Kamaləddin Qafarov: “Regional layihələr yenə də Ermənistan üçün əlçatmaz olacaq”
“ Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya infrastrukturunun məhz İran ərazisindən keçməklə layihələndirilməsi Ermənistanın regional və beynəlxalq iqtisadi layihələrdən bir qədər də təcrid olunmasına və bu ölkənun daha da geriləməsinə səbəb olacaq.
Ölkəmizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində yaranmış yeni reallıqlar bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün yeni iqtisadi inkişaf perspektivləri yaratdı. Azərbaycan hər zaman müəyyən şərtlər daxilində məğlub Ermənistana öz iqtisadiyyatını bərpa etmək şansı verə biləcəyini bəyan edib. Lakin bu ölkənin rəhbərliyi, nədənsə, belə bir tarixi şansı dəyərləndirməyə tələsmir. Qəribədir ki, bu gün iqtisadiyyatının, sözün əsl mənasında, reanimasiyaya ehtiyacı olan Ermənistan ona verilən imkanlardan imtina etməklə özünü daha çox dalana sıxışdırmağa üstünlük verir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu günlərdə imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan layihələrin reallaşması ilə bölgədə avtomobil, dəmir yolu, rabitə və elektrik enerjisinin nəqli kimi strateji əhəmiyyət kəsb edən sahələrə yeni bir dinamika gələcək. Bütün regionun nəqliyyat, kommunikasiya strukturunda yeni bir canlanma müşahidə olunacaq. Lakin bütün bu proseslər Ermənistan üçün yenə də əlçatmaz olaraq qalacaq”.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.
Millət vəkili qeyd edib ki, yeni imzalanmış Anlaşma Memorandumu Azərbaycanla və İran arasında iqtisadi-ticari, siyasi sahələrdə münasibətlərin bundan sonra daha sürətli inkişafına böyük töhfə olacaq: “Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu hər iki ölkədə böyük razılıqla qarşılanıb. Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya xətlərinin yaradılmasına başlanılması ilə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yeni bir mərhələyə keçid alacaq. Memorandumda Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur”.
K.Qafarov qeyd edib ki, ötən müddət ərzində Ermənistan tərəfi keçən il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli Bəyanat əsasında yaradılmış birgə komissiyanın işinə müxtəlif əngəllər törətdi. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri, ondan sonra baş verən hadisələr, ümumilikdə üçtərəfli işçi qrupunun öz işinin geniş miqyasda həyata keçirməsinə ciddi maneələr ortaya çıxardı. Ən əsası da Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlə çıxış etmir və üzərinə götürdüyü öhdəliklərin icrasını ləngidir. Hətta Azərbaycan iqtisadi və texniki sahədə əsaslandırmanı Ermənistana təqdim etsə də, hələ də yekun bir nəticə əldə etmək mümkün olmayıb. “Rəsmi İrəvan unutmasın ki, Azərbaycan bu gün öz maraq və mənafeylərini təmin edə bilmək üçün həm regional, həm də beynəlxalq səviyyədə kifayət qədər imkanlara və təsir rıçaqlarına malik bir ölkədir”.
Bu xəbər üçün şərh yazın