Kamaləddin Qafarov: “Zəfər paradı illərlə yaddaşlarda qalacaq qürurverici hadisə idi”
“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2003-2020-ci illər ərzində keçdiyi hazırlıq dövrü ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi.
2020-ci ilin sentyabr-noyabr aylarında şanlı ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz “Dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu daim irəli gedir,yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına qol çəkdi. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı, həmin ərazilərdə üçrəngli bayrağımız qalğalandı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.”
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Deputat qeyd edib ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin rəmzi kimi xalqımızın qan yaddaşına əbədi həkk olundu: “Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini “Dəmir yumruq”la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də bu idi ki, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndəm qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi. Zəfər paradı Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha göstərmiş oldu. Bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də bu idi ki, Azərbaycan artıq tək deyil. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi.”
K.Qafarov qeyd edib ki, Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Qələbənin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkı xüsusi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi- ümumilikdə 300-dən çox eksponat- o cümlədən 150-dək ağır texnika- tank, döyüş maşını, artilleriya qurğusu, zenit-raket kompleksi, həmçinin atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyi, həmçinin məğlubedilməz erməni ordusu barədə illər boyunca formalaşdırılan mifi də məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.”
Deputat işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu torpaqları xoş gələcək gözlədiyini xüsusi vurğulayıb: “Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bərpa və quruculuq işlərini yüksək intensivliklə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq həmin ərazilərə etdiyi səfərlər həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu səfərlərin daha bir önəmi də onların mahiyyətində duran haqq-ədalət təntənəsinin təcəssümüdür. Mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımızı bu əzəli-tarixi torpaqlarından məhrum etmək üçün illər boyu çalışdılar. Ərazilərimiz işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qaldı. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. Vətən müharibəsinin gedişində mənfur düşmən ilk gündən ağır məğlubiyyətlərə uğramasının əvəzini çıxmaq üçün mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutub. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar və qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb və ya ciddi ziyan görüb”.
K. Qafarov sonda deyib: “Möhtərəm dövlət başçımızın dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir. Lakin Azərbaycan öz şəhər və kəndlərini tezliklə bərpa edəcək və bu gün müntəzəm olaraq Qarabağa etdiyi səfərləri ilə Prezident İlham Əliyev bu ərazilərin əsil sahiblərinin kim olduğuna dair bütün dünyaya öz mesajlarını göndərir”.
Bu xəbər üçün şərh yazın