İDMANIMIZIN MİNNƏTLİ LEGİONERLƏRİ... - Azərbaycanın onlara ehtiyacı varmı?
Son Paris olimpiadasında güləş üzrə yığmamızın tərkibində bürünc medal qazanan Maqomedxan Maqomedov bu günlərdə Rusiya mətbuatına müsahibəsində Azərbaycana qarşı hörmətsizlik edib.
Daha doğrusu, əksər digər legionerlərin də daxilində olan Azərbaycana qarşı gerçək münasibəti - özgəliyi, hətta saymazlığı və yekəxanalığı büruzə verib...
Rusiyalı jurnalist Maqomedova Azərbaycan Prezidenti ilə görüşü barədə sual verib, ona verilən mükafatlarla maraqlanıb.
Maqomedov isə cavabında saymazyana şəkildə deyib: “Hələ ki, prezident qarşıladı. Mükafat barədə hələ baxacağıq... Düzü, hamı soruşur, hələ ki, bilmirəm nə olacaq”.
Ardınca jurnalsit onu Azərbaycanın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alması münasibətilə təbrik edir və bu ordenin nə demək olduğunu soruşur. Maqomedov yenə eyni tərzdə və istehza ilə belə cavab verir: “Bu orden... Yəqin ki, metroya pulsuz minmək üçündür. Başqa heç nə bilmirəm. Mükafatdır da...”.
Buyurun, bu da “idmanımızın fəxri”.
Doğrudur, sonradan kimlərsə buna başından böyük danışdığını anladıb və o da Azərbaycan xalqından və Prezidentdən üzr istəyib.
Amma Güləş Federasiyasının rəhbərliyinə demək lazımdır ki, buna çatacaq nə varsa, vaxtında versin canını qurtarsın. Adamı mükafatdan başqa heç nə maraqlandırmır və belə görünür ki, alacağının hamısını hələ almayıb. Kimsə buna başa salıb ki, bugünün sabahı da var. Rusiyanı yarışlara buraxmırlar və yaxın gələcəkdə də çətin ki, buraxalar.
Həm də orada idmançılar arasında rəqabət güclüdür, bütün Şimali Qafqaz idmançıları yığmaya düşmək üçün növbəyə düzülüb. Burada gördüyü kefi orada görə bilməyəcək. Azərbaycandan isə hələ çox mükafatlar, pullar, imtiyazlar almaq olar...
Məsələ ondadır ki, “Vətənə xidmət ordeni” verdiyimiz adam Azərbaycanı öz vətəni hesab etmir. Əslində, buna görə onu qınamaq da olmaz. Adam özünü başqa ölkə üçün döyüşən muzdlu döyüşçü kimi görür. Biz də bunu görürük və anlayırıq. Buna baxmayaraq, idmanda da bir sıra başqa sahələrdə olduğu kimi, “şillə ilə üz qızartmaqla” məşğuluq. Belələrini öz adımıza calaq edib dünya arenasına çıxarırıq, bunlar da öz maliyyə imkanı və statistika xatirinə bir-iki medal qazanırlar. Biz isə bundan sonra özümüzü medal sıralamasında bir-iki pillə öndə görüb “xoşbəxtlikdən bihuş oluruq”. Daha bunun kənardan nə qədər eybəcər və gülməli göründüyünü hiss etmirik...
Ümumiyyətlə, bu cür “idman siyaəsti” daha çox “pulunun yerini bilməyən” varlı ölkələrə “yaraşan” məsələdir. Biz isə o qədər də varlı deyilik və həm də zəngin idman tariximiz var. Sadəcə, bu tarixə və idman məktəbimizə sahib çıxan lazımdır...
Azərbaycandakı əksər idman federasiyalarının rəhbərləri öz məmur mahiyyətlərindən çıxış edərək, rahat yol tapıblar. Ordan-burdan, Azərbaycanla heç bir mental əlaqəsi olmayan idmançılar tapıb, Azərbaycan bayrağı altında yarışlara buraxırlar. Sonra da onların nailiyyətlərini öz nailiyyətləri kimi cəmiyyətə, dövlətə sırımağa çalışırlar və fəxrlə bunu elan edirlər.
Nəticədə həmin idman federasiyaları və ümumilikdə idmanımız universitetə ayağı dəyməyən, təhsil almayan, “quşbeyin” övladına pulla diplom alıb, hələ bununla utanmadan fəxr də edən valideynə bənzəyir...
Əlbəttə ki, heç bir azərbaycanlı üçün idmançının hansı millətdən, irqdən olmasının fərqi yoxdur. Özünü doğrudan da Azərbaycan vətəndaşı, geniş mənada azərbaycanlı hesab edən və məhz bizim idman məktəbimizin yetirməsi olan istənilən idmançı gözümüzün işığıdır. Amma Azərbaycandan olmayan birilirini gətirib bizə zorla calaq etməyin heç bir adı, mənası, mahiyyəti, xeyri yoxdur. Bu, bizə qətiyyən başucalığı gətirmir və bunu sözügedən idmançının yuxarıda oxuduğunuz açıqlaması da sübut edir.
Digər yandan, axı güləş buzüstü hokkey deyil ki, onun üçün Rusiyadan legioner gətirək. Bizim əsrlərlə tarixi olan güləşimiz, güləş məktəbimiz varkən başqa ölkədə yetişmiş, nə başı, nə də ürəyi Azərbaycana aid olmayan birisinin milli güləş yığmamızda nə işi var?
Görünür, idmanımıza cavabdeh olan məmurlar görmürlər, yaxud görür, amma özlərini o yerə qoymurlar ki, son illərdə hər olimpiadada medal qazanan öz yerli idmançılarımızın sayı durmadan azalır. Parisdə qazanılan 7 medaldan cəmi ikisi yerli idmançılarımıza, qalan 5-i legonerlərə aiddir. Bu gedişlə, növbəti yarışlarda bütün medalları yalnız legionerlər qazanacaq.
Bunun Azərbaycanın adına, idmanına, imicinə nə xeyri, nə faydası olacaq? Ən əsası o zaman yerli idman məktəblərinə, federasiyalara nə ehtiyac var?
Bu gün gördüyümüz mənzərə budur ki, bir çox idman növlərində öz idmanına, idmançısına lazımınca sahib çıxa bilməyən Azərbaycan legioner idmançılarla fəxr edir, onlarsa Azərbaycanla yox! Azərbaycan onlara hörmət qoyur, onlarsa Azərbaycana yox! Azərbaycan onları sayır, onlarsa Azərbaycanı yox! Azərbaycan onlara mükafat, pul, ev, imtiyazlar verir, onlarsa Azərbaycana statistika xatririnə 1-2 medaldan başaq heç nə!
Ən əsası isə belələri Azərbaycana ürəyini verməyib, vermir və heç zaman da verməyəcək! Lazımdırmı bizə belə süni qələbələr, medallar, canı canımızdan, qanı qanımızdan olmayanların “uğurları” və sonrakı minnətləri?/Azpolitika.info
Bu xəbər üçün şərh yazın