Könül Nurullayeva: “Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etməyə haqqı var."
Qlobal Bakı Forumunun bu dəfəki müzakirələrinin “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunması təsadüfi deyil. Dünyanın nüfuzlu siyasətçiləri məhz Bakıda təşkil olunan beynəlxalq platformada sülh və təhlükəsizliyin təmin edilməsi, münaqişələrin həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsi aparmaqla bu prosesə töhfə verməyə çalışır.
Forumda qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparılır. Təbii ki, Azərbaycan bu platformaya ev sahibliyi etməklə yanaşı həm də qlobal sülhə töhfə verən güc kimi öz mövqeyini nümayiş etdirir. Xüsusilə Qarabağ probleminin həllindən sonra yaranmış sülh imkanlarının dəyərləndirilməsi istiqamətində konkret addımlar atılmaqdadır. Bakı bu istiqamətdə Ermənistandan da praktik addımlar gözləyir. Biz 30 illik işğalın nəticələrinə baxmayaraq, yenə sülhü seçirik. Çünki sülh bütövlükdə bizim regionumuza lazımdır. Forumun açılışında Prezident İlham Əliyevin də söylədiyi kimi, “Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.”
Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat:"Təbii ki, Zəngəzur dəhlizi sülhün fundamental elementidir və bu məsələ ilə bağlı forum iştirakçılarının da diqqətinə çatdırıldı ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Bu, əslində şərtdən daha çox reallıqdır. Azərbaycanın qalib ölkə kimi bunu tələb etməyə haqqı var."
Qlobal Bakı Forumunda yarıtmaz Minsk Qrupunun gələcək fəaliyyətilə bağlı Azərbaycanın mövqeyi bir daha bıəyan olundu. Reallıq budur ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Dövlət başçımız “Bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır” Qlobal Forumun tribunasından bəyan etdi. Bu məsələdə də rəsmi Bakı haqlıdır. Çünki nəinki Azərbaycan, heç bir ölkə bu cür yarıtmaz fəaliyyətlə barışa bilməz.
Bütövlükdə götürdükdə dünyada təhlükəsizliyin və sülhün təmin olunması, kommunikasiyaların inkişaf etdirilməsilə bağlı Bakı Forumunda səslənən çağırış və mesajlar perspektivdə vacib qərarların qəbul edilməsinə əlverişli imkan yaradacaq. Bu mənada bu platformada aparılan müzakirələri daha təhlükəsiz dünya naminə atılan addım kimi dəyərləndirmək olar.
Bu xəbər üçün şərh yazın