İranın neft naziri:"Türkiyədən başqa heç bir Avropa ölkəsi İrandan neft almır”
Rəsmi Tehran ABŞ-ın sanksiyalarından sonra İrandan neft almayan Avropa dövlətlərinə sərt reaksiya göstərib.
İranın neft naziri Bijən Namidar Zəncənə ABŞ-ın sanksiyaları çərçivəsində güzəşt tətbiq olunan Avropa dövlətlərindən təkcə Türkiyənin hələ də ölkəsindən neft aldığını deyib.
“ABŞ Yunanıstan və İtaliyaya güzəştə getdi. Lakin buna baxmayaraq, hər iki ölkə İrandan neft almır. Buna dair suallarımız da cavabsız qalır. Türkiyədən başqa heç bir Avropa ölkəsi İrandan neft almır”, – deyə o qeyd edib.
Nazir ABŞ-ın sanksiyaları ilə əlaqədar 1980-ci illərdəki İran-İraq savaşı dövrünə nisbətən daha çətin vəziyyətdə olduqlarını, lakin Birləşmiş Ştatların rəsmi Tehranın neft ixracını sıfıra endirməsinə icazə verməyəcəklərini bildirib.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunacaq.
ABŞ Prezidenti Donald Tramp keçən il mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb(azərtac).
Bu xəbər üçün şərh yazın