Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Azərbaycan BMT-dən sonra tərkibində ən çox dövləti birləşdirən siyasi təsisata 2011-ci ildə üzv olub.
Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Bu, təbii ki, ölkəmizə olan etimadın, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisi idi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın nüfuzunun möhkəmlənməsi, institusionallaşdırma yolu ilə getməsi üçün müvafiq addımlar atır. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə yönəlib. Bu, Hərəkat çərçivəsində parlament diplomatiyasının daha da inkişafını təmin edəcək. Bakı konfransında çıxışı zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, parlament şəbəkəsi dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlər quracaq.
Məlumdur ki, Azərbaycanın bu təsisata sədrlik müddəti bütün üzv dövlətlərin razılığı ilə uzadılıb. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra QH keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirib. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəydir. Bakı konfransında dövlət başçımız bir daha bəzi ölkələrin bizim haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdini xatırlatdı. Qeyd etdi ki, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan da ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.
Ümumiyyətlə, hərəkata sədrliyi öz üzərinə götürərkən də Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu həssas məqamda da zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə həmin prinsiplərə sadiqliyini nümayiş etdirdi. Bu səbəbdən yekun bəyannamədə də bu toplantı Azərbaycan Prezidentinin dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsü kimi xarakterizə olunurdu. 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirildi.
Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına, hətta Prezident İlham Əliyevin də söylədiyi kimi müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır.
Bu xəbər üçün şərh yazın