"İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdışımız uzaqda deyil" -Kamaləddin Qafarov
“Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir.
Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana böyük coşqu və həvəslə qayıdacaqlar və orada yaşayacaqlar. Möhtərəm dövlət başçımızın dediyi hər kəlmənin vaxtı çatınca reallığa çevrilməsi artıq heç kimdə şübhə doğurmayan bir həqiqətdir. Buna görə də Azərbaycan Prezidentinin Qərbi Azərbaycandan olan soydaşlarımızın yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqları barədə dediklərini artıq bir müjdə kimi dəyərləndirmək lazımdır.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat vurğulayıb ki, ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da yerli xalq olan azərbaycanlıların tarixi izlərini bu torpaqlardan silmək üçün əllərindən gələni ediblər: “ Prezident İlham Əliyev də qeyd etdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər və xəritələr, həmçinin tarixin özü təsdiqləyir. Lakin öz işğalçı siyasətlərini nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışan ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Mövcud olan tarixi sənədlər və xəritələr ermənilərin bütün cəhdlərini boşa çıxarır. Bütün tarixi mənbələr sübut edir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır və indiki Ermənistan ərazisində tarix boyu məhz Azərbaycan xalqı yaşayıb. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə dövlət başçısı işlərin daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparılmasının vacib olduğunu qeyd etmişdir. Cənab Prezident Azərbaycan torpaqlarının, şəhər və kəndlərimizin mərhələ-mərhələ Ermənistana necə verildiyini tarixi faktlarla diqqət mərkəzinə çəkmiş və bu baxımdan xalqımızın XX əsrdə çox böyük faciələr yaşadığını qeyd etmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin özünün ilk qərarlarından biri ilə tarixi Azərbaycan şəhəri olan İrəvanı Ermənistana faktiki olaraq bağışlaması, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi, 1948-1953-cü illərdə xalqımızın növbəti dəfə Qərbi Azərbaycandan, öz tarixi dədə-baba torpaqlarından deportasiya olunması Azərbaycanın başına gələn ən ağrılı-acılı faciələr sırasındadır. Nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Heydər Əliyev 1987-ci ilin noyabr ayında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri öz məkrli planlarını həyata keçirmək üçün fəaliyyətə başladılar. Sovet hökuməti onlara dəstək oldu və Azərbaycanlılar tarixi torpaqları olan Qərbi Azərbaycandan tamamilə qovuldular. Bundan sonra baş vermiş Qarabağın və Şərqi Zəngəzurun işğalı isə növbəti faciəmiz oldu. Lakin Azərbaycan xalqı bu faciələrdən sınmadı. Əksinə, öz müdrik rəhbərinin, öz Prezidentinin ətrafında daha sıx birləşən xalqımız iki il bundan öncə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Lakin Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı təmin edilmədən tarixi ədalətin tam bərpa olunmasından danışmaq hələ tezdir. Məhz buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin çox önəmli olduğunu xüsusi vurğulamışdır.”
Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin gündəmə çıxarmasını vaxtında atılmış addım olduğunu qeyd edən deputat bildirib ki, bu istiqamətdə həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən intensiv iş aparılmalıdır: “Ölkə Prezidenti İlham Əliyev öz çıxışında faktiki olaraq dövlətimiz və xalqımız qarşısında duran növbəti strateji hədəflərlə bağlı konkret açıqlamalar verdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması bu hədəflər sırasında ən önəmli yerlərdən birini tutur. Azərbaycan bu gün bütün imkanlarını səfərbər edərək Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırmaq istiqamətində intensiv iş aparmalıdır. Dövlət başçımızın qeyd etdiyi kimi, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Ermənilərin Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Bu xəyanətkar və qəsbkar millət Rusiya imperiyasının səyləri ilə bizim tarixi ərazilərimizə köçürülüb və sonradan azərbaycanlılarla yanaşı bütün digər yerli xalqları da həmin torpaqlardan qovaraq özü üçün burada dövlət yaradıb. Bütün bunlar tarixi həqiqətlərdir və bu həqiqətləri olduğu kimi bütün dünyaya çatdırmaq hər bir azərbaycanlının borcudur. Cənab Prezident İlham Əliyev doğru olaraq qeyd etdi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Azərbaycanın heç bir ölkənin ərazilərində gözü yoxdur. Lakin bundan sonra Azərbaycan öz haqqının da heç kimdə qalmasına göz yummaq fikrində deyil. Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məqsədinə də mütləq nail olacaq”.
Bu xəbər üçün şərh yazın