
Xiyarda Bakterioz xəstəliyinə qarşı mübarizə tədbirləri - FOTOLAR
İstixana şəraitində xiyar bitkisində ən geniş yayılmış və təhlükəli xəstəlik bakterioz xəstəliyidir.Bu halda bəzən istixanada olan məhsul itkisi 60-65%~lə xarakterizə olunur.
Bəzi illərdə açıq qruntda becərilən bitkiləri də yoluxdurur. Bakterioz xəstəliyinə kələ-kötür ləkəlik də deyilir. Bu xəstəliyi xiyar bitkisində Pseudomanas syringae pv. lachrymans (Smith znd Bryan) Young et al. törədir. Aeorob, Qrammənfi, spor əmələ gətirməyən bakteriyadır. Məhdud ixtisaslaşmış patogendir.Əlverişsiz şəraitdə daha çox yaşamaq üçün meyvələrin və yarpaqların səthində kapsula da əmələ gətirir.Yoluxmuş meyvələrin əmtəəlik qabiliyyəti pisləşir, saxlanması və transportla daşınması çətinləşir, dad keyfiyyətlər itir. Xəstəlik törədici xiyar bitkisinin yarpaq, meyvə, çiçək və filqə yarpaqlarını yoluxur, bu zaman yarpaqların səthində şəffaf-qəhvəyi nəmli ləkələr formalaşır. Daha sonra ləkələr quruyaraq saralır.Yarpağın alt tərəfində damcı şəklində sarı ekssudat əmələ gəlir. Yarpaqlar torpağa doğru əyilir, soluxmağa başlayır. Xiyar meyvələrinin səthində kiçik dərin olmayan yaralar meydana çıxır. Yüksək rütubət zamanı bu yaralardan bulanıq maye ayrılır. Yoluxmuş meyvələrdə infeksiya toxum kameralarına keçə bilir, bu zaman toxumun və parenximin yaş çürüməsinə səbəb olur.
Patogen üçün ekoloji amillər çox önəmlidir. Yarpaqlarda qalan damcı su, 19-24C temperatur xəstəliyin başlanması üçün şərtdir, lakin 23-27C optimal temperatur hesab olunur. Alimlər qeyd edirlər ki, xəstəliyin mənbəyi yoluxmuş toxumlardır, belə toxumların səthində və ya onların öptüyündə bakteriya 20 ay müddətində həyatilik qabiliyyətini saxlaya bilir.
Mübarizə tədbirləri:
1. Yüksək məhsul almaq üçün istənilən zərərverən orqanizmə qarşı aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir, torpaq düzgün becərilməli, istxana və parnik dezinfeksiya edilməli, səpindən əvvəl toxumlar dərmanlanmalı, davamlı sort, optimal səpin norması və müddəti, növbəli əkin, gübrə və mikroelementlərlə kökdən kənar işləmələr vacib kompleksə daxildir. Ardınca bitki qalıqları məhv edilməli, temperatur rejimi qorunmalı, optimal rütubət təmin edilməli, havalanma yüksək səviyyədə həyata keçirilməlidir.
2. Xəstəliyin ilkin simptomları göründükdə 0,5-0,7%~li bordo məhlulu, kocide, mavi bakır, kuproksat, fitolavin faydalı ola bilir.
İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin,direktoru





Bu xəbər üçün şərh yazın