Emin Əmrullayevin imtahan işgəncəsi müəllimləri qiyama qaldırdı – Foto+ Video
Təhsil Nazirliyi müəllimlərin imtahanını işgəncəyə çevirib.
Nazir Emin Əmrullayev hər şeyi “Qərb arşını” ilə ölçərək imtahanları elə bir keçilməz “Çin səddi”nə çevirib ki, ciddi narazılıq yaranıb.
Reportyor.info xəbər verir ki, ötən həftə müəllimlərin Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiyalar zamanı səsləndirdikləri şikayətlər bir çox məsələlərin üstünü açdı. Məlum oldu ki, E.Əmrullayev müəllimləri absurd suallarla çıxılmaz vəziyyətə salıb.
Onların sözlərinə görə, müəllimin oxu sürətinə lağ edirlər. Bundan əlavə, Türkiyə təhsil sisteminə uyğun suallar verilir: “Hətta adi ingilisə düşən suallara aid nümunə göstərəndə gülürlər ki, sizdə ağıl yoxdur.
Bəs İELTS, TOEFL kimi beynəlxalq imtahanlarda olmayan mövzu nə səbəbə orta məktəbdə işləmək üçün MİQ imtahanına düşür?
Heç olmasa dolğun ədəbiyyat siyahısı verilsin, yoxsa sizin “ekspertləriniz” “copy paste” edib sual yazıb qoltuqların altına qarpız yığmasınlar ki, bizim suallardır. Biz ingilis yox, azərbaycanlı olub, ingilis dilini öyrənib öyrədənlərik”.
Nərmin Salahlı deyir ki, müəllim hələ də təbaşirlə işləyir, nazirlik müasir təhsildən danışır: “Az qala məktəblərin tavanı başımıza düşsün, amma bunlar deyir ki, bir müəllim müasir tələbə cavab vermir”.
Aylin Nur deyir ki, müəllimlik öyrədiləndə elə dərslər keçirilir, heç dərsliklərdə yoxdur. Ümumiyyətlə, bir çox müəllimlər şikayətlərinin sosial şəbəkədə çatdırıblar və E.Əmrullayevin təhsil siyasətini sərt tənqid ediblər.
Onlar iyulun 27-də işə qəbul olmaq üçün verdikləri imtahan şərtlərindən narazıdır. Müəllimlərin əsas tələbi vahid dərs vəsaitinin yaradılması, imtahan ballarının aşağı salınmasıdır. Onlar bildirir ki, imtahandakı suallarda səhvlər və oxşar cavablar olub. Şikayətçilər əlavə edir ki, onlara verilən 60 suala 90 dəqiqə vaxt ayrılır. Bu isə zaman qıtlığı yaradır.
Qeyd edək ki, iyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib. Müəllim namizəd Kamal İbişov qeyd edir ki, imtahanda suallar olduqca vaxtaparan, çərçivədən kənar idi:
“Test tapşırıqları müəllim üçün qeyri-lazımi suallarla əhatə olunmuşdu. Bizə ne orta məktəb, ne de universitetdə bu səviyyədə təhsil verilmir. 604 balla ali məktəbə qəbul ol, normal qiymətlərlə oranı bitir, ötən il 52 balla işə başla və dünənki imtahanda 40+ balı sürünə-sürünə topla. Bu qədər ədalətsizlik olarmı?”
Bu xəbər üçün şərh yazın