Keşlə sakinlərinin 30 illik problemi həll olundu - FOTOLAR
Nizami rayonu Keşlə qəsəbəsinin sakinlərinin həyatı üçün illərdir böyük təhlükə yaradan problem artıq həllini tapıb.
Söhbət 30 ildən çoxdur 100-dən çox mənzilin üzərindən keçən yüksək gərginlikli elektrik xətlərindən gedir.
Faktinfo.az-a bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib.
Deputat bildirib ki, Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/44 ünvanında seçicilərlə keçirdiyi görüşlər zamanı sakinlər qarşılaşdıqları bir sıra problemlərin həll edilməsi üçün köməklik göstərilməsini xahiş ediblər: “Sakinləri ən çox narahat edən problemlərdən biri 30 ildən çoxdur 100-dən çox mənzilin üzərindən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi idi. Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova müraciət etdim. V.Əhmədov müraciətimə operativ reaksiya verərək “Azərişıq” ASC-nin mütəxəssislərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirdi və yüksək gərginlikli elektrik xətlərinin yer altına keçirilməsi üçün yerindəcə göstəriş verdi”. Könül Nurullyeva qeyd edib ki, bu proses kifayət qədər maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, “Azərişıq” problemin operativ şəkildə həllini təmin edəcək. K.Nurullayeva sakinlərin təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşdığına görə, “Azərişıq” rəhbərliyinə təşəkkürünü bildirib.
Bu xəbər üçün şərh yazın