Horadiz əməliyyatından 28 il ötür- ŞƏHİDLƏR ANILDI-FOTOLAR
Azərbaycan Ordusunun Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 28 il ötür.
Faktinfo.az xəbər verir ki,bu münasibətlə Horadiz şəhərində Qəhrəmanlar Parkında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzdən,Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.
Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 21 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilmişdir.
Alı Alıyev vurğulamışdır ki, 2016-cı ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında baş tutan Aprel döyüşləri, 27 sentyabr 2020-ci ildə başlanan və torpaqlarımızın azad olunması ilə nəticələn 44 günlük Vətən müharibəsi Horadiz əməliyyatının davamı olaraq qiymətləndirilməlidir.
Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu, Horadiz əməliyyatının hərb tariximizin ən parlaq səhifələrindən birini təşkil etdiyini qeyd ediblər.
Bu xəbər üçün şərh yazın