“İmam Mehdi” dələduzluğu, yoxsa rəqiblərinin istintaqa oyunu: - 9 milyonluq suallar…
“Mehdi” deyə, həbs olunan və bir anda haqqındakı hər şey “jurnalist araşdırması” nəticəsində bəlli olan şəxslə bağlı ciddi suallar var:
Daxili İşlər Nazirliyi Bakıda özünü “İmam Mehdi” kimi tanıdıb insanları öz təsiri altına salan, onların külli miqdarda pullarını ələ keçirərək özünə lüks şərait quran Babayev Aqil Zalış oğlu barədə məlumat yayıb. Məlumata əsasən, bu şəxs düz 21 ildir Bakıda “İmam Mehdi” kimi fəaliyyət göstərirmiş və onun təsiri altına düşənlər isə saxta “imam”a hər ay öz gəlirlərindən müəyyən hissəni “xeyirxah əməlləri maliyyələşdirmək üçün” ödəyiblərmiş. Və Aqil Babayev inandırırmış ki, bu pulların əvəzində həmin şəxslərə o dünyada yaxşı şərait yaradılmasını təmin edəcək, başqa sözlə, onları cənnətə saldıracaq…
İki gündən bəri sosial medianın gündəmində olan “Mehdi” məzhəkəsindən öncə yaşananlara diqqət edək.
Avqust ayının 6-da bu xəbər yayılır: “Babayev Aqil Zalış oğlu 08.06.2021-ci il tarixdə 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmiş, bu hadisə ilə bağlı Azərbaycan Respublikası bütün hüquq-mühafizə orqanlarına və onların rəhbərlərinə, o cümlədən Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edilmiş, lakin həmin orqanlar tərəfindən cinayət törətmiş şəxslərin barəsində heç bir tədbir görülməmiş, əksinə onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyini bir qədər də artırmış, artıq Aqil Babayevin 150000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir”.
Ardınca, 19 avqustda Aqil Babayevin həbsi ilə bağlı həyat yoldaşı Nigar Babayeva mətbuata açıqlama verir. A.Babayevin həyat yoldaşı bildirir ki, 2021-ci ilin iyun ayının 7-si axşam saat 22:30 radələrində onun telefonuna həyat yoldaşından mesaj gəlib.
“Həmin mesajda yazılmışdı ki, Anar və Tufan usta ilə bizim Xətai rayonundakı evimizə gələrək mənzilin 5-ci mərtəbəsində iş görəcəklər. Bu səbəbdən yuxarı mərtəbələrə qalxmayın. Onlar yoldaşımın yanında işlədiklərindən mən heç nədən şübhələnmədim. Həmin gün gecə saat 12 radələrində adıçəkilən şəxslər bizim mənzilə daxil olaraq liftlə 5-ci mərtəbəyə qalxdılar. Mən isə iki aylıq körpəmlə evdə tək idim. Anargilin rəngli işıq yandırması məni narahat etsə də mən yuxarıya çıxmadım. Amma onların liftlə dəfələrlə qalxıb-düşdüyünü, nəsə daşıdığını səslərdən anlayırdım. Onlar saat 03:00 radələrinə qədər bizim mənzildə oldular.
Səhər 05:00 radələrində həyat yoldaşım evə gələndə bildim ki, həmin şəxslər Buzovnada bağ evimizə daxil olaraq yoldaşımı girov saxlayıb, onun telefonundan mənə mesaj yazmaqla evə daxil olaraq mənzilimizdən pul, zinət əşyalarını aparıblar. Həyat yoldaşım soyğunçuluq faktı üzrə 102-yə və yuxarı instansiyalara şikayət etsə də, bugünədək gəlib nə hadisə yerindən əl izləri götürülüb, nə də ki hadisə şahidi olaraq məni dindiriblər” – deyə N. Abbasova bildirib.
Onun sözlərinə görə, əksinə şikayətdən sonra soyğunçuluğu törədən şəxslər həyat yoldaşına qarşı yalançı şahidlər toplayıb, A. Babayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq həbs edilib. Aqil Babayevin ailə üzvüləri iddia edir ki, onun milyonlarla pulunu quldurluq yolu ilə aparan şəxslər uzun illər Aqillə dostluq edən, Bakı şəhərindəki ticarət şəbəkələrindən birinin sahibidir.
Sözügedən ticarət şəbəkəsinin Bakıdakı məşhur “Şaurma-1” restoranlarının sahibi Natiq Sadıqov olduğu bildirilir. Qeyd edək ki, baş vermiş soyğunçuluq hərəkətlərinə qədər Aqil Babayev həmin ticarət şəbəkəsinin şəriki olub.
DİN-in məlum bəyanatından sonra isə Aqil Babayevin qardaşı KİV-ə bu sözləri söyləyir:
“Qardaşım Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayıb. Bildirib ki, belə işlərdən əl çəkməsə, qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlməyib. Halbuki, Aqili müəssisəsinə şərikliyə özü dəvət etmişdi. Qardaşımın əvvəlcə bağına soxuldular, onu girov saxlayıb həm bağ, həm də digər evinin açarlarını götürüblər. Telefonlarının yaddaşını siliblər. Telefonundan yoldaşına mesaj göndərərək şəhər evindən 9 milyon manat pul və qızıl zinət əşyalarını götürüblər. Bütün bunlar evdə videokameralara düşüb, əlimizdə də faktlar var”.
A.Babayevin özünü 12-ci İmam Mehdi kimi təqdim etməsinə gəlincə isə S. Babayev bildirib ki, əslində, qardaşı incəsənətə bağlı olub və təşkil etdiyi məclislərdə də din xadimləri iştirak etməyib:
“Mən onun qardaşıyam, illər boyu onun ətrafındakı insanların nə işlə məşğul olduğunu bilirəm. Bu insanlar Aqilin mərhəmətli, mömin olmasından istifadə edib onun çörəyini yeyiblər və ona qarşı əsası olmayan ittihamlarla çıxış edirlər. Bizim əlimizdə çoxlu video görüntülər var ki, bu şəxslər onun təşkil etdiyi şənliklərdə iştirak ediblər. Aqil bayramlarda, ad günlərində və müxtəlif günlərdə məclislər təşkil edirdi. Orada bir nəfər də olsun din xadimi iştirak etməyib. Ancaq incəsənət xadimləri, xalq artistləri, muğam ustaları olub. Aqil musiqiyə bağlı idi, qarmonda, dumbulda ifa etməyi bacarırdı. Özü də namaz qılan, oruc tutan biri idi. Həmçinin dünyəvi işlərdə də aktiv iştirak edirdi. Özünü 12 -ci İmam kimi qələmə verən şəxs dünyəvi məclislərdə iştirak edərdimi? Bu, tamamilə yalandır”.
İşin maraqlı tərəflərindən biri budur ki, Aqil Babayevin özünə qarşı fiziki zor tətbiq edərək söyüb təhqir etməkdə ittiham etdiyi Elnur Mehdiyev, Faiq Abdullayev, Malik Məmmədov, Elmar Orucov və digərləri “İmam Mehdi”nin 21 il ərzində onları cənnət vədi ilə aldatdığını bildirərək zərərçəkən qismində ifadə veriblər.
Bütün bunlar isə aşağıdakı sualları ortaya çıxartmaqdadır:
– Əgər deyildiyi kimi, bu şəxs 20 ildən bəri “imam”dırsa, yayılan ilk xəbərdə 6 dəqiqə şahid ifadələrinə yer verildiyi halda, nə üçün bir ritualına, bu yöndə fəaliyyətinə dair bir video fraqment yoxdur?
– Bu şəxslər illərlə bu şəxsə “köləlik” ediblərsə, birlikdə görüntüləri varmı? Həbs olunanın qardaşı əllərində kifayət qədər videonun olduğunu bildirir, bəs zərərçəkənlər niyə istintaqa yardım üçün belə bir video təqdim etməyiblər? Ediblərsə, niyə ondan kiçik bir hissə belə şahid ifadələri ilə yanaşı paylaşılmayıb?
– Bu şəxsin haqqında bundan əvvəl iki xəbər var. Bunlardan biri adam ölümü ilə nəticələnən avtoqəzadan qaçması ilə bağlıdır. O cinayət işi necə sonuclanıb ki, həmin vaxt həbs olunan bu şəxs yenidən müridləri ilə rituallar keçirtməyə davam edib?
– İkinci və ayrıntıda gizlənən şeytanın axtarılması gərəkən xəbər isə bu şəxsin iyun ayında köhnə ortaqlarını onu öldürməkdə və 9 milyon manatını və digər əmlaklarını ələ keçirtməkdə ittiham etməsidir. Bu günə qədər adı mətbuata bəlli olmayan Babayev Aqil Zalış oğlu məhz bu müraciətini ictimailəşdirəndən sonra iyirmi illik “Mehdi” olduğu şahid ifadələri ilə üzə çıxdı.
Ayrıca, dəlil kimi göstərilən şəxsin arxa fonunda nur, günəş olan şəkillərini istənilən şəxs fotomontaj edə bilər. Əsas bunların rituallarına dair video görüntülərin olmasıdır. Çünki bütün sektalar, cərəyanlarda video qeydiyyat olmazsa-olmazdır. İŞİD, Əl-Qaidə, Hizbullah belə qapalı toplantılarını video ilə çəkməkdədir.
Belə olan təqdirdə, ortada bu şəxsin özünü həqiqətən “Mehdi” elan etdiyi yoxsa polisə bu barədə yalnış istiqamət verildiyi sualı çox müzakirə olunacaq…
Sonda qeyd edək ki, bu şəxslə bağlı onlarla şikayətçi olsa da, məhkəmə bu şəxslərin əksəriyyətini zərərçəkən kimi tanımayıb. Aşağıdakı videodan da bunu görmək olar. Əcəba, niyə?.. Bu qədər şikayətçi varkən, “Mehdi”yə nədən ehtiyac duyulub?../yenicag.az
Bu xəbər üçün şərh yazın