bədənin bir neçə yerində sınıqlar varmış. Bir neçə saat sonra normal danışıb.
Pərvanə adlı uşaq polisi Elina xəstəxanaya yerləşdirilən zaman onu sorğu-sual edib. Bu sorğu-sualın görüntüləri Elinanın anasının telefonunda da var.
Uşaq polis Elinadan nə istədiyini soruşur. Elina isə cavabı belə olub:
“Heç nə, bircə onu istəyirəm ki, məni o məktəbdə saxlamasınlar, əvvəl oxuduğum 203 saylı məktəbə qaytarsınlar”.
Sonda da rusca uşaq polisinə bildirib ki, mən ancaq bunu istəyirəm, vəssalam.
E.Hacıyeva özünü məktəbin pəncərəsindən atmamışdan bir neçə dəqiqə əvvəl dəftərinin kənarına belə bir cümlə yazıb:
“Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.
İntihardan bir neçə dəqiqə əvvəl dəftərinə bu haqda yazması göstərir ki, o, intihar etməsini əvvəlcədən planlaşdırıb. Məktəbin müşahidə kameralarına Elinanın intiharı anbaan düşüb.
Görüntünün tam versiyasında məlum olur ki, Elina sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. O, dəftəri açır, vərəqə nəsə yazır (çox güman ki, intiharı ilə bağlı məlum cümlələri qeyd edir). Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır. Uzun, darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir (halbuki, corabları səliqəli idi), sinifə tərəf baxır, sonra pəncərənin kənarına çıxır və dizləri üstündə dayanaraq özünü atır.
Həmin vaxt dəhlizdə gəzişən yuxarı sinif şagirdləri pəncərəyə tərəf qaçırlar, əyilib aşağı baxırlar.
Elinanın nənəsinin sözlərinə görə, o, narazı olduğu məktəbdən çıxmaq istəyib. Hətta buna görə valideynləri onun əvvəlki məktəbinin direktoru ilə də danışıblar.
Elinanın anası Sevil Hüseynova bildirib ki, Elina hər gün dərsdən dilxor gəlirib, hər gün deyib ki, məni öz məktəbimə qaytarın, mən bu məktəbə getmək istəmirəm, uşaqlar mənimlə yola getmirlər.
Hətta ailə Elinanı götürüb 203 saylı məktəbə də gedib. Lakin direktor bildirib ki, onu məktəbə geri götürə bilməz. Səbəb kimi isə 162 saylı məktəbin uşaqlarının tərbiyəsiz, vəhşi, “ikialan” olduqlarını göstərib.
Bütün bunlar da 14 yaşlı Elinanın intihara gətirib çıxarıb.
Bu xəbər üçün şərh yazın