“İnvest M. Construction” MMC ÖZBAŞINA QALIB? - NARAZILIQ!

“İnvest M. Construction” MMC ÖZBAŞINA QALIB? - NARAZILIQ! 

Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulmasından məhkəməyə şikayət edib.

Onlar bildirir ki, ərazidə binalar tikmək istəyən “İnvest M. Construction” MMC sakinləri evsiz qoya bilər. Vətəndaşlar deyir ki, onların razılığı olmadan mənzillərinin boşaldılması tələb edilir. Onlar gələcəkdə aldadılacaqlarından və ərazidəki böyük yaşıllığın məhvindən narahatlıqlarını dilə gətirirlər.

Məsələnin narahatedici tərəfi odur ki, tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökməyə çalışır. Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction” MMC-yə burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib.

Sakinlərin sözlərindən aydın olur ki, onlar razılıqları olmadan, kompensasiya almadan və qanunsuz şəkildə mənzillərindən çıxarılmaları cəhdinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər. Ərizədə qeyd ediblər ki, “İnvest M. Construction” MMC bu layihəyədək tikinti işləri ilə məşğul olmayıb.
Nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan bir şirkətdir. Vətəndaşlar əmin deyil ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Çünki ərazi çox böyükdür, gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər. Məsələn, elə təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.

Vətəndaşların bildirdiyinə görə, sözgedən MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə yuxarıda qeyd edilən ərazilərdə - 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb. Mirqasımovda yaşayan sakinlər isə deyir ki, MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Bununla sakinlərdə belə fikir formalaşdırmaq istəyiblər ki, guya artıq hər yerdən razılıqları var, sakinlər çıxmasa, binadan zorla çıxarılacaqlar. Ancaq məhkəmə 9 iyul 2021-ci il tarixdə şirkətə yasaq qoyub, sakinlərlə razılaşma olmadan söküntünü aparılmasını qadağan edib.

Məhkəmənin qərardadında yazılır: “Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.

Sakinlər deyir ki, onları narahat edən əsas iki məsələdir:

- Tikinti şirkətinin gələcəkdə onların evlə təmin ediləcəyi vədinə inanmırlar, odur ki, mülklərinin dəyərinin tam olaraq ödənilmədiyi, kompensasiya verilmədiyi, yaxud eyni dəyərdə mənzillə qanuni əsaslarla təmin edilmədikləri halda mənzillərini tərk etməyəcəklər. Məsələ ondadır ki, məhkəmə məhz bu əsasla tikintinin dayandırılmasına dair qərardad çıxarıb. Bundan sonra şirkət onlara kompensasiyanı ödəyərsə, mülkiyyətçilərin razılığı əsasında tikinti davam edə bilər, bunun üçün də məhkəmənin yeri qərarı olmalıdır.

- Həmin ərazidə böyük bir yaşıllıq zolağı var. Sakinlər deyir ki, şirkət həmin ağacları tikintiyə qurban verəcək. Çılpaqlaşan Bakı bu hissədə də oksigensiz qalacaq. Habelə vətəndaşlar bildirir ki, əgər burada nəzərdə tutulan tikinti reallaşarsa, 42 saylı orta məktəb də gün işığına həsrət qalacaq, “mühasirəyə” düşəcək...


Musavat.com

“İnvest M. Construction” MMC ÖZBAŞINA QALIB? - NARAZILIQ!“İnvest M. Construction” MMC ÖZBAŞINA QALIB? - NARAZILIQ!“İnvest M. Construction” MMC ÖZBAŞINA QALIB? - NARAZILIQ!
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər