Kamaləddin Qafarov: “Türk Dövlətləri Təşkilatının çox gözəl gələcəyi var”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi tarixi əhəmiyyət kəsb edən bir hadisədir.
Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsinin və ərazi bütövlüyünün bərpa olunmasının bütün Türk dünyasına mühüm töhfə olduğu bir daha öz əksini tapıb.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan respublikalarının prezidentləri tərəfindən imzalanmış bu qərarda Azərbaycanın tarixi Qələbəsinin bütün Türkdilli ölkələrin mənafeyi baxımından mühüm tarixi əhəmiyyət kəsb etdiyi vurğulanır: “Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Rəcəb Tayyib Ərdoğan xüsusi qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulması təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Türkiyə Prezidenti vurğulayıb ki, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.”
Kamaləddin Qafarov demişdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev ona təqdim olunan Ali Ordenin bütün Azərbaycan xalqına aid olduğunu bildirdi. Bununla dövlətimizin başçısı bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və bizə əlavə güc verən amil qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq sona qədər bizə göstərdiyi dəstək və mənəvi dayaq olub. Biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Türkiyə Prezidentinin “Azərbaycan bu savaşda tək deyil, Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” deməsi bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, şərəfli missiyamızı yerinə yetirək.”
Millət vəkili qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi iki il müddətində Azərbaycan türk dünyasının birləşməsi işinə böyük töhfələr vermişdir: “Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi iki il müddətində türk dünyasının birləşməsi işinə böyük töhfələr vermişdir. Məhz Azərbaycanın səyləri nəticəsində bu qurum hazırda daha bütöv, daha monolit şəkildə gələcəyə doğru addımlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, noyabrın 12-də İstanbulda keçirilən Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, artıq üzv ölkələrin təşəbbüsü ilə Şura təşkilata çevirirlir və bu təşkilatın çox gözəl gələcəyi var. “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qəbul edilmiş tarixi qərar bu qənaəti daha da qüvvətləndirir. Diqqətəlayiq məqamlardan biri də budur ki, bu təşkilatın təməlində təbii müttəfiqlər dayanır və həm tarix, həm mədəniyyət, həm də milli adət-ənənələr xüsusunda bu birlik zəruri bir alyans kimi öz təzahürünü tapır. Prezident İlham Əliyevin öz çıxışında xüsusi olaraq vurğuladığı məqamlardan biri də bu oldu ki, müasir dünyamızda ən müxtəlif formatlarda təhlükələr daim yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər. Heç bir şübhə yoxdur ki, Türk Dövlətləri Təşkilatının təkcə türkdilli ölkələr və xalqlar üçün deyil, həmçinin bütün dünya üçün önəmi bundan sonra daha da artacaqdır.”
K. Qafarov belə bir məqamı da vurğulayıb ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olması baxımından Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri son dərəcə vacib amildir: “Birmənalı olaraq demək lazımdır ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri bu gün özünün ən yüksək səviyyəsindədir. Azərbaycan ötən əsrin sonlarında artıq ikinci dəfə öz müstəqilliyini bəyan etdikdən sonra keçən illər ərzində, eləcə də əvvəlki tarixi dövrlərdə Azərbaycan və Türk xalqları hər zaman biri-birilərinin həm sevinclərini, həm kədərlərini bölüşüblər. Müasir dövrdə isə ölkələrimiz arasında olan əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəyə gəlməsində bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri böyük rol oynayıb. Məhz dövlət başçıları arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ölkələrimiz, xalqlarımız arasında münasibətlərin inkişafına güclü təkan vermiş oldu. Möhtərəm dövlət başçımızın dediyi kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı...”
Bu xəbər üçün şərh yazın