Kamaləddin Qafarov: “Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir”

Kamaləddin Qafarov: “Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir” 

Xəbər verildiyi kimi, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub.


   Bu səfərin nəticələri barədə öz fikirlərini bölüşən Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəticələrini möhkəmləndirməkdə və ölkəmizin beynəlxalq mövqeylərini gücləndirməkdə davam edir: “Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkə arasında münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə edilib. Dövlətimizin başçısı bu proseslərə Şarl Mişelin verdiyi dəstəyi yüksək qiymətləndirib. Şübhəsiz, bu dəstək, ilk növbədə, Azərbaycanın bütün bu məsələlərdə tutduğu haqlı mövqeyindən və Prezident İlham Əliyevin irəli sürdüyü təkliflərin ədalətli və bütün tərəflər üçün qarşılıqlı faydalı olmasından qaynaqlanır”.


   Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri Avropa İttifaqının Azərbaycanı son dərəcə vacib, etibarlı və perspektivli tərəfdaş kimi dəyərləndirdiyini bir daha nümayiş etdirdi: “Ölkəmizlə münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi Avropa İttifaqı üçün strateji önəm daşıyır. Bunu dövlət başçımızın Brüssel səfərinin nəticələri bir daha təsdiq etdi. Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprel görüşünün nəticəsinə dair yaydığı bəyanatda da tam olaraq Azərbaycanın mövqelərinin dəstəklənirdi. Həmin bəyanatda Şarl Mişel tərəfindən Ermənistan və Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilirdi. Bu çağırış da birmənalı olaraq Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Çünki bu xüsusda Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq münasibətlərində maraqlı olduğunu hər zaman diqqət mərkəzinə çəkir”.


  Kamaləddin Qafarov mayın 22-də keçirilmiş Brüssel görüşünün nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq deyib: “Bu görüş bir daha sübut etdi ki, Azərbaycan postmünaqişə dövründə də özünün məqsədyönlü fəaliyyətini uğurla davam etdirir və strateji hədəflərinə doğru inamla irəliləyir. Keçirilən müzakirələrin nəticəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün məhz Azərbaycan tərəfindən təqdim olunmuş 5 prinsipin beynəlxalq hüquqa əsaslandığı bir daha öz təsdiqini tapıb və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığı vurğulanıb. Xüsusi olaraq qeyd olunmalıdır ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha diqqət mərkəzinə gətirib. 


   Aktual məsələlərdən biri də sərhədlərin delimitasiyası ilə bağlıdır ki, görüşün nəticələrinə uyğun olaraq, bununla bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Daha bir vacib məsələ kommunikasiyaların açılması ilə əlaqədardır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər barədə razılığa gəlinib. Bu, birmənalı olaraq Azərbaycanın mövqeyinə tam uyğun bir bəyanatdır və kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində ciddi irəliləyişin əldə olunduğunu göstərir. Beləliklə, mayın 22-də Brüsseldə keçirilmiş üçüncü üçtərəfli görüşün nəticələri göstərdi ki, Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir, Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi və Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir”.

  Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi