Ermənistanın havadarı İran qəsdən Gürcüstanda təxribatlar törədir
Məlumdur ki, Ermənistan və ona havadarlıq edən İran Gürcüstanda, eləcə də Azərbaycanda məqsədyönlü şəkildə təxribatlar törətməyə çalışırlar.
Sözügedən təxribatçı qüvvələr İslam dinindən öz xeyirləri naminə sui-istifadə edirlər. Həmin təxribatçılar din pərdəsi altında insanları öz məkrli niyyətlərindən ötrü təsir dairəsinə salırlar, mənəvi və psixoloji baxımdan onlara təzyiqlər edirlər, məzhəblər arası dini ayrı-seçkiliyi alovlandırırlar, həmçinin insanları manipulyasiya edərək onlardan öz mənafeləri naminə alət kimi sui-istifadə etməyə çalışırlar.Qeyd etmək lazımdır ki, Gürcüstanda yaşayan yerli sakinlər orada baş verən təxribat xarakterli halların canlı şahidi olublar [1].
Belə ki, sözügedən hallar “Xəzər Xəbər” informasiya agentliyinin komandasının Gürcüstanın Tbilisi, Marneuli və Qaraçöp rayonlarında apardığı çəkilişlərdə öz təsdiqini tapıb. Həmin vaxt Gürcüstanda yaşayan ziyalılardan, ağsaqqallardan, din xadimlərindən və vətəndaşlardan müsahibələr alınıb. Gürcüstan vətəndaşı İdris İsmayılovun fikrinə əsasən məlum olur ki, Gürcüstan ərazisində İrana məxsus güclü dini qurumlar fəaliyyət göstərir. Həmin təşkilatlar isə Zeynəb və Fatimə adlarından sui-istifadə edərək özlərini gizlədirlər. Gürcüstan Müsəlmanları İdarəsinin birinci şeyxi Vaqif Əkbərovun fikrindən aydın olur ki, İran din pərdəsi altında öz siyasətini yeridərək insanları manipulyasiya edir. İranın məqsədyönlü şəkildə basqılar edərək insanları vəzifələrini tərk etməyə məcbur etməsi də göz qabağındadır. Bu baxımdan bizə V.Əkbərovun fikrindən açıq-aşkar məlum olur ki, o, İran tərəfindən ona olunan təzyiqə görə, şeyx vəzifəsini tərk edib. Gürcüstanda yaşayan tarix müəllimi Dilqəm Əlləzovun fikrinə görə, İranın Azərbaycandakı “fəaliyyətləri” və məzhəbçiliyi, əhalini parçalmağa, eləcə də əhaliyə dini və psixoloji baxımdan təsir göstərməyə hesablanmış bir addımdır [1].
Ermənistanın təxribatlarına bəraət qazandıran İranın məkrli niyyətlərinə baxmayaraq, bu gün gürcü xalqı kimin kim olduğunu yaxşı başa düşür. Gürcüstan vətəndaşları İranın xain planı olan - məzhəbçiliyə dair ayrı-seçkiliyin tərəfdarı deyillər. İran tarixən türk dünyasının və müsəlman əhalisinin düşməni olmuşdur və bu gün də həmin düşmənçiliyi davam etməkdədir. Belə olduğu bir halda isə İranın İslam dinindən əslində öz çirkin məqsədlərindən ötrü istifadə etməsi hər kəsə gün kimi aydın olur. İslam dini isə düşmənçiliyin yox, dostluğun və qardaşlığın dinidir.
Qeyd etmək lazımdır ki, Gürcüstan ərazisində İran tərəfindən sərmayə olunan 11751 təşkilat və şirkət fəaliyyət göstərir. Heç şübhəsiz ki, həmin təşkilatlar Gürcüstanda planlı surətdə İranın tapşırıqlarını yerinə yetirərək təxribatlar törətməyə çalışırlar. Bu baxımdan sübut olaraq onu qeyd etmək olar ki, iranlının sifarişi ilə İsrail əsilli vətəndaşı qətlə yetirmək istəyən beynəlxalq cinayətkar qrupun üzvləri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-kəşfiyyat departamenti tərəfindən ifşa olunaraq zərərsizləşdirilib [2]. Vacib məqamlardan biri də ondan ibarətdir ki, İranın təxribat xarakterli fəaliyyətləri Azərbaycanda da aşkar olunmuşdur. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanda gizli şəkildə İrana xidmət edən 19 nəfər şəxs həbs olunub. Həmin təxribatçıların üzərindən onların qanunsuz silahlı birləşmələrinin təşkil etdiyi hərbi təlimləri barəsində sübutlar, dini-ekstremist münasibətin təbliğ olunmasını təmin edən və Azərbaycanda istifadəsi qadağan olunmuş müxtəlif kitab və materiallar, eləcə də videokadrlar aşkar olunaraq götürülüb [3].
İran Ermənistanın təcavüzkar siyasətinə bəraət qazandıraraq ona havadarlıq edir, Azərbaycan cəmiyyətində fikir ayrılığının və dini ayrı-seçkiliyin yaranmasına çalışır, o cümlədən, İslam dinindən sui-istifadə edərək azərbaycanlıları öz təsir dairəsinə salmağa çalışır. Lakin İran unutmamalıdır ki, artıq dövr dəyişib və regionda yeni reallıqlar yaranıb. İrandakı molla rejimi günü-gündən öz aktuallığını itirməyə və məğlubiyyətə doğru gedir. İran əhalisi hər cür özbaşnalığın, əxlaqsızlığın baş alıb getdiyi molla rejiminin devrilməsini istəyir. Bunu oradakı əhalinin etiraz aksiyalarından da açıq şəkildə müşahidə etmək mümkündür.
Qafqaz regionda yeni reallıqların yaradıcısı Azərbaycandır. İran unutmamalıdır ki, məhz Azərbaycanın dəmir yumruğu sayəsində İkinci Qarabağ müharibəsində Ermənistan darmadağın olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. İran bu mövcud reallıqdan özünə dərs çıxarmalıdır, riyakarcasına saman altından su yeritməməlidir və Azərbaycanın qarşısında güc, əzələ nümayiş etdirməkdən çəkinməlidir. İranın riyakarcasına özünü “dost” kimi qələmə verməyə çalışması da ona kömək etməyəcək. İranın Azərbaycana qarşı olan düşmənçiliyi, separatçılıq meyilləri, İran mollakratiyasına xas olan ikiüzlülük özünü aydın şəkildə biruzə verməkdədir. Ermənistana havadarlıq edən İran, müsəlmanlara məxsus mədəni irsin Ermənistan tərəfindən dağıdılmasını, müsəlman məscidlərində ermənilərin donuz saxlamasını və həmin müqəddəs tikililəri ermənilərin uçurmasını qəsdən görməməzlikdən gəlir ki, bu cür xain davranışı ilə də İran əslində türk-müsəlman dünyasının düşməni olmasını təsdiq etmiş olur. Digər bir tərəfdən İranda bu gün günahsız gənc qadınlar şiddətə məruz qalaraq amansızcasına qətlə yetirilirlər. Qeyd etdiyimiz bütün bu məqamlar İranın İslam dəyərlərindən əslində olduqca uzaq olduğunu və təcavüzkar bir dövlət olduğunu sübuta yetirir.
İstifadə olunmuş mənbələr:
- İran Gürcüstanda din adı altında gizli fəaliyyət göstərir – VİDEO /17.11.22/
- https://report.az/media-xeber/iran-gurcustanda-din-adi-altinda-gizli-fealiyyet-gosterir-video/
- Gürcüstanda İran vətəndaşının sifarişi ilə İsrail vətəndaşının qətlə yetirilməsinin qarşısı alınıb /15.11.22/ https://www.xezerxeber.az/news/dunya/390443/gurcustanda-iran-vetendasinin-sifarisi-ile-israil-vetendasinin-qetle-yetirilmesinin-qarsisi-alinib
- DTX Azərbaycandakı İran agenturasını və silahlı dəstəsini həbs etdi /02.11.22/
- https://azpolitika.info/?p=694102
Hörmətlə,Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
Bu xəbər üçün şərh yazın