"İlham Əliyevin dövlət siyasəti nəticəyönlülüyü ilə seçilir"

"İlham Əliyevin dövlət siyasəti nəticəyönlülüyü ilə seçilir" -Aqiyə Naxçıvanlı

"Ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində bir çox önəmli məsələlərlə bağlı ətraflı açıqlamalar təqdim etmişdir.

İlk növbədə dövlət başçısı Azərbaycan ilə Çin arasında etibarlı münasibətlərə əsaslanan səmimi dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etmiş və bildirmişdir ki, son bir neçə ildə hər iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər bu əlaqələrin daha sürətlə inkişaf etməsinə xidmət edir. Təsadüfi deyil ki, 2022-ci ilin payızında Pekində keçirilmiş “Bir kəmər, bir yol” Sammitində Çinin dövlət başçısı Si Cinpin hörmət əlaməti olaraq cənab Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Həqiqətən də 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan ilə Çinin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı var və ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib."

Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata açıqlamasında ölkə Prezidenti İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində bir sıra önəmli sahələrə diqqət yetirməsinə münasibət bildirərkən  Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat həmçinin qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artması və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsi ilk növbədə Prezident İlham Əliyevin dünya siyasətçiləri arasında hər zaman öz sözünü sonadək tutan dövlət başçısı kimi tanınması ilə təmin olunub:"Ölkə Prezidenti cənab İlham Əliyev indiyədək bütün verdiyi sözləri hər zaman yerinə yetirib. Bu, dövlət başçımızın istər öz xalqına verdiyi vədlərə, istərsə də xarici tərəfdaşlarımızla əldə olunmuş bütün razılıq və anlaşmalara istisnasız aid olunur. Siyasi həyatda tək bircə hal belə olmayıb ki, cənab Prezident İlham Əliyev verdiyi sözün arxasında dayanmasın. Buna görə də möhtərəm Prezidentimizin dövlət siyasəti nəticəyönlülüyü ilə seçilir. Bu gün ölkəmizdə hökm sürən xalq-iqtidar birliyinin əsasında da məhz bu amil durur.Məlumdur ki, yalan vədlərə əsaslanan seçki kampaniyaları heç zaman uğura gətirib çıxarmayıb.Çünki insanlar hər şeyi çox yaxşı başa düşür, yadda saxlayır və düzgün qiymətləndirməyi bacarırlar. Xalq heç zaman öz vədinə əməl etməyən rəhbəri dəstəkləməz. Həmçinin cənab Prezidentə ümumxalq dəstəyini təmin edən digər bir əsas amil də dövlət başçımızın açıq siyasət yürütməsidir. Cənab Prezident İlham Əliyev hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalları yaradır. O cümlədən dövlət başçımızın hər il regionlara təxminən 30-40 səfərinin təşkil olunması insanlarla birbaşa ünsiyyət imkanı verir. Məhz bu səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Bütün bunlar mükəmməl dövlət idarəçiliyinin formalaşmasına zəmin yaradır. Nəticədə ölkəmizdə gedən mütərəqqi proseslər dünya dövlətlərinin də diqqətini cəlb edir. Eyni zamanda da cənab Prezident İlham Əliyev bütün beynəlxalq öhdəliklərin, xarici tərəfdaşlarla əldə olunmuş bütün razılaşmaların son müddəasınadək hər zaman yerinə yetirilməsinə xüsusi diqqət yetirir. Məhz bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə ən etibarlı və arzuolunan tərəfdaş kimi qəbul edilir."


Daha sonra A.Naxçıvanlı bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin durmadan artması ölkəmiz üçün önəmli göstəricidir: “Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu layihənin bir iştirakçısı olaraq artıq öz ev tapşırığını yerinə yetirib və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Lakin Azərbaycanın perspektiv planlarına həmçinin enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq daxildir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu bir daha ölkəmizdə əlverişli biznes şəraitinin yaradıldığını və müsbət investisiya mühitinin mövcudluğunu təsdiq edir. Azərbaycanda xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi artıq şaxələnmə istiqamətində gərəkli addımlar atılır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Dövlət başçısı öz müsahibəsində bu məsələyə də toxunaraq bildirdi ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə məhz yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etmək niyyətindədir. Azərbaycanda böyük bərpaolunan enerji potensialı var. Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Əlbəttə ki, bu səylər birləşdirilərsə, həqiqətən də möhtəşəm nəticələr əldə olunar”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi