
HƏQİQƏTİ XALQA ÇATDIRMALIYIQ Kİ, GƏLƏCƏK NƏSİLLƏR ÖZ HƏQİQİ QƏHRƏMANLARINI TANISIN!
Mən, Ramazanov Əhməd Tofiq oğlu, 17.10.1997-ci ildə Şəki rayonu, Baş Kəldək kəndində anadan olmuşam. 20 oktyabr 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışam. Xidmətə başladıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin birində bölüyün rabitə bölməsində xidmət etmişəm.
2016-cı ildə Aprel döyüşlərində iştirak etmişəm.
2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
07.11.2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlər zamanı yaralanmışam və yaralanmağıma baxmayaraq, döyüşü axıracan davam etdirmişəm.
2021-ci ildə Kəlbəcər ərazisinin bərpasında 2 aya qədər iştirak etmişəm.
2022-ci ilin Sarsıdıcı Zərbə əməliyyatlarının iştirakçısıyam.
Dövlət başçısı cənab İlham Əliyevin adından 6 müxtəlif medalla təltif olunmuşam. Hal-hazırda ehtiyatda olan hərbçiyəm.
Sizə cəsur bir igid döyüşçüdən bu gün söhbət açaram.
Xidmətimiz dövründə bizə böyük köməklik göstərən, döyüş hazırlığında, təlimlərdə və atış məşqlərində bilik və bacarıqlar öyrədən şəxslərdən biri də baş gizir Xankişiyev Şərafəddin (Xanış) Sərdar oğludur.
Xankişiyevlə 2020-ci il Vətən müharibəsindən döyüşmüşük. O, mənim gördüyüm ən cəsur, bacarıqlı, qorxmaz və daim ön cəbhədə öndə olan döyüşçülərdən biri idi. Düşmənə çox sayda itki verdiklərinin şahidiyəm.
2021-ci ildə Kəlbəcər istiqamətində ərazimizin bərqərar olunması zamanı silah işlətmədən, əsasən fiziki güc hesabına Xankişiyevlə birlikdə çoxsaylı düşmən qüvvələrinin qarşısında dayanmışıq. Sayımız az olsa da, qarşı tərəf 30–40 nəfərlə gəlməsinə baxmayaraq, onların qarşısını almışıq. Əynimizdə XTQ-lərin hərbi forması yox, Sərhəd Qoşunlarının formasında fəaliyyət göstərməyimizə baxmayaraq, düşmən bizim xüsusi təyinatlı olduğumuzu anlayırdı. Həmin ərazidə 60 gün ərzində qar, yağış, isti və ağır şəraitdə, ac və susuz vəziyyətdə yüzlərlə düşmən qarşısında dayanaraq Kəlbəcər rayonunun sərhədini bərpa etmişik.
2022-ci ilin sentyabr ayında baş vermiş 4 günlük Sarsıdıcı Zərbə əməliyyatlarında da Xankişiyevin yanında olmuşam. Həmin döyüşlərdə 9 şəhid və çoxlu sayda yaralı verməyimizə baxmayaraq, hücum edən düşmənə böyük itkilər verdik. Xankişiyevin rəhbərlik etdiyi 2–3 heyətlə çox sayda erməni hərbçisini məhv etməsinin şahidiyəm.
Xankişiyev postda yerləşən ağır silahlardan şəxsən istifadə edərək düşmənin bir postunu içərisindəki heyətlə birlikdə məhv etmiş, düşmənə həm maddi, həm də mənəvi zərbə vurmuşdur.
Əlində olan ağır silahlarla düşmənin on milyonlarla dəyəri olan texnikasını və digər texniki vasitələrini sıradan çıxarmışdır. Həmin döyüşlər zamanı mən də Xankişiyevin yaxınlığında olaraq bütün hərbi hissələrin heyətləri arasında rabitəyə nəzarət edirdim. Hərbi hissə komandirinin rabitəçisi kimi komandirin bütün əmr və tapşırıqlarını şəxsi heyətə çatdırırdım, həmçinin daxil olan məlumatları qəbul edirdim.
Bu döyüşün son mərhələlərində şəxsən baş gizir Xankişiyev Şərafəddinin düşmənin REM (JİTEL) dövlət dəyəri 10 milyon dollarlıq kəşfiyyat texnikasını, əlavə olaraq düşmənə mərmi dəstəyi üçün gələn 3 ədəd silah-sursat daşıyan oral texnikasını və çox sayda canlı qüvvəsini tamamilə məhv etdiyinə görə “Milli Qəhrəman” adına təqdim olunması ilə bağlı sənədi qəbul edərək yuxarı komandanlığa eyni qaydada ötürmüşəm.
2022-ci ildəki həmin döyüşlərdə fərqlənməsinə baxmayaraq, onun “Milli Qəhrəman” adına təqdim olunduğu bildirilsə də, bu ad ona nədənsə hələ də verilməmişdir.
Mən ordu sıralarından səhhətimlə əlaqədar təxris olsam belə, döyüşçülərlə həmişə maraqlanmışam. 2023-cü ilin antiterror əməliyyatı zamanı eşitdiyimə görə, Xankişiyevin fəaliyyəti, onun Xankəndi ərazisinə kəşfiyyata getməsi, yenidən qəhrəmanlıq göstərməsi XTQ-lərin şəxsi heyəti arasında yayılmışdı.
Xalq öz həqiqi qəhrəmanını tanımaq üçün bu gün Xankişiyev Şərafəddin haqqında danışdım. Gələcək nəsil döyüşçüləri tanımalıdır.
İnanıram ki, haçansa cənab Ali Baş Komandan Xankişiyevin əməyini qiymətləndirəcək.
AJB-nin üzvü, Mədəniyyət işçisi Sürəddin Əliyev












Bu xəbər üçün şərh yazın