"Erməni icması Gürcüstanda azərbaycanlılara qarşı təxribat törədir" -Kamal Salayev
Azərbaycana qarşı təxribatlar törədən Ermənistan bütövlükdə mövcud olduğu region üçün təhlükə mənbəyi olaraq qalmağa davam edir.
Erməni millətçiləri öz məkrli niyyətlərini həyata keçirməkdən ötrü müxtəlif ölkələrdə davamlı olaraq Azərbaycana qarşı təxribat xarakterli aksiyalar həyata keçirirlər. Bu baxımdan Ermənistanın news.am adlı informasiya agentliyinin yayımladığı xəbərə əsasən, 2022-ci ilin sentyabrın 18-də Gürcüstanda yaşayan erməni icmasının Tbilisidə azərbaycanlılara qarşı təxribat xarakterli aksiya keçirmək cəhdini sübut olaraq göstərmək olar. Həmin vaxt gürcü polisləri erməni icmasının Tbilisidəki təxribat xarakterli aksiyasının qarşısını müvəffəqiyyətlə almağa nail olub. Təxribat xarakterli aksiyanı həyata keçirmək üçün erməni icması aksiya yürüyüşünü Avlabar metrosunun yaxınlığından başlayaraq Azərbaycan səfirliyində bitirməyi planlaşdırıblar. “Gürcüstanın erməni icması” adlı qeyri-hökumət təşkilatının rəhbəri Artur Mirzoyan həmin vaxt erməni millətçilərini Gürcüstanın Xarici İşlər Nazirliyinin binasına yönəltməyə çalışıb. A.Mirzoyan belə bir addımına bəraət qazandıraraq guya bu cür “erməni icmasının təxribatının qarşısını almağa çalışdığını” qeyd edib. Lakin A.Mirzoyan özündən uydurduğu yalanla gürcü polislərini aldada bilməyib. A.Mirzoyan və ona dəstək verən digər erməni təxribatçıları gürcü polisləri tərəfindən saxlanılıb [1].
Görünən odur ki, Gürcüstanın erməni icması günü bu gün də Azərbaycana, eləcə də də Gürcüstana qarşı təxribatlar törətməyə davam edirlər. Erməni millətçiləri yaşadıqları hər bir yerin onlara aid olduğunu zənn edirlər. Erməni icmaları müxtəlif ölkələrdə təşkilat şəklində fəaliyyət göstərərək Ermənistanın təcavüzkar siyasətinə xidmət edirlər. Erməni millətçilərinin çətinə düşən zaman özlərini bütün dünyaya “günahsız mələk” kimi, “yeri, mülkü və torpağı zəbt olunmuş məzlum” kimi təqdim etmələrinə baxmayaraq onların necə qəddar, hiyləgər və təcavüzkar olduqları əslində məlum bir məsələdir. Erməni separatçılarının məqsədi yaşadıqları hər qarış torpağı və ətraf əraziləri erməniləşdirməkdir. Erməni millətçiləri həm də onlara aid olmayan milli mədəni sərvətin oğrusudurlar. Erməni millətçilərinin sağlam olmayan düşüncəsinə görə, azərbaycanlıların və gürcülərin milli mədəni sərvəti və hər bir yeniliyi “onlara aiddir”. Qeyd etmək lazımdır ki, erməni millətçiləri Qarabağdakı tarixi alban abidələrinə dair əsassız iddialar irəli sürərək onları mənimsəməyə cəhd ediblər. Həmçinin, Gürcüstanın Samtsxe-Cavaxeti, Acarıstan, Kvemo-Kartli (Borçalı) və s. yerlərində məskunlaşan erməni icması da sözügedən yerlərin tarixi abidələrini öz adlarına çıxarmağa cəhd edib. Lakin erməni vandallarının real tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq fakt yenə öz faktlığında qalır.
Qeyd etmək lazımdır ki, erməni icmasının sentyabrın 18-də Tbilisidə təxribat xarakterli aksiya keçirməyə cəhd edərək oradakı Azərbaycan səfirliyinə daxil olmaq cəhdi heç də təsadüfi bir hadisə hesab oluna bilməz. Belə ki, erməni vandalları Azərbaycanın digər ölkələrdə olan səfirliklərinə də məqsədyönlü şəkildə hücumlar edirlər. Sentyabrın 18-də erməni vandalları Azərbaycanın Fransadakı səfirliyinə hücuma keçərək təxribat törədiblər. Erməni quldurları Fransadakı Azərbaycan səfirliyinin qarşısında olan dəmir baryerləri aşaraq binanın giriş qapısını sındıraraq içəri daxil olmağa cəhd ediblər [2]. Bundan bir neçə gün əvvəl sentyabrın 15-də erməni icmasının üzvləri Azərbaycanın ABŞ-da olan səfirliyinin qarşısında “etiraz aksiyası”nı həyata keçirməyə çalışıblar. Hadisə zamanı erməni millətçilərinin təxribatına cavab olaraq, Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Ermənistanın işğalçı, təcavüzkar dövlət olmasını sübuta yetirən plakatlar sərgilənib. Erməni vandallarının həmin vaxt səsləndirdiyi əsassız şüarların qarşısı isə səfirlik tərəfindən quraşdırılan həyəcan siqnalı vasitəsi ilə alınıb. Nəticədə heç bir istəyinə nail ola bilmədiyini görən erməni millətçiləri hadisə yerini tərk ediblər [3]. Qeyd edək ki, erməni vandalları bundan xeyli əvvəl 2012-ci ilin fevralında da Polşadakı Azərbaycan səfirliyinin qarşısında piket keçirməyə cəhd etmişdilər. Lakin o dəfə də erməni vandallarının təxribatı uğursuzluğa düçar olmuşdu. Həmin vaxt Heydər Əliyev Fondunun təşəbbüsü sayəsində Xocalı soyqırımına dair həqiqətlər polyak dilində əyani şəkildə Polşadakı Azərbaycan səfirliyinin qarşısında sərgilənmişdi [4].
Erməni təxribatçılarının dünyanın müxtəlif yerlərdə Azərbaycana qarşı yönəlmiş “etiraz aksiyaları”na baxmayaraq sözügedən aksiyalar İkinci Qarabağ müharibəsinin nəticəsini dəyişməyə qadir deyil. Bu gün Ermənistanın necə işğalçı bir dövlət olması, erməni vandalizmi hərtərəfli şəkildə göz qabağındadır. Fəxrlə demək olar ki, Azərbaycanın zəngin tarixi mədəniyyəti bütün dünyada nümayiş olunur və bu istiqamətdə dövlət səviyyəsində müvafiq tədbirlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Azərbaycan vətən uğrunda canından keçən qəhrəman oğullarının - şəhidlərin hesabına Ermənistan üzərində böyük qələbəyə nail oldu. Bu ədalətin uğrunda gedən mübarizə idi və ədalət nəhayət ki öz yerini tapdı. Beləliklə də şanlı Azərbaycan Ordusu erməni faşizmini darmadağın etdi.
İstifadə olunmuş mənbələr:
Полиция не позволила армянам провести акцию протеста у посольства Азербайджана в Тбилиси /19.09.2022/ https://news.am/rus/news/720957.html
Армяне напали на посольство Азербайджана во Франции /18.09.2022/ https://report.az/ru/drugie-strany/armyane-napali-na-posolstvo-azerbajdzhana-vo-francii/
ABŞ-dakı ermənilərin Azərbaycan səfirliyinin qarşısında aksiya keçirmək cəhdi uğursuzluqla nəticələnib /16.09.2022/ https://azertag.az/xeber/Ermeni_dasnaklari_Azerbaycanin_ABS_daki_sefirliyi_qarsisinda_produktiv_vaxt_kechiribler-2293859
Azərbaycanın Polşadakı səfirliyi erməni piketinin qarşısını alıb /28.02.2012/ https://az.trend.az/azerbaijan/politics/1997891.html
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun,
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
Bu xəbər üçün şərh yazın