"İlham Əliyevin reytinqində azalma olsa, bunun 90 faizi ƏƏSMN-nin “xidməti” olacaq"

"İlham Əliyevin reytinqində azalma olsa, bunun 90 faizi ƏƏSMN-nin “xidməti” olacaq" 

50 redaktorla illik şou: Sahil Babayevin konfransına sözardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ötən gün “50-dən çox media nümayəndəsinin” iştirakı ilə “illik konfransı” nəyə xidmət edirdi?

 

İlk baxışda ictimai sorumluluq, məsuliyyət, son illər bu nazirliyin fəaliyyəti ilə bağlı çoxsaylı suallara aydınlıq gətirilməsi və s. baxımından bu hesabat təqdir edilə bilər.

 

Ancaq mənə maraqlıdır: Hansı hesabat verir? Niyə dəvət edilən jurnalistlərin mütləq əksəriyyəti baş redaktorlar və tanınmış imzalardır? 50 civarında baş redaktoru başına toplamağın hədəfi nədir?

 

İllik hesabat xarakterli ictimai konfransların keçirilməsi ənənəsi çox yaxşı olardı. Ancaq tərtibat və təqdimat doğru seçilməlidir.

 

İllik hesabat xarakterli mətbuat konfransı ənənəsi Rusiya liderinə məxsusdur. Bu il pandemiya səbəbindən o konfransda iştirak edəcək jurnalistlərin sayı 500-ə azaldılıb, ciddi yoxlama, testdən keçəcəklər, suallar sistemləşdiriləcək və Putinin onların qarşısına necə çıxacağına baxarıq.

 

Putinin bu konfranslarına dünyanın böyük media qurumlarından qatılırlar, saatlarla davam edir, dünyanın taleyi ilə bağlı çoxsaylı suallar ünvanlanır və s. Amma bu tədbirə baş redaktorların dəvət edilməsi “ənənəsi” yoxdur: redaksiyalar qeydiyyatdan keçib, suallarını ünvanlamaq üçün müxbir ayırırlar - əlbəttə, onların arasında redaktorlar da ola bilər.

Yəni seçim redaksiyalarındır.

Daha br nümunə də var - Türkiyə ənənəsi. Ərdoğan vaxtaşırı olaraq 3-4 çox nüfuzlu media qurumunun siyasi, iqtisadi analitiklərinin qarşısına çıxır, bir masa arxasında ən sərt, ən naqolay sualları cavablandırır, canlı olaraq.

O tədbirdə də “redaktor dəvəti” deyilən bir ənənə yoxdur. Sadəcə, redaksiyalar özləri müəyyənləşdirir – kimi göndərəcəklər, onlar hansı suallara cavab alacaq...

 

Əgər Sahil Babayev özünü Putinin illik konfransına bərabər bir konfrans keçirmək səlahiyyətində olduğunu zənn edirsə, lap yaxşı: elan edilsin vaxtı, media özü qeydiyyatdan keçsin, canlı yayımda media nümayəndələrinin suallarına cavab versin.

 

Yox, ancaq nüfuzlu media qurumları ilə görüşmək və daha yığcam çərçivədə, daha çevik vaxt ərzində sualları cavablandırmaq istəyirsə, bunun da ənənəsi, qaydası var.

 

Sahil Babayevin hesabat konfransında kimlərə, hansı suallar verməyə imkan tanındı? Hansı ağrılı məsələlər qaldırıldı, Sahil Babayev hansı qeydlər götürdü, ictimaiyyətin qaldırdığı hansı problemləri birbaşa media nümayəndələrindən öyrəndi?

 

Çıxışçılara qədər əvvəlcədən müəyyənləşmişdi: mediadan kim çıxış edəcək və nə danışacaq. 50 media nümayəndəsi o tədbirdə hansı problemi qaldıra bildi?

 

Məsələn, mənə maraqlıdır:

 

1. Qazinin və yaxud müharibə iştirakçısının anasının aylıq 230 manat pensiyasını kəsən bir nazirliyin başında duran Sahil Babayevin öz anasına “şəkərli diabet” diaqnozu ilə təyin edilən aylıq pensiyaya baxışı necədir? Əlbəttə, onun anası da anadır, ana müqəddəsdir və inanmaq istərdim ki, Sahil Babayev o qədər təmiz, vicdanlı işləyir, o qədər maaşa baxan nazirdir ki, onun anasının 230 manata ehtiyacı var. Ancaq müharibədə döyüşüb gələn və hələ düz-əməlli iş tapa bilməyən veteranın anasının o pula nazir anasından, deyəsən, daha çox ehtiyacı olmalıdır axı.

 

2. Müharibə 2020-ci ilin 10 noyabrında bitib. Hələ də pensiya ilə təmin edilməyən minlərlə qazi var və onlar vaxtaşırı olaraq aksiyaya da cəhd edirlər, bəziləri ümumiyyətlə bezib, hər şeyə nifrət edir.

 

Bu problemlər nə vaxt həll ediləcək? Nə vaxta qədər döyüşən oğullar bu hökumətdən narazı salınmaqda və onlarda bütün etdiklərinə nifrət yaratmaqda davam edəcəksiniz?

 

3. Bu nazirlik vaxtaşırı olaraq büdcədən ayrılan vəsaitə qənaət etdiyini bildirir.

 

Nəyə qənaət edirsiniz ki? Hansısa kənddə vaxtında sistemə məlumatlar daxil etməyi unudan və yaxud bunu edə bilməyən Fatmanisə nənənin kəsilən pensiyalarını siz qənaətmi sayırsınız?

 

200 minə yaxın insanın pensiyasını kəsmək büdcəyə qənaət etmək deyil, insanları oda atmaqdır, ac qoymaqdır. O, 200 min insanın ən azı tam yarısının ədalətsiz olaraq pensiyasının kəsildiyinə və yaxud bir neçə ay uzadılaraq, pulsuz qoyulmasına görə qənaət edilən vəsait hökumətə heç bir halda reytinq gətirə bilməz.

 

Qənaət edilən vəsait niyə geri qaytarılır? Dünyanın harasında görülüb ki, sosial müdafiə nazirliyinə büdcədən vəsait ayrıla, o da “qənaət” edib, geri qaytara.

 

Bu ölkədə yoxsullar – xüsusilə indiki bahalıq şəraitində - kifayət qədərdir. “Qənaət edilən” vəsait niyə o vətəndaşlara sosial dəstək layihələri ilə verilmir? Niyə büdcəyə qaytarılır?

 

4. Sosial layihə çərçivəsində insanlara qoyun, inək və s. verilir. Kimsə soruşmadı ki, o damazlıq sayılan qoyunlar və inəklər neçəyə alınır, hardan alınır, hardan gətirilir və necə paylanılır? Dəqiq statistika qoyun ortaya: topdan aldığınız damazlıq qoyunları kim gətirir? Neçəyə gətirir? Niyə o qoyunlar, inəklər bazar qiymətindən iki dəfə bahadır? Kimdir bu milyonları xırıd edənlər? Hanı tenderləriniz? Keçirdiyiniz tenderləri elan edin, sorğulara cavab verin!

Qənaət etmək istəyirsinizsə, damazlıq inəyi 500 manat topdansatış qiymətinə alıb, 1000-1200 manata “aformut” eləməyin, milyonlarla vəsaiti orda çapıb talamayın! Bir inəkdən, bircə inəkdən Fatmanisə nənənin bir illik pensiyası qədər vəsait silib, ciblərə doldururlar. O vəsaitlər düzgün xərclənsə, indiki sosial layihələrin ikiqatını etmək olar, üstəlik, büdcəyə də “qənaət” edərsiniz! Qənaəti burda edin, tikintilərdə edin və qənaət edilən vəsaiti də yenidən insanlara xərcləyin! Bütün məsuliyyəti qurduqları proqramın üstünə atıb, “sistem qəbul etmir”, “sistem belədir” məsuliyyətsizliyi ilə yükü üstündən atmaq olmaz ki! O proqramı quran da, onun naqis işləməsinin səbəbkarı da, pensiyaçıların datalarını vaxtlı-vaxtında “sistemə” daxil etməsinin məsuliyyəti də sizin üzərinizdədir. O jurnalistlərə, xüsusən baş redaktorlara bu şərait yaradıldımı ki, suallar versinlər, debat olsun? Bəs, onda o jurnalistləri niyə dəvət etmişdiniz?

 

Təəssüfüm həm də çox sayğı göstərdiyim media nümayəndələrinin o görüşlə bağlı təəssüratlarını bölüşməməsidir. Sahil Babayevin nağıllarına qulaq asmağamı getmişdiniz ora?

 

Yalnız bir suala “cavabı” var – o da uşaqpulu məsələsi. Nazir iddia edib ki, ölkədə demoqrafik vəziyyət yaxşı olduğu üçün uşaqpulunun verilməsinə ehtiyac yoxdur, həm də bu, büdcəyə baha başa gələ bilər.

Uşaqpulu – yalnız əhalini doğub-törəməyə stimullaşdırmaq üçün deyil, sosial məsələdir, ailələrin sosial yükünü çəkməkdir, dövlətin sosial məsuliyyətidir.

 

Onsuz da əlillik məsələsi kateqoriyalaşıb – bunu da kateqoriyalaşdırın. Məsələn, bir ailədə nə qədər uşaq var və ailənin gəliri nə qədərdir? Uşaqların qidalanması, məktəbə getməsi üçün çətinlik çəkən ailələri müəyyən edin, məhz o uşaqlara vəsait xərcləyin.

 

İlin əvvəlində DSMF-nun rəhbəri elan etdi ki, iki ildə 570 milyon manat vəsaitə qənaət edilərək, büdcəyə geri qaytarılıb.

 

Adam şoka düşür: dövlət sənə vəsaiti geri qaytarmaq üçün ayırmayıb, adam! Sən yol tikmirsən ki, daha səviyyəli yolu ucuz çəkib, pula qənaət edəsən! Sənə dövlət ölçüb-biçib vəsait ayırıb və həmin vəsait dövriyyəyə girərsə, qəti narahat olma, devalvasiya olmaz, inflyasiya baş verməz, dövriyyədə pul kütləsi çoxalmaz.

 

Əhalinin sosial müdafiəsi üçün ayrılan vəsaiti xərcləyə bilməyib, geri qaytaran nazirliyin bütün sistemi dəyişdirilməlidir?

 

İlə 300 milyona yaxın vəsaiti geri qaytarmısan! Niyə? O vəsaiti uşağına süd, pampers ala bilməyən, əyin-baş alıb, məktəbə göndərə bilməyən və s. bu kimi kateqoriyadan olan ailələrə verib, onların dolanışığına dəstək ola bilməzdinmi? “Kateqoriyalaşdırmağa” bir dənəsiniz, bunu da kateqoriyalaşdırın da! Və ilə 300 milyon bu ailələrin başından girib, ayağından çıxar!..

 

Bitməz bu nazirliyin etdikləri. Qoyun-keçini üçqat qiymətə alıb, əhaliyə guya məşğulluq üçün verən, guya əhalinin tənbəl olmamasına çalışan və təsərrüfata cəlb edən nazirlik qazilərin pensiyasını bir ildir “düzəldə bilmir”...

 

Yadıma düşmüşkən: Erməni politoloqlar etiraf edirlər ki, Avropada erməni diasporu İlham Əliyevə təzyiqə çağırışlar edir, bu istiqamətdə ətək-ətək pul xərcləyir. Avropalı liderlərin isə bir cavabı olub: İlham Əliyevin reytinqi 98 faizin üstündədir, belə liderə təsir etmək mümkün deyil; gedin, onun reytinqinin düşməsinə çalışın ki, biz təzyiq edə bilək!

 

Sosial Müdafiə Nazirliyi bu istiqamətdə “müstəsna” xidmət göstərir: əgər sorğu keçirilsə və İlham Əliyevin reytinqində azalma olsa, bunun 90 faizi ƏƏSMN-nin “xidməti” olacaq.

 Ona görə də sual yaranır: siz hansı hökumətə işləyirsiniz?

Anar Niftəliyev

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi