Ermənistanın törətdiyi cinayətlərə görə cəzalandırılmaması dünyada təhlükəli tendensiyaya yol aça bilər

Ermənistanın törətdiyi cinayətlərə görə cəzalandırılmaması dünyada təhlükəli tendensiyaya yol aça bilər -Aqiyə Naxçıvanlı

Ermənistan hər iki Qarabağ müharibəsinin gedişində, eləcə də bu iki savaşın arasında sürən işğal dövründə çox sayda hərbi cinayətlər törədib.

   Əlbəttə ki, ötən əsrin sonlarında Azərbaycanda informasiya mühiti çox fərqli idi və bu fərq heç də bizim xeyrimizə deyildi. Ermənilər də bu vəziyyətdən məharətlə yararlanaraq özlərinin vəhşilikləri ilə bağlı bir çox dəlil-sübutları gizlədə bilmişdilər. Lakin haqq-ədalət gec-tez yerini alır və heç bir cinayət gizli qalmır. Hətta torpaq özü də erməni vəhşiliklərinin izlərini özündə saxlamaqdan imtina edir. İşğaldan azad edilən ərazilərimizdə ardıcıl aşkar olunan kütləvi məzarlıqlar da bunun sübutudur.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

   Deputat Ermənistan hökumətinin, erməni silahlı qüvvələrinin hərbi cinayətlərinin Vətən müharibəsinin gedişində dəfələrlə dünyaya təqdim olunduğunu xatırladaraq bunları deyib: “Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Əslində hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Buna görə də dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır”.

   Aqiyə Naxçıvanlı həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri nəhayət ki, ikili standartlar siyasətindən əl çəkməli və Ermənistana qarşı ən sərt tədbirlər görməlidirlər: “Artıq dəqiq müəyyən edilib ki, Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkar edilmiş kütləvi məzarlıqda dəfn olunmuş 12 meyit qalığı Azərbaycan hərbi qulluqçularına aiddir. Həmçinin ekspertiza yolu ilə müəyyən olunub ki, qətlə yetirildikdən sonra kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmiş bu insanlara əvvəlcə işgəncə və əzab verilib. Meyitlərin sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür.Üçüncü Cenevrə Konvensiyası – “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir. Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tövsif edilir. Bu gün dünyanın liderlik iddiasında olan ölkələri də, aparıcı beynəlxalq təşkilatlar da nəhayət ki, ikili siyasət yürütməkdən əl çəkməlidirlər. Ermənistan hərbi cinayətkardır və buna görə də beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi