"Fransa prezidentinin məsuliyyətsiz çıxışları..."

"Fransa prezidentinin məsuliyyətsiz çıxışları..." -Aqiyə Naxçıvanlı

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 oktyabr tarixində Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Cənubi Qafqazda sülh prosesini əngəlləməyə, Ermənistanın işğalçı və separatçı siyasətinə dəstək olmağa çalışan qüvvələrə ən layiqli cavabdır.

    Təəssüflər olsun ki, bu gün həmin qüvvələri təmsil edənlərin arasında Fransa kimi böyük bir dövlətin başçısı da yer alıb. Əlbəttə ki, bu təəssüf ilk növbədə məhz elə fransız xalqı və Fransa dövləti üçün ifadə olunur. Çünki özünün məsuliyyətsiz və əsassız bəyanatları ilə Fransa prezidenti Makron ilk növbədə öz ölkəsini mövqelərini zəiflətmiş, nüfuzuna zərbə vurmuş oldu. Fransa prezidentinin Minsk Qrupunun yenidən vasitəçi qurum kimi dirçəldilməsinə və siyasi proseslərə cəlb olunmasına yönəlmiş cəhdləri əlbəttə ki, heç bir nəticə verə bilməz. Çünki 28 il ərzində bu qurumun əslində münaqişənin nizamlanması yox, onun dondurulması məqsədilə göstərdiyi fəaliyyətin nəticəsi sıfıra bərabər oldu. Münaqişəni isə Azərbaycan özü beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll etdi. Dövlətimizin başçısı öz çıxışında bir daha bunları diqqət mərkəzinə çəkdi və Azərbaycanın Praqada keçirilmiş dördtərəfli görüşün Fransa prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın əslində Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti olmadığını, eləcə də ATƏT-in Minsk Qrupunun xidmətinə artıq heç bir ehtiyac qalmadığını vurğuladı.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin Fransanın bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirakının qətiyyən məqsədəuyğun olmadığını vurğulayaraq bunları deyib: “Prezident Makron öz bəyanatları ilə açıq-aşkar təsdiq etdi ki, Fransanın Cənubi Qafqazda gedən proseslərə münasiətdə mövqeyi qətiyyən tərəfsiz deyil. Aydındır ki, bu mövqe birmənalı olaraq Ermənistanın maraqlarının müdafiəsinə xidmət etməklə Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib.Halbuki, məhz Ermənistan Azərbaycana hücum edərək, suveren dövlətin ərazisinin 20 faizini 30 il işğal altında saxlayıb. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, ölkəmiz beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdi. Lakin Makronun bu həqiqətləri təhrif etməyə yönələn cəhdləri heç də Fransanın qərəzli mövqeyini nümayiş etdirən yeganə arqument deyil.


Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə verdiyi yalan bəyanatlar da bu dəlillər sırasına aid olunmalıdır. Həmçinin biz hamımız İkinci Qarabağ müharibəsi dövründə Fransa Senatı və aşağı palatasının qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiklərini də yaxşı xatırlayırıq. Son günlər Azərbaycanın Parisdəki səfirliyi ilə bağlı yaşanan olaylar isə, artıq Fransanın ölkəmizə qarşı münasibətini xarakterizə etmək üçün sadəcə qərəzli ifadəsinin çox yumşaq olduğunu deməyə əsas yaratdı. Fransanın paytaxtında ardıcıl iki dəfə bizim səfirliyə hücumlar təşkil olundu. Həm də birinci hücumdan sonra Fransa prezidenti bu yolverilməz halın bir daha təkrarlanmaması üçün müvafiq tədbir görəcəyini vəd etmişdi. Amma görülən tədbir bu oldu ki, birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə də götürüldü. Sanki bununla Fransa prezidentinin hər zaman ermənilərin yanında olacaqlarına dair verdiyi bəyanatın zəmini hazırlandı. Bütün bunların fonunda da noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Əlbəttə ki, yaranmış vəziyyətdə Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində hər hansı rol oynaması əsla mümkün deyil və Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da bunu birmənalı olaraq vurğuladı”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər