Görkəmli şair Mikayıl Müşfiq “mərdimazar” oldu...
Mikayıl Müşfiqin özü sağ olsaydı, o da razı olmazdı ki, ona görə gündəlik çörək puluna işləyən hansısa binəvalar cəzalandırılsın.
Bir neçə gün əvvəl görkəmli şair Mikayıl Müşfiqin heykəlinin heç bir açıqlama verilmədən götürülməsi və ərazidə söküntü işlərinin aparılması ölkədə şok effekti yaratdı. Hətta ölkə rəhbərliyindən tutmuş, ən sıravi vətəndaşlara qədər hər kəs bu məsələdən hiddətləndiklərini və günahkarların cəzalandırılmalı olduqlarını bildirdilər.Doğrudan da, az sonra 3 nəfər cəzalandırıldı. Onlar da kim olsa, yaxşıdır: bir iş icraçısı və iki fəhlə. Vallah, adam deməyə söz tapmır. Yəqin ki, Mikayıl Müşfiqin özü sağ olsaydı, o da razı olmazdı ki, ona görə gündəlik çörək puluna işləyən hansısa binəvalar cəzalandırılsın.
Maraqlıdır ki, söküntü-tikinti işləri aparan “Azəravtoyol” ASC-nin rəhbərliyi, ərazinin yerləşdiyi Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri kənarda qaldı. Halbuki ilk günlər “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin adı əsas günahkarlar kimi KİV-də daha çox tənqid olunurdu.
Əsində nə baş verib və nə etmək lazım idi?
Hər şeydən əvvəl “Azəravtoyol”un rəhbərliyi bilməli idi ki, görkəmli ədibin heykəlinin götürülməsi əksər vətəndaşların, o cümlədən ,jurnalistlərin,bloqqerlərin,şairsevərlərin diqqətini çəkər,bir sözlə ictimailəşə bilər.Bu səbəbdən də ilk növbədə ərazidə iş aparan “Azəravtoyol”un rəhbərliyi rəsmi şəkildə aidiyyatı qurumları və aparıcı KİV-lər vasitəsilə geniş ictimaiyyəti görüləcək işlər barədə ətraflı məlumatlandırmalı idi. Necə ki,paytaxtın hansısa küçəsində yolun təmiri ilə bağlı əvvəlcədən əhali xəbərdar edilir.Bu olmadı, “Azəravtoyol”un rəhbərliyi susmağa üstünlük verdi ki, bəlkə məsələnin üstündən keçilə. Amma,mətbuat durmadan yaranmış vəziyyəti tənqid etdi,ölkə ictimaiyyətini məlumatlandırdı.Bu zaman isə bildirilməliydi ki, ərazidə yol genişləndiriləcək, abadlıq işləri aparılacaq və gözəl bir park salınacaq. Həmin işlər görülərkən orada işləyən texnika Müşfiqin büstünə istəmədən zədə yetirə bilər.Bu məsələ nəzərə alınaraq görkəmli şairin büstü müvəqqəti oradan götürülüb və işlər başa çatdıqdan sonra əvvəlkindən də gözəl bir şəkildə yerinə qoyulacaq.Fikrimizcə, belə bir açıqlama olsaydı, heç bu qədər ajioataj da əmələ gəlməzdi.Butun bunlar ölçülü şəkildə, mühəndisi nöqteyi nəzərdən “Azəravtoyol”un rəhbərliyi tərəfindən hadisənin ilk günündən əsaslandırılmalı idi ki, bu da olmadı.Belə olan təqdirdə “Azəravtoyol” rəsmilərinin KİV-i məsələni şişirtməkdə günahlandırmaları nə dərəcədə ədalətlidir?!
Faktinfo.az-a daxil olan məlumata görə, məsələdən Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcədən xəbəri olub, ancaq səhlənkarlıq göstərilərək hökumətə və ictimaiyyətə məlumat verilməyib.Dövlət başçısınn bu məsələ ilə bağlı sərt təpkisindən sonra isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev hərəkətə keçdi, əl-ayağa düşərək büstün götürülməsindən xəbərsiz olduqlarını və günahkarların cəzalandırılmasına çalışacaqlarını bildirdi. Yeri gəlmişkən, cənab nazirə demək istərdik ki, əgər M.Müşfiqə hörmət və ehtiramları varsa, zəhmət çəkib şairin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki heykəli ilə də maraqlansınlar. Çünki, həmin heykəl hazırda çirkab içərisindədir və çox utancverici bir vəziyyətə düşüb.Sonda bir daha təkrar olaraq qeyd etmək istərdik ki, Yasamalda Müşfiqin büstünün götürülməsinə görə 3 sıravi şəxsin cəzalandırılması heç ölməz şairin ruhuna da rahatlıq gətirmir və ölkə ictimaiyyəti tərəfindən də normal qarşılanmır.Çünki,ölməz şairin özü də heç vaxt məqsədəuyğun bilməzdi ki,kimlərsə yol və park salınmasından milyonlar qazansın,bir-iki yetim-yesir də bu işin güdazına getsin.
Qısası Mikayıl Müşfiq razı olmazdı ki, kimlərinsə məsuliyyətsizliyinə görə cəzalandırılan binəvaların gözündə "mərdimazar"olsun.
Rizvan Əhmədli
Faktinfo.az
Bu xəbər üçün şərh yazın