"İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ QARŞI HÖRMƏTSİZLİYƏ SON QOYMALIDIR" - İlham Əliyev

"İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ QARŞI HÖRMƏTSİZLİYƏ SON QOYMALIDIR" - İlham Əliyev 

“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir.

Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”.

Faktinfo.az Report.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”, - Prezident vurğulayıb.

“Avqustun 11-dən sentyabrın 11-dək yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib. Bunun qabağını almaq üçün biz əməli, praktiki addımlara keçdik.

Bizim davranışımız və addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi? İndi orada - Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır.

Bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda və beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, İran TIR-larından rüsum alınır. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidirlər? Ödəməlidirlər”, - Prezident vurğulayıb.

“O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz.

“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?

Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, - Prezident vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər