HƏDSİZ YOLUXMA HƏDSİZ QAZANC DEMƏKDİR?! – Koronavirus xəstəsini xəstəxanaya necə yerləşdirmək olur?
Deyəsən, səhiyyə sistemi – dərman bazarının başbilənləri koronavirusa yoluxanların hədsiz çoxluğunu "hədsiz qazanca" çevirməyin yollarını tapıb.
Həkim, dərman, təcili yardım ucbatından həyatını itirən vətəndaşlarımızın sayı artdıqca, işbaz səhiyyə rəhbərlərinin, dərman mafiyasının, test alverçilərinin bank hesabları şişir.
Ölkədə rüsvayçı mənzərə höküm sürür və bunun səbəbini heç də pandemiyanın yaratdığı təbii xaosla izah etmək mümkün deyil. Pis idarəçilik, korrupsiya, rüşvət, monopoliya, möhtəkirlik insanları virus qarşısında köməksiz qoyub. 2 gün əvvəl tanınmış hərbi jurnalist, üç azyaşlı uşaq atası Rəşad Süleymanov 38 yaşında koronavirusdan dünyasını dəyişdi. Həyat yoldaşı mətbuata bildirdi ki, onu iki dəfə təcili yardımla "Semaşko" xəstəxanasına aparsalar da, yer olmadığına görə evə qaytarıblar. Nəticədə, bu gənc və sağlam adam köməksizlikdən həyatını itirib. Şübhəsiz ki, mərhum həmkarımız kimi onlarla, yüzlərlə vətəndaşımız məhz bu səbəbdən həyatını itirir. Bəs, səhiyyə qurumlarının gətirdiyi "yer yoxdur" arqumenti doğrudan da keçərlidirmi?
Xəstəxanalarda yerlər "od qiymətinə" satılır!
Araşdırmalar, əldə olunan çoxsaylı məlumatlar sübut edir ki, xəstə çoxluğundan modul tipli xəstəxanalarda, habelə dövlətin pandemiyaya qarşı mübarizə çərçivəsində ayırdığı tibb müəssisələrində ciddi yer qıtlığı var. Amma boş yerlər də həmişə var, sadəcə onu "yaxşı qiymətə" satırlar! Xəstə yaxınlarının birindən aldığımız məlumata görə, ağır vəziyyətdə olan qohumunu modul xəstəxanaya yerləşdirmək üçün uzun xahiş-minnətdən sonra 4 min manatından keçməli olub! Onları elə bir seçim qarşısında qoyublar ki, təcili borca-xərcə düşüb tələb olunan rüşvəti ödəməyə məcbur olublar. Mənbə bildirir ki, başqa xəstəxanalarda bu qiymət daha yüksəkdir: 6 -10 min manat arasında dəyşir! Kimin bu pulu ödəməyə imkanı varsa, tibbi xidmət alır və sağalır, olmayan da əzablar içində boğulub ölməyə məhkumdur. Belə dəhşətli ölümlər qəddarlaşmış tibb idarəçilərinin tükünü belə tərpətmir. Sanki, heç kimdən, hüquq-mühafizə orqanlarından çəkinəcəkləri də yoxdur. İnsan ölümləri üçün standart səbəb göstərilir: müalicəyə gec başlayıb, yaxud evdə düzgün tibbi yardım almayıb. Daha sakit, təmkinli cavab istə "yer olmadığından xəstəxanada yerləşdirə bilmədik"dən ibarətdir.
TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirir ki, xəstəxanalarda boş yerlərin siyahısı gündəlik olaraq təcili yardıma göndərilir. Onlar da xəstələri uyğun olaraq bu ünvanlara daşıyırlar. Sosial şəbəkələrdə yayılan müraciətlərdən görünür ki, təcili yardımla xəstəxanaya yerləşdirilmək heç kimə asanlıqla nəsib olmur. Hətta tanınmış ictimaiyyət nümayəndələri də problemi ictimailəşdirdikdən sonra bu xidmətin yardımı ilə xəstəxanaya gedə bilmirlər. Təbii ki, bu halda sadə, kasıb vətəndaşın bu imkanı sıfıra bərabərdir. Məlum olur ki, əslində səhiyyə başbilənləri qıt olan yerləri “bazar qiymətləri” ilə satdığına görə, orada dövlətin müəyyən etdiyi qaydalarla tibbi yardım almaq mümkün deyil.
TƏBİB-in yaydığı məlumata görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 171 mini ötüb. Hazırda 63 minə yaxın xəstə coviddən müalicə olunur. Bu yaxınlarda Nazirlər Kabinetinin açıqladığı rəqəmlər göstərdi ki, bu rəqəm yoluxanların təxminən yarısıdır. Səhiyyə Nazirliyinin qeydə aldığı - evdə müalicə olunan xəstələrin sayı 100 mindən artıqdır. Son günlər bu rəqəm daha da böyüyüb. Onlardan vəfat edənlərin, sağalanların sayı isə məlum deyil. Nəticə etibarı ilə coviddən gündəlik ölüm sayı elan olunduğu 40-45 nəfərdən bir neçə dəfə çoxdur.
Dərman mafiyası at oynadır, vahid dərman tariflərini hara getdi?
Həm TƏBİB, həm də Səhiyyə Nazirliyinin nəzarət etdiyi, eyni zamanda hər iki qurumun xəbərsiz olduğu koronavirus xəstələrinin ümumi bir problemi var: Covidə qarşı dərmanlar tapılmır, dəyərindən 20-30 dəfə baha satılır. Dərman firmaları onları apteklərə vermədən depolardan bilavasitə "qara bazara" çıxarır və orada öz adamları vasitəsi ilə od qiymətinə satırlar. Bir neçə həftədir, "Arbidol", "Favipravir", "Kleksan", müxtəlif multivitaminlər, sistem əlavələri və s. preparatlar apteklərdə satılmır. Onları dərman mafiyasından əldə etmək olar. Məsələn, "Kleksan"ın bir ampula iynəsi 60-70 manata, bir qutu 200 mq "Arbidol" 50-60 manata satılır, "Favipravir"in qiyməti isə hazırda 500-700 manat arasında dəyişir. Bu dərmanları hətta ortagəlirli vətəndaşlar da alıb istifadə etməkdə çətinlik çəkirlər. Bəs, Azərbaycanda dərmanların vahid qiyməti müəyyən olunmuşdu, Tarif Şurası yarım il gecə-gündüz işləyib bütün preparatlara qiymət qoymuşdu. İndi pandemiyadan boğulan ölkədə bu sistem niyə işləmir, bu biabırçılığa kim cavab verməlidir?
Bundan başqa, tibb müəssisələrində analizlərin, kompüter tomoqrasiyası (KT) müayinlərinin qiyməti də kifayət qədər bahadır. Xəstəxanalarda uzun növbələr yaranır, xəstə bəzən günlərlə müayinədən keçə bilmir. Ağ ciyərlərin kompüter tomoqrafiyası dövlət xəstəxanalarında 90-120, özəl klinikalarda isə 100-180 manat arasında dəyişir. Müalicə müddətində bir neçə dəfə KT-rentgen müayinəsinə ehtiyac olduğunu nəzərə alsaq, xərclər kəllə-çarxa yüksəlir. Beləliklə, virusa yoluxmuş xəstənin müalicə xərcləri ümumilikdə 2 min manata çatır. Orta aylıq əməkhaqqının 700 manat civarında olduğu ölkədə bu xərcləri qarşılamaq yalnız müəyyən faiz əhalinin imkanları daxilindədir.
Yeri gəlmişkən, korona əleyhinə preparatlar başqa ölkələrdə Azərbaycanla müqayisədə 5-7 dəfə ucuzdur. Türkiyədə bu sektora ciddi nəzarət var və dərman sənayesi, satış obyektləri bizdə olduğu kimi mafiya qaydaları ilə işləmir.
Bəs kütləvi yoluxmanın baş alıb getdiyi ölkədə qalan insanlar nə etməlidirlər, özlərinin, yaxınlarının həyatını necə qorumalıdırlar? Aidiyyatı qurumlar, hökumət bu sahədə nə düşünür, bu çox maraqlıdır.
Test biabırçılığı
Ölkədə pandemiya xaosunu yaradan əsas səbəblərdən daha biri də səhiyyə sistemindəki biabırçı idarəetmədən qaynaqlanır. Məlumdur ki, normal inkişaf etmiş ölkələrdə koronavirusa qarşı profilaktik tədbirlərin başında əhalinin testdən keçirilməsi dayanır. Bu iş dövlət tərəfindən təşkil olunur və lazım olan bütün tibbi vasitələr və maliyyə xərcləri dövlət tərəfindən qarşılanır. Burada məqsəd ondan ibarətdir ki, qısa müddətdə virusa yoluxanların əhatə dairəsi müəyyənləşdirilir, onlar dərhal evdə, yaxud xəstəxanalarda təcrid edilir və müalicəyə başlanır. Nəticədə virusun yayılma arealı lokallaşır, daşıyıcılar nəzarət altına alınır və ümumilikdə pandemiya şəraiti kontrolda saxlanılır.
Azərbaycanda isə bunun tamamilə əksidir. Bu yaxınlarda TƏBİB elan etdi ki, simptomsuz şəxslərdən testlər götürülmür. Koronavirusun həm də özünü xəstə hiss etməyən, amma daşıyıcı olan şəxslər tərəfindən daha təhlükəli şəkildə yayıldığını nəzərə alsaq, bu qərar tamamilə absurddur. 10 milyonluq ölkədə gündəlik 17-18 minə qədər test aparılır. Rəsmi məlumata görə az qala onların 25-30 faizində virus aşkarlanır. Pandemiyanın davam etdiyi 10 ay ərzində ölkdə aparılan testlərin ümumi sayı 2 milyona çatmır. Nəzərə alsaq ki, ölkədə yaşı 17-dən yuxarı 7 milyona yaxın vətəndaş var və test sayına bir şəxsin bir neçə dəfə test verməsi də daxildir, o zaman mənzərə tamamlanır. Deməli, Azərbaycanda milyonlarla insan koronavirus testindən keçirilməyib, bu da pandemiya şəraitində arzuolunmaz haldır.
Bəs, insanlar niyə test vermirlər, axı söhbət insan həyatını bir neçə günə məhv edən virus təhlükəsindən gedir? Bunun çox sadə səbəbi var: dövlət xəstəxanalarında yalnız koronavirus əlamətləri olan şəxslərdən (qızdırma, öskürək və s.) pulsuz test götürülür. Səhiyyə qurumları əhalinin pulsuz testləşdirməsini aparmırlar. Bu işi səhiyyə başbilənləri ilə şərik olan klinikalar həyata keçirir. Burada qiymətlər fantastikdir: dəyəri 5-7 dollar olan testlər 95-140 (klinikaya və ya istehsalçı ölkəyə görə dəyişir) manata götürülür.
Azərbaycan hökuməti pandemiyaya qarşı mübarizəyə 3 milyard manat ayırdığını elan edib. Bu vəsaitdən 50 milyon manat xərcləməklə bütün əhalini testdən keçirmək olar. Amma maraqlıdır, bu addım atılmır, əvəzində 4-5 klinika meydana çıxır və 5 dollarlıq testləri əhaliyə 55 dollara satmağa başlayır. Nəticədə hər gün əhalidən yığılan milyonlarla manat şəxsi ciblərə gedir. Heç kim də bu rüsvayçılıqdan, soyğunçuluqdan narahatlıq keçirmir. Yenə Türkiyədən örnək gətirək: Həyat səviyyəsi Azərbaycandan daha yüksək olan qardaş ölkədə testlərin maksimum qiyməti 250 TL, yəni təxminən 50 manat civarında müəyyənləşdirilib. Kiçik bir müqayisə azərbaycanlılar üçün vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Ümid edək ki...
Nəticə olaraq qeyd edək ki, pandemiyaya qarşı mübarizədən sui-istifadə, cinayət hallarının sayını kifayət qədər uzatmaq olar. Təsvir etdiyimiz mənzərə aidiyyatı dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının araşdırma aparması üçün kifayətdir. Bütün neqativ hallar hər kəsin gözü qarşısında baş verir və kütləvi insan ölümlərinə gətirib çıxarır. Səhiyyə sistemi ilə əlaqəli olan bir qrup şəxs ölkədəki ağır pandemiya şəraitindən istifadə edib varlanır. Bu da dövlətin imicinə kölgə salır, cəmiyyətdə ona qarşı etimadsızlıq yaradır. Ümid edək ki, parlament və aidiyyatı nəzarət qurumları insanların həyatına bais olan bu cinayətlərlə bağlı ölçü götürəcəklər.
Elçin Rüstəmli
"AzPolitika.info"
Bu xəbər üçün şərh yazın