"Gələcəkdə plagiat işlərlə bağlı adlar açıqlana bilər"- Famil Mustafayev
Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib.
Faktinfo.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bildirib.
O qeyd edib ki, bu müddət ərzində 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub.
Xaricdə elmi dərəcə alan 77 fəlsəfə doktorunun sənədi ölkəmizdə tanınıb, 25 nəfərin elmi dərəcəsinin tanınmasından imtina edilib.
Famil Mustafayev deyib ki, imtinanın səbəbləri sırasında plagiat, prosedur pozuntuları, iddiaçıların bilik səviyyələrinin iddia etdikləri elmi dərəcəyə uyğun gəlməməsi, nəticələrin elmi xarakter daşımaması və s. məsələlər daxildir. Son 3 il ərzində sadalanan səbəblərə görə 600 elmi işə imtina cavabı verilib.
Famil Mustafayev əlavə edib ki, elmi işi plagiat olan şəxslərin adları rəsmi saytda açıqlana bilər. Onun sözlərinə görə, bəzən şəxsin müdafiə etdiyi elm sahəsi haqqında elementar biliklərə sahib olmadığı müşahidə olunur.
"Bu, həmin müəssisələrdə işin hansı səviyyədə təşkil olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi saytda açıqlana bilər",- deyə o qeyd edib.
Ətraflı videomaterialı təqdim edirik:
Bu xəbər üçün şərh yazın