İlham Əliyev Ucarın icra başçısına xəbərdarlıq etdi - "Bu, dözülməz bir rəqəmdir..."
Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirə zamanı rayonlar üzrə məhsuldarlıq səviyyəsini açıqlayıb.
Bəzi rayonlarda, o cümlədən Ucarda məhsuldarlığın aşağı olduğunu bildirib və bu rayonun icra başçısından izahat istəyib.
Müşavirədə prezidentin çıxışından sitat və icra başçısı ilə dialoq:
-Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir.
Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, ... Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.
Prezident İlham Əliyev: Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.
Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı...məhsuldarlıq tam... pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ....
Prezident İlham Əliyev: Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.
Bu xəbər üçün şərh yazın