Həyat yoldaşı Nüsrət Kəsəmənlinin ilk sevgilisindən danışdı – VİDEO
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum şair Nüsrət Kəsəmənlinin həyatından danışılıb.
Şairin ailə üzvləri və qohumları onunla bağlı xatirələrini bölüşüb:
Rahilə Kəsəmənli – Həyat yoldaşı: “1-ci kursda oxuyurdum, universitetə təzə gəlirdim və demək olar ki, heç kəsi tanımırdım. Universitetdə məni işə qəbul etdilər. 17-18 yaşımdan universitetdə həm oxuyub, həm də işləyirdim. O vaxt komputer yox idi, makinada yazılırdı. Gördüm bir oğlan gəldi. Oğlan indi də universitetdə tarix fakültəsinin müəllimidir. O oğlan əlində vərəq gətirdi ki, xahiş edirəm makinada bunu yazasınız. Aldım, yazanda gördüm ki, “Ona” adlı bir şeirdir. Şeiri oxudum, xoşuma gəldi və bir nüsxəsini özüm üçün çap etdim.
Kənara qoydum amma şeirin dalınca heç kim gəlmədi. Sonradan hündür bir oğlan gəldi, tamam başqa biri idi, o şeiri gətirən oğlan deyildi. Görkəmindən tanış gəlirdi, amma ağlıma da gəlməzdi ki, Nüsrət Kəsəmənli burada tələbədir. O, İncəsənət Universitetində oxumuşdu, bu onun 2-ci ixtisası idi. Dedi ki, xanım sizə bir yazı veriblər onun dalınca gəlmişəm. Mən də makinadan çıxarılmış formasını və əl yazısını verdim. Görkəmindən hiss olunurdu ki, bu yazı bəhanədir, gəlişi yazı üçün deyil. Makinadan çıxarılmışı götürdü, amma əl yazmasını qoydu stoluma ki, bu qalsın. 1-2 saat keçdi dedilər ki, səni telefona çağırırlar.
Telefonu götürdüm səs həmin səs idi. Dedi ki, xanım siz o əl yazmasını götürdüz? Dedim ki, hə, qalıb stolun üstündə, gəlib apara bilərsiniz. Dedi ki, heç düşünmədiz ki, o əl yazması niyə sizdə qalmalı idi? 18 yaşım olsa da başa düşə bilmirdim ki, mənə yazıb və niyə yazıb. Sonradan anladım ki, bu yazı bir bəhanə imiş. Mənə deyirdi ki, mən hər zaman sözü deyən oğlan olmuşam. Amma sənə deməyə utandım, başqasını göndərdim. Onda fikirləşdim ki, ay Nüsrət sənin sonun gəldi, axırına çıxsa elə bu qız çıxacaq. Zarafatla deyirdi, gülürdük. 1 ildən sonra bizim toyumuz oldu. Nişanlanandan sonra çox çətin günlərim başladı.
Kənardan o qədər söz-söhbətlər, zənglər eşidirdim ki... Mənə dedilər ki, səndən əvvəl Sevda adında bir qızı istəyib. Amma nədənsə onların sevdası baş tutmayıb, səbəbi isə mənim üçün maraqlı deyildi. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.
Dekabırın 21-si Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da özü hər şeyi etiraf etmişdi. O, “Etiraf” şeiri yazılanda hamı elə başa düşürdü ki, mən çox sevinmişəm. Əksinə, ən çətin an elə o şeiri oxuduğum an oldu. Çünki, istəmirdim ki, kimsə bilsin bizim ailədə nə baş verib. Gec gəlirdi düzdü, amma, qəlbimi sındırmayıb heç vaxt. Ona görə də incikliyim olsa da küsməmişəm”.
Bu xəbər üçün şərh yazın