“Görülən tədbirlərə baxmayaraq, narkotik istifadəçilərinin sayı ilbəil artır” - Parlamentin komitə sədri
“Narkotiklə mübarizə çərçivəsində görülən işlərə baxmayaraq, statistika göstərir ki, belə insanların sayı artır”.
APA.az-ın məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu bizim ölkəmizdə də, dünyada da belədir: “Narkotik istifadəçilərinin sayı ilbəil artır. Bunun bir çox səbəbi var. Əsas səbəblərdən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır. Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. İkinci tərəfdən biz bilirik ki, statistika bütün bu insanları əhatə etmir. Böyük qrup insanlar bu statistikadan kənarda qalır. Bunun həllinə kompleks məsələ kimi baxmalıyıq”.
Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır: “Dünyada bu sahədə fəaliyyət göstərən bir çox qurum var. Biz o qurumlarla da işləməli, onların təcrübəsindən yararlanmalıyıq”.
Bu xəbər üçün şərh yazın