Fermer Ağdam Mexaniki Suvarma İdarəsinin işçisi tərəfindən döyüldü
Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmasından 15 aydan artıq vaxt keçir.
Ötən 15 ay Zaur Mikayılovun meliorasiya sahəsində dönüş edəcəyi ilə bağlı ümidlərin gerçəkləşmədiyini üzə çıxardı. Aydın görünür ki, Əhməd Əhmədzadənin uzun illik hakimiyyəti zamanı tamamilə çökmüş meliorasiya sektorunda irəliləyişə nail olmaq Zaur Mikayılovun imkanında deyil. Bu qənaəti gücləndirən məlumatlardan biri də “Yeni Sözçü” qəzetinin redaksiyasına Ağdam rayonundan daxil olub. Söhbət Ağdam rayonu, Xındırıstan qəsəbəsi, Baharlı kəndində yaşayan (El arasında Əlişbəy Baharlısı adlanır) fermer Cəfərov Mahmud Yusif oğlu tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanladığı ərizədə əksini tapan məlumatlardan gedir. Qeyd edək ki, fermerin Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanladığı ərizənn bir sürəti də də “Yeni Sözçü” qəzetinin redaksiyasına göndərilib.
Müəllif Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanlanmış məktubunda 20 hektar torpaq sahəsinə su verilməsi üçün 23 may 2022-ci ildə ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsinə getdiyini bildirir. İdarənin inzibati binasının qarşısında idarənin rəisi Hafiz Əzimzadə ilə görüşüb, əkin sahəsinə su verilməsi üçün ona müraciət edib. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi ilə danışdığı zaman idarənin iki əməkdaşı, Elşən Orucov və Yusifin hücumuna məruz qalıb. İdarə rəsinin gözləri qarşısında Elşən və Yusif fermer Mahmud Cəfərovu döyməyə, ağır sözlərlə təhqir etməyə başlayıblar. Vəziyyətin ciddiləşdiyini görən idarə rəisi Hafiz Əzimzadə olaya müdaxilə edib və fermeri işçilərinin əlindən alaraq idarənin inzibati binasına öz otağına aparıb. Orada fermer Mahmud Cəfərova ilk tibbi yardım göstərilib. Bundan sonra fermer Mahmud Cəfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Elşən və Yusif tərəfindən döyülməsi ilə bağlı məlumat verib. Onun bu müraciəti əsasında Ağdam rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq hələ ciddi bir tədbir görülməyib.Onu da qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsin qabağında görüntü kameraları var. Ancaq hadisənin görüntüləri sonradan kameralardan silinib. Belə görünür ki, daxili işlər naziri Vilayət Eyvazovun və Baş prokuror Kamran Əliyevin hüququn aliliyi və qanunçuluğunun gücləndirilməsi istiqamətində gördüyü işlər Ağdam rayon polis şöbəsinin rəisi Pərviz İsmayılov və Ağdam rayon prokuroru Vasif Süleymanovun fəaliyyətində öz əksini tapmayıb.
Ona görə də ümid edirik ki, daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyev fermer Cəfərov Mahmud Yusif oğlunun Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Elşən Orucov və Yusif tərəfindən döyülməsi faktı ilə bağlı xuliqanlıq hadisəsinin araşdırılmasını nəzarətə götürəcəklər. Nəhayət, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ağdam Mexaniki Suvarma İdarəsinin iki əməkdaşı tərəfindən fermer Cəfərov Mahmud Yusif oğlunun döyülməsi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirəcək. Bu vəzifə isə Ağdam Mexaniki Suvarma İdarəsinin inzibati binasının qarşısında bir vətəndaşın döyülməsində hüquqi və mənəvi məsuliyyət daşıyanları tutduqları vəzifədən azad edəcək. Fermer Mahmud Cəfərovun Ağdam Mexaniki Suvarma İdarəsində döyülməsi ilə bağlı xuliqanlıq hadisəinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması ilə bağlı prosesi diqqətdə saxlamağa, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mövqeyini öyrənməyə çalışacağıq. Ağdam rayon İcra Hakimiyyətinin də mövqeyinin nədən ibarət olduğu qeyri-müəyyəndir. Ümid edirik ki, Ağdam rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri də bu hadisə ilə bağlı mövqe bildirəcəklər.
“Yeni Sözçü” qəzeti isə Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə ilə bağlı Ağdam rayon sakinlərindən daxil olan məlumatları araşdırmağa da çalışacaq.
Ardı var...
A.Aydın,
Sozcu.info
Bu xəbər üçün şərh yazın